1Rəbb Babil və Xaldey ölkəsi barədə Yeremya peyğəmbər vasitəsilə bu sözləri nazil etdi:
2«Millətlərə bildirib elan edin. Bayraq qaldırıb xəbər verin, Heç nəyi gizlətməyin! Deyin ki, Babil ələ keçiriləcək, Bel allahı utandırılacaq, Marduk allahı dəhşətə düşəcək, Bütləri alçaldılacaq, Məbudları parça-parça olacaq.
3Çünki onun üstünə şimaldan Bir millət hücum edəcək, Ölkəsini viran edəcək. Orada yaşayan olmayacaq, İnsan da, heyvan da qaçıb gedəcək».
4Rəbb bəyan edir: «O gün, o zaman İsrail xalqı ilə Yəhuda xalqı Birlikdə gələcək, Onlar ağlaya-ağlaya gəlib Özlərinin Allahı Rəbbi axtaracaq.
5Üzləri Siona tərəf Oraya gedən yolu soruşacaqlar, Onlar gəlib unudulmaz, əbədi bir əhdlə Rəbbə bağlanacaq.
6Xalqım itmiş qoyunlar kimidir, Çobanları onları azdırdı, Dağlarda özbaşına dolandırdı, Onlar dağdan təpəyə getdi, Yatdıqları yeri unutdu.
7Kim onları tapdısa, yedi. Düşmənləri dedi: “Biz təqsirkar deyilik, Çünki onlara əsl otlaq olan Rəbbə – Atalarının Ümidgahı Rəbbə qarşı günah etdilər”.
8Babildən qaçıb qurtarın! Xaldey ölkəsini tərk edin, Sürüyə yol göstərən təkə kimi olun!
9Çünki Mən şimal ölkəsindən Babilə qarşı böyük millətlər ittifaqını Oyandırıb çıxaracağam. Babilin önündə düzülüb Onu şimaldan ələ keçirəcəklər. Oxları mahir döyüşçü oxları kimi olacaq, Heç biri əliboş qayıtmayacaq.
10Xaldey ölkəsi qarət olunacaq, Onu qarət edənlər maldan doyacaq» Rəbb belə bəyan edir.
11«Ey irsimi talayanlar, İndi ki sevinib şadlıqla coşursunuz, Xırmanda taxıl döyən düyə kimi tullanırsınız, Ayğır kimi kişnəyirsiniz,
12Ananız çox utanacaq, Sizi doğanın üzü qızaracaq. Xaldey millətlərin ən zəifi, Quraq, boz bir səhra olacaq.
13Rəbbin qəzəbi üzündən Heç kəs orada yaşamayacaq, Tamamilə viran olacaq. Hər keçən Babilin aldığı Bütün yaraları görəndə Heyrət içində fit çalacaq.
14Ey bütün kaman çəkənlər, Babilin ətrafında döyüş üçün düzülün. Oraya ox atın, oxunuzu əsirgəməyin. Çünki o, Rəbbə qarşı günah etdi.
15Hər tərəfdən ona qarşı nərə çəkin, O təslim oldu, Qüllələri yıxıldı, divarları uçuldu. Çünki bu, Rəbbin qisasıdır. Ondan qisas alın, O nə etdisə, başına onu gətirin.
16Babildə əkinçiləri məhv edin, Biçin vaxtı oraqçıları rədd edin. Zalımların qılıncı üzündən Hər kəs öz xalqının yanına qayıtsın, Hamı öz ölkəsinə qaçsın.
17İsrail dağılmış bir sürüyə bənzər, Onu aslanlar qaçırtdı. Onu əvvəl Aşşur padşahı yedi, Sonra Babil padşahı Navuxodonosor Onun sümüklərini qırdı».
18Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Aşşur padşahını necə cəzalandırdımsa, Babil padşahı ilə ölkəsini də Eləcə cəzalandıracağam.
19Lakin İsraili yenə öz otlağına gətirəcəyəm, O, Karmeldə və Başanda otlayacaq. Efrayim və Gilead dağlıq bölgələrində İstədiyi qədər yeyib-doyacaq.
20O gün, o zaman İsraildə təqsir axtarılacaq, Ancaq olmayacaq. Yəhudada da günah axtarılacaq, Ancaq tapılmayacaq. Çünki salamat qoyduğum adamları bağışlayacağam» Rəbb belə bəyan edir.
21«Meratayim torpağına, Peqodda yaşayanlara hücum et. Onları təqib edib öldür, Bütünlüklə yox et» Rəbb belə bəyan edir. «Sənə nə buyururamsa, hamısını et.
22Ölkədə müharibə və böyük qırğın Gurultusu eşidilir.
23Bütün dünyanın gürzü Necə də qırılıb parçalandı! Babil necə də millətlər arasında Viranə oldu!
24Sənin üçün tələ qurdum, ey Babil, Sən də bilmədən tələmə düşdün. Tutulub yaxalandın, Çünki Rəbbə qarşı çıxdın.
25Rəbb cəbbəxanasını açdı, Qəzəbinin silahlarını çıxartdı. Çünki Ordular Rəbbi Xudavəndin Xaldey ölkəsində edəcəyi bir iş var.
26Hər yandan ona hücum edin, Anbarlarını açın, Mallarını qalaq-qalaq yığın. Onu tamamilə məhv edin, Ondan bir şey qalmasın.
27Bütün buğalarını kəsin, Sallaqxanaya getsinlər. Vay onların halına! Çünki onların günü, Cəza vaxtı gəldi.
28Allahımız Rəbbin qisasını, Onun məbədinin qisasını Sionda elan etmək üçün Babil ölkəsindən qaçıb qurtaranların Səsini eşidin!
29Bütün oxçuları, kaman çəkənləri Babilə qarşı çağırın. Ətrafını mühasirəyə alın, Heç kəs qaçıb qurtara bilməsin. Ona işlərinə görə əvəz verin. O nə etdisə, başına onu gətirin. Çünki Rəbbə, İsrailin Müqəddəsinə qarşı Məğrurluq etdi.
30Buna görə də cavanları Meydanlarda həlak olacaq, O gün bütün döyüşçüləri susdurulacaq» Rəbb belə bəyan edir.
31«Budur, Mən sənə qarşıyam, ey məğrur» Ordular Rəbbi Xudavənd belə bəyan edir. «Çünki sənin günün, Səni cəzalandıracağım vaxt gəldi.
32Məğrur büdrəyib-yıxılacaq, Onu qaldıran olmayacaq, Şəhərlərinə od salacağam, Bütün ətrafda olanları Yandırıb yox edəcək».
33Ordular Rəbbi belə deyir: «Bütün İsrail xalqı da, Yəhuda xalqı da əziyyət çəkir. Onları əsir tutanlar möhkəm saxlayır, Buraxmaq istəmir.
34Amma onların Satınalanı güclüdür, Onun adı Ordular Rəbbidir. Rəbb mütləq onların işinə baxacaq ki, Ölkəyə rahatlıq versin, Amma Babil sakinlərinə təşviş gətirsin».
35Rəbb bəyan edir: «Xaldeylilərə qarşı qılınc gəlsin! Babildə yaşayanlara, Babil başçılarına, Müdriklərinə qarşı qılınc gəlsin!
36Yalançı peyğəmbərlərə qarşı qılınc gəlsin! Axmaqlıqları üzə çıxacaq. Döyüşçülərinə qarşı qılınc gəlsin! Onlar çaşqınlığa düşəcək.
37Atlarına, döyüş arabalarına, Aralarındakı yadelli muzdlulara qarşı qılınc gəlsin! Hamısı arvad kimi ürkək olacaq. Xəzinələrinə qarşı qılınc gəlsin! Onlar qarət ediləcək.
38Sularına quraqlıq gəlsin! Onlar quruyacaq. Çünki Babil bütlər ölkəsidir, Onlar qorxunc bütlərlə dəli oldu.
39Buna görə də orada vəhşi heyvanlar, Çaqqallar, bayquşlar yaşayacaq, Daha insan yaşamayacaq, Əbədi olaraq orada heç kəs sakin olmayacaq.
40Sodomla Homorranı və ətrafındakı kəndləri Allah necə dağıtdısa, Orada kimsə yaşamayacaq, O yerdə bəşər oğlu sakin olmayacaq.
41Budur, şimaldan bir ordu gəlir, Dünyanın uzaq yerlərindən Böyük bir millət və çoxlu padşahlar Hərəkətə gəlir.
42Onlar ox-kaman və nizə ilə silahlanmış, Qəddar və rəhmsizdir. Atların üstündə gələrkən Səsləri dəniz kimi gurlayır. Döyüşə hazır döyüşçülər Önündə düzüləcək, ey Babil xalqı!
43Babil padşahı onların xəbərini eşitdi, Əlləri yanına düşdü. Doğan qadın kimi Onu üzüntü və sancı bürüdü.
44Budur, aslan İordan çayının kənarındakı sıx meşədən Yaxşı sulanan otlağa qalxdığı kimi Mən də Xaldeyliləri bir anda öz yurdundan qovacağam. Seçib ona rəhbər qoyacağım adam kimdir? Mənim kimisi varmı? Mənimlə dava edəcək, Mənim qabağımda duracaq Bir çoban varmı?»
45Buna görə də Rəbbin Babilə qarşı fikrini, Xaldey ölkəsinə qarşı məqsədini eşidin: «Sürünün ən kiçikləri də sürgün ediləcək, Xalqına görə otlaqlar səhraya çevriləcək.
46“Babil süqut etdi” səsindən yer üzü titrəyəcək, Millətlər arasında onun fəryadı eşidiləcək».