Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yeremya

Yeremya 13

Help us?
Click on verse(s) to share them!
1Rəbb mənə belə dedi: «Get özünə bir kətan qurşaq al və belinə bağla, amma onu suya qoyma».
2Mən Rəbbin sözünə görə qurşaq aldım və belimə bağladım.
3Mənə yenə Rəbbin sözü nazil oldu:
4«Belindəki aldığın qurşağı götürüb qalx və Fərat çayına tərəf get. Onu orada qayanın oyuğunda gizlət».
5Mən gedib Rəbbin əmr etdiyi kimi onu Fərat çayının yaxınlığında gizlətdim.
6Uzun müddət sonra Rəbb mənə dedi: «Qalx Fərat çayına tərəf get və sənə gizlətməyi əmr etdiyim qurşağı oradan götür».
7Mən Fərat çayına tərəf getdim və qurşağı gizlətdiyim yerdən qazıb götürdüm. Gördüm ki, qurşaq çürüyüb və daha heç nəyə yaramır.
8O zaman mənə Rəbbin bu sözü nazil oldu:
9«Rəbb belə deyir: “Yəhudanın təkəbbürünü və Yerusəlimin böyük qürurunu beləcə çürüdəcəyəm.
10Sözlərimə qulaq asmayan, inadkarlıqla ürəklərinin istədiyinə uyan, başqa allahlara qulluq və səcdə edərək onların tərəfdarı olan bu pis xalq heç bir şeyə yaramayan həmin qurşaq kimi olacaq”.
11Rəbb deyir: “Qurşaq insanın belinə necə yapışırsa, bütün İsrail nəslini və Yəhuda nəslini Özümə eləcə yapışdırdım ki, Öz xalqım olub Mənə şöhrət, tərif və izzət gətirsinlər, ancaq onlar qulaq asmadı”.
12Buna görə onlara bu sözü çatdır ki, İsrailin Allahı Rəbb belə deyir: “Hər tuluq şərabla dolacaq”. Onda sənə deyəcəklər: “Hər tuluğun şərabla dolacağını biz də bilmirikmi?”
13O zaman onlara söylə ki, Rəbb belə deyir: “Bütün bu ölkədə yaşayanları, Davudun taxtı üzərində oturan padşahları, kahinləri, peyğəmbərləri, bütün Yerusəlimdə yaşayanları sərxoş olana qədər şərabla doyduracağam”.
14Rəbb bəyan edir: “Mən onları ata və oğulları ilə birlikdə bir-birlərinə çırpacağam. Onlara rəhm etməyəcək, aman verməyəcək, həlak etməyə heyfsilənməyəcəyəm”».
15Eşidin və qulaq asın, Qürurlu olmayın, Çünki Rəbb belə söylədi.
16Nə qədər ki qaranlıq çökdürməyib, Zülmət dağlarında ayaqlarınız büdrəməyib, Allahınız Rəbbi izzətləndirin. Siz işıq gözləyirsiniz, Amma Rəbb onu ölüm kölgəsinə çevirər, Dərin zülmətə döndərər.
17Ancaq siz ona qulaq asmasanız, Gözlərim acı-acı yaş tökəcək, Göz yaşları sel kimi axacaq. Çünki Rəbbin sürüsünü Sürgün etdilər.
18Padşaha və onun anasına söylə: «Taxtınızdan enin, Çünki şərəf tacınız başınızdan düşdü».

19Negev şəhərlərinin darvazaları bağlandı, Açan yoxdur. Bütün Yəhuda sürgün edildi, Hamı sürgün edildi.
20Başınızı qaldırıb Şimaldan gələnləri görün. Sənə verilən sürü, Sənin gözəl sürün haradadır?
21Rəbb müttəfiq kimi hazırladığın adamları Sənə hakim qoyanda nə deyəcəksən? Məgər doğan qadının çəkdiyi sancı kimi Səni də ağrı tutmayacaqmı?
22Əgər ürəyində «Bütün bunlar nə üçün başıma gəldi» desən, Bil ki, günahının çoxluğundan Ətəklərin qaldırıldı və zorlandın.
23Kuşlu öz dərisini, Bəbir öz xallarını dəyişdirə bilərmi? Pislik etməyə alışmış Siz də yaxşılıq edə bilməzsiniz.
24«Bundan ötrü səni çöl küləyi ilə Sovrulan saman çöpü kimi səpələyəcəyəm.
25Sənə düşən püşk, Mənim sənə ayırdığım pay budur» Rəbb belə bəyan edir. «Çünki Məni unutdun, Yalana güvəndin.
26Bundan ötrü Mən də sənin ətəklərini Üzünə qaldıracağam ki, Ayıbın görünsün.
27Çöldəki təpələr üzərində Gördüyün iyrənc işləri, Zinakarlığını, şəhvətlə kişnəməyini, Həyasız əxlaqsızlığını gördüm. Vay halına, ey Yerusəlim! Sən nə vaxta qədər Təmizlənə bilməyəcəksən?»