1Yəhudanın günahı dəmir qələmlə yazıldı, Ürəklərinin lövhələri və qurbangahlarının buynuzları üzərinə Almaz uclu alətlə həkk edildi.
2Onlar kölgəli ağacların yanında, Yüksək təpələrdə, çöldəki dağlarda Qurbangahlarına və Aşera bütlərinə Öz uşaqlarına göstərdikləri qədər maraq göstərir.
3Sənin mal-dövlətini, Bütün xəzinələrini, səcdəgahlarını Ölkənin hər tərəfində işlənən günahlardan ötrü Qarətə təslim edəcəyəm.
4Sənə verdiyim irsi Öz qəbahətinlə yox edəcəksən. Tanımadığın ölkədə səni Düşmənlərinə qul edəcəyəm. Çünki siz Mənim qəzəbimdən Od alışdırdınız, O əbədi yanacaq».
5Rəbb belə deyir: «O adam lənətlidir ki, İnsana güvənir, Bəşərin gücünə arxalanır, Ürəyi Rəbdən ayrılır.
6O, çöldəki yulğun ağacı kimi olacaq, Xeyir gələndə onu görməyəcək. Səhrada olan quraq yerlərdə Heç kəs yaşamayan şoranlıqda sakin olacaq.
7Nə xoşbəxtdir o adam ki Rəbbə güvənir, Rəbbi özünə arxa sayır.
8O, sular kənarında Əkilmiş ağac kimi olacaq. Elə ağac ki çay kənarında kök salar, İsti gələndə qorxmaz, Yarpağı həmişə yaşıl qalar, Quraqlıq olan il qayğı çəkməz, Bəhər verməkdən qalmaz».
9İnsan ürəyi hər şeydən hiyləgərdir, Çarəsi yoxdur. Onu kim başa düşə bilər?
10«Mən Rəbb ürəyi yoxlayıram, İnsanın fikrini sınayıram ki, Hər kəsə əməllərinə görə, İşlərinin bəhrəsinə görə əvəz verim».
11Haqsızlıqla var-dövlət toplayan adam Özünün yumurtlamadığı yumurtaların üstünə Oturan kəklik kimidir. Ömrünün ortasında var-dövləti əldən gedəcək, Axırda o adam axmaq çıxacaq.
12Müqəddəs məkanımızdakı yer Əvvəlcədən ucaldılmış izzət taxtıdır.
13Ya Rəbb, İsrailin Ümidgahı, Səni tərk edənlərin hamısı utanacaq. Rəbb deyir: «Məndən üz döndərənlərin adı Toz-torpağa yazılacaq, Çünki Rəbbi – axar sular mənbəyini tərk etdilər».
14Ya Rəbb, mənə şəfa versən, Mən sağalaram. Məni xilas etsən, Mən xilas olaram. Çünki həmd etdiyim Sənsən.
15Bax onlar mənə «Rəbbin sözü hanı? Qoy yerinə yetsin!» deyir.
16Mən Sənin xidmətində Çoban olmaqdan boyun qaçırmadım. Bəla gününün gəlməsini istəmədim. Sən bilirsən ki, Ağzımdan nə çıxdısa, Sənin gözünün önündədir.
17Məni dəhşətə salma, Fəlakət günündə sığınacağım Sənsən.
18Qoy məni təqib edənlər utansın, Mənsə utanmayım. Qoy onlar qorxuya düşsün, Mən isə qorxmayım. Qara günü onların başına gətir, Tamamilə qırılana qədər onları qır.
19Rəbb mənə belə dedi: «Get Yəhuda padşahlarının girib-çıxdıqları Xalq darvazasında və Yerusəlimin bütün darvazalarında dayanıb
20onlara söylə ki, ey Yəhuda padşahları, Yəhuda və Yerusəlimin bütün əhalisi, bu darvazalardan girənlər, Rəbbin sözünə qulaq asın.
21Rəbb belə deyir: “Öz canınızı qorumaq üçün Şənbə günü yük daşımayın, Yerusəlim darvazalarından içəri gətirməyin.
22Şənbə günü evlərinizdən yük çıxarmayın, heç bir iş görməyin. Atalarınıza əmr etdiyim kimi Şənbə gününü təqdis edin.
23Ancaq onlar eşitmədi, qulaq asmadı. İnadkarlıq edərək Məni eşitmədilər və nəsihət almaq istəmədilər”.
24Rəbb bəyan edir: “Əgər siz Şənbə günü bu şəhərin darvazalarından yük daşımamaq, Şənbə gününü təqdis etmək və bu gün heç bir işlə məşğul olmamaqla Mənə, həqiqətən, itaət etsəniz,
25o zaman Davudun taxtında oturan padşahlar və başçılar döyüş arabalarına və atlara minib Yəhuda adamları, Yerusəlimdə yaşayanlarla birgə bu şəhərin darvazalarından girəcək. Bu şəhər əbədi olaraq məskunlaşmış qalacaq.
26Yəhuda şəhərlərindən, Yerusəlimin ətrafından, Binyamin torpağından, yamaclı-düzənlikli bölgədən, dağlıq bölgədən və Negevdən adamlar gəlib Rəbbin məbədinə yandırma qurbanları, başqa qurbanlar, taxıl təqdimləri, kündür və şükür təqdimləri gətirəcək.
27Əgər siz Şənbə günü yük daşıyıb Yerusəlim darvazalarından girərək Şənbə gününü təqdis etməməklə Mənim sözümə qulaq asmasanız, onda Mən şəhərin darvazalarına od vuracağam, alov Yerusəlimin saraylarını yandırıb-yaxacaq və heç vaxt sönməyəcək”».