4Habil də sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini və onların piyini təqdim etdi. Rəbb Habili və onun təqdimini qəbul etdi,
5ancaq Qabili və onun təqdimini qəbul etmədi. Buna görə də Qabil bərk qəzəblənib qaşqabağını salladı.
6Rəbb Qabilə dedi: «Niyə qəzəblənmisən? Niyə qaşqabağını sallamısan?
7Əgər yaxşı iş görürsənsə, Mən qəbul etmərəmmi? Əgər yaxşı iş görmürsənsə, günah qapının ağzında durub. Onun meyli sənədir, ancaq sən ona üstün gəlməlisən».
8Sonra Qabil qardaşı Habilə bir söz dedi və onlar çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü.
9Sonra Rəbb Qabildən soruşdu: «Qardaşın Habil haradadır?» O dedi: «Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?»
10Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir.
11İndi sən torpaqdan lənət aldın; o torpaq ki sənin əlinlə tökülən qardaş qanını udmaq üçün ağzını açdı.
12Torpağı becərdiyin zaman o daha gücünü sənə verməyəcək. Yer üzündə qaçaq və sərgərdan olacaqsan».
13Qabil Rəbbə dedi: «Cəzam çəkə biləcəyimdən daha artıqdır.
14Bax bu gün Sən məni torpaqdan qovursan. Mən də Sənin hüzurundan gizlənib yer üzündə qaçaq və sərgərdan olacağam. Ancaq kim mənə rast gəlsə, məni öldürəcək».
15Rəbb ona dedi: «Xeyr! Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq». Rəbb Qabilə bir əlamət qoydu ki, ona rast gələn kəs onu öldürməsin.
16Beləcə Qabil Rəbbin hüzurunu tərk etdi və Eden bağından şərqdə – Nod torpağında yaşamağa başladı.