1Rəbb bəyan edir: «Ey İsrail, əgər geri qayıtsan, Mənə tərəf qayıtsan, İyrənc bütlərini önümdən götürsən, Bir daha sərgərdan gəzməsən,
2Həqiqət, ədalət və doğruluqla “Var olan Rəbbə and olsun!” deyə and içsən, O zaman millətlər Rəbb vasitəsilə bərəkət alacaq, Onunla öyünəcək».
3Çünki Yəhuda adamlarına və Yerusəlimə Rəbb belə deyir: «Özünüz üçün təzə əkin yeri şumlayın, Ancaq tikanlar arasında əkməyin.
4Ey Yəhuda adamları və Yerusəlimdə yaşayanlar, Özünüzü Rəbb üçün sünnət edin, Ürəyinizin sünnət ətini kəsin. Yoxsa pis əməllərinizə görə Qəzəbim od kimi püskürüb yandıracaq, Söndürən olmayacaq.
5Yəhudada elan edin, Yerusəlimdə car çəkib deyin: “Ölkədə şeypur çalın!” Ucadan qışqırıb söyləyin: “Gəlin toplanıb Qalalı şəhərlərə girək!”
6“Siona qaçın” deyə bayraq qaldırın, Qaçıb qurtulun, dayanmayın. Çünki Mən şimaldan Bəla və böyük qırğın gətirəcəyəm».
7Aslan yuvasından çıxdı, Millətləri məhv edən yola düşdü. Öz yerindən çıxdı ki, Ölkənizi viran etsin. Şəhərləriniz yerlə yeksan olacaq, Orada sakin qalmayacaq.
8Buna görə də çul geyinin, Yas tutub ağlayın. Çünki Rəbbin qızğın qəzəbi Bizdən dönmədi.
9«O gün padşahın və başçıların Ürəyi gedəcək» Rəbb belə bəyan edir. «Kahinlər çaşacaq, Peyğəmbərlər karıxacaq».
10Mən dedim: «Ah, ey Xudavənd Rəbb! Bu xalqı və Yerusəlimi tamamilə aldatdın. “Sizin üçün əmin-amanlıq olacaq” dedin, halbuki qılınc boğazımıza dirəndi».
11O vaxt bu xalqa və Yerusəlimə deyiləcək: «Səhradakı çılpaq təpələrdən əziz xalqıma tərəf isti bir külək əsir. Bu külək dən sovurmayacaq, taxıl təmizləməyəcək.
12Mənim əmrimlə bundan da güclü bir külək əsəcək və Mən indi onlara Öz hökmümü bildirəcəyəm».
13Budur, düşmən buludlar kimi gəlir, Onun döyüş arabaları qasırğa kimi yüksəlir, Atları qartallardan iti gedir. Vay halımıza! Çünki bərbad olduq.
14Ey Yerusəlim, ürəyini pislikdən yuyub-təmizlə ki, xilas olasan. Bəd fikirlərin nə vaxta qədər içində qalacaq?
15Artıq Dandan bir səs gəlir, Efrayimin dağlıq bölgəsindən bəd xəbər eşidilir.
16«Millətlərə elan edin, Yerusəlimə xəbər çatdırın ki, Uzaq bir ölkədən gələn qoşun onu mühasirəyə alacaq, Yəhuda şəhərlərinin önündə nərə çəkəcək.
17Onlar tarla nəzarətçiləri kimi hər tərəfdən şəhərə doğru gəlir, Çünki o Mənə qarşı üsyan etdi» Rəbb belə bəyan edir.
18«Bunları sənin başına gətirən öz işlərin, öz əməllərindir. Cəzanın acısı lap ürəyinə çatıb.
19Ah, sinəmdəki dərdim! Əzabdan qıvrılıram. Ah, qəlbim, qəlbim çırpınır, susa bilmirəm. Çünki, ey canım, şeypur səsini, döyüş nərəsini eşidirəm.
20Qırğın üstünə qırğın gəlir, Bütün ölkə xaraba qalıb. Çadırlarım qəflətən, Pərdələrim bir anda dağıdıldı.
21Nə vaxta qədər bayraq görəcəyəm, Boru səsi eşidəcəyəm?
22Həqiqətən, xalqım ağılsızdır, Məni tanımır. Onlar cahil övladlardır, Dərrakələri yoxdur, Ağılları pislik etməyə çatır, Yaxşılıq etməyin nə olduğunu bilmirlər.
23Yer üzünə baxdım, Quruluşsuz və boşdur. Göylərə baxdım, İşıqları yoxdur.
24Dağlara baxdım, titrəyirdilər, Bütün təpələr yerlərindən qopurdu.
25Baxıb gördüm ki, bir adam qalmayıb, Göydəki quşların hamısı uçub getmişdir.
26Baxıb gördüm ki, bəhərli torpaq Səhraya çevrilib, Rəbbin önündə bütün şəhərləri Onun qızğın qəzəbi ilə dağılıb».
27Bəli, Rəbb belə deyir: «Bütün ölkə viran olacaq, Ancaq tam məhv olmasına yol verməyəcəyəm.
28Buna görə yer yas tutacaq, Yuxarıda göylər qaralacaq, Çünki bunu Mən demişəm, Fikrimdən daşınmayacağam, Sözümdən dönməyəcəyəm.
29Bütün şəhərlərin əhalisi Süvarilərin və oxatanların Gurultusundan qaçacaq. Onlar sıx meşələrə girir, Qayalara dırmaşır. Bütün şəhərlər tərk edilmiş, Orada kimsə yaşamır.
30Bəs sən ey viran şəhər, nə edəcəksən? Qırmızı paltar geyinsən də, Qızıl bəzəklər taxsan da, Gözlərinə sürmə sürtsən də, Əbəs yerə özünü bəzəyirsən. Sənə oynaşların xor baxır, Canını almaq istəyir.
31Mən bir səs eşidirəm: Sanki doğuş ağrısı çəkən, Birinci dəfə doğan qadının – Əllərini uzatmış, Nəfəsi kəsilmiş Sion qızının səsidir. O deyir: “Vay halıma! Qatillərin önündə Canım taqətdən düşdü”.