1Rəbbin sizə söylədiyi sözü eşidin, ey İsrail nəsli!
2Rəbb belə deyir: «Başqa millətlərin yolu ilə getməyin, Göy əlamətlərindən qorxmayın, Bunlardan başqa millətlər qorxur.
3Çünki xalqların adətləri boş şeydir. Meşədə ağac kəsirlər, Usta əli kəski ilə onu düzəldir.
4Sonra qızıl-gümüşlə bəzəyirlər, Çəkiclə, mıxla bərkidirlər ki, Yerindən tərpənməsin.
5Bütləri xiyar bostanındakı müqəvva kimi Danışa bilmir. Onları daşımaq lazımdır, Çünki gedə bilmirlər. Onlardan qorxmayın, Çünki nə pislik edə bilərlər, Nə də yaxşılıq».
6Sənin kimi Allah yoxdur, ya Rəbb. Sən böyüksən, əzəmətdə adın ucadır.
7Ey millətlərin Padşahı, Sənə kim hörmət etməz? Sənə hörmət yaraşır, Çünki millətlərin bütün müdrikləri arasında, Bütün ölkələrində Sənin kimisi yoxdur.
8Bütlərə səcdə edənlərin hamısı Ağılsız və axmaqdır, Boş şeylərdən təlim alırlar. Büt bir ağacdır!
9Tarşişdən döyülmüş gümüş, Ufazdan qızıl gətirilir. Ustanın və zərgərin əli ilə düzəldilən bütə Bənövşəyi və tunc qırmızı paltar geyindirilir. Hamısı bacarıqlı toxucu işidir.
10Ancaq Rəbb həqiqi Allahdır. Var olan Allahdır, Əbədi Padşah Odur. Qəzəbindən dünya titrəyər, Hiddətinin qarşısında Millətlər dura bilməz.
11Allah mənə dedi ki, onlara belə söylə: «Yeri və göyü yaratmayan allahlar yer üzündən və göyün altından yox olacaq».
12Rəbb qüdrəti ilə yer üzünü yaratdı, Hikməti ilə dünyanı qurdu, Dərrakəsi ilə göyləri yaydı.
13O gurlayanda göylərdəki sular çağlayır, Yerin ucqarlarından buludları yüksəldir, Yağış üçün şimşək çaxdırır, Anbarlarından külək çıxarır.
14Hər kəs ağılsız oldu, Bilikləri qalmadı. Hər zərgər düzəltdiyi bütdən utanacaq, Çünki onun tökdüyü büt puçdur, Onda nəfəs yoxdur.
15Onlar boş şey, Masqaraçıların işidir. Cəza vaxtı məhv olacaqlar.
16Yaquba Nəsib Olan isə onlara bənzəməz, Çünki hər şeyi yaradan Odur. İsrail Onun irs qəbiləsidir, Onun adı Ordular Rəbbidir.
17Ey sən mühasirəyə alınan şəhərdə yaşayan, Şələ-küləni yerdən yığışdır.
18Çünki Rəbb belə deyir: «Mən bu dəfə ölkənin sakinlərini Sapandla kənara atacağam. Onları dara salacağam ki, Düşmən əlinə keçsinlər».
19Əzabıma görə vay halıma! Yaram sağalmaz. Ancaq mən dedim: «Həqiqətən, bu mənim dərdimdir, Mən də ona dözməliyəm.
20Çadırım yıxıldı, Bütün iplərim qopdu. Uşaqlarım məni tərk etdi, Onlar artıq yoxdur. Çadırımı quran, pərdələrimi asan qalmadı.
21Çünki xalqın çobanları ağılsız oldu, Rəbdən soruşmadılar. Buna görə də uğur qazanmadılar, Bütün sürüləri dağıldı.
22Dinləyin, bir xəbər yayılır: Şimal ölkəsindən böyük gurultu gəlir ki, Yəhuda şəhərlərini xarabalığa, Çaqqal yuvasına çevirsin.
23Ya Rəbb, bilirəm ki, İnsanın ömrü öz əlində deyil. Addımlarını düzəltmək Gedən adamın işi deyil.
24Mənə cəza ver, ya Rəbb, Ancaq qəzəbinlə yox, ədalətinlə. Yoxsa məni heçə çıxardarsan.
25Qəzəbini Səni tanımayan millətlərin, Adını çağırmayan tayfaların üzərinə tök. Çünki onlar Yaqub nəslini yedi, Onu yeyib-qurtardı, Yurdunu viran etdi».