Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yaradiliş

Yaradiliş 40

Help us?
Click on verse(s) to share them!
1Bir müddət sonra Misir padşahının saqisi və çörəkçisi ağaları Misir padşahına qarşı günah etdilər.
2Firon bu iki əyanına – baş saqiyə və baş çörəkçiyə bərk qəzəbləndi
3və onları mühafizəçilər rəisinin evində – Yusifin məhbus olduğu zindanda saxladı.
4Mühafizəçilər rəisi Yusifi onlara xidmətçi təyin etdi və Yusif də onlara xidmət etdi. Onlar bir müddət zindanda qaldılar.
5Bir gün Misir padşahının zindanda məhbus olan saqisi və çörəkçisi yuxu gördülər. Hər ikisi bir gecədə müxtəlif mənalı yuxular gördü.
6Səhər Yusif onların yanına gəldi və kədərli olduqlarını gördü.
7Yusif onunla birgə ağasının evində, zindanda olan firon əyanlarından soruşdu: «Niyə bu gün üzünüz kədərlidir?»
8Onlar Yusifə dedilər: «Yuxu görmüşük, ancaq onu yozan yoxdur». Yusif onlara dedi: «Yuxu yozmaq Allahın işi deyilmi? Onu mənə danışın».
9Baş saqi yuxusunu Yusifə danışıb dedi: «Yuxumda gördüm ki, önümdə bir üzüm tənəyi var.
10Tənəkdə üç budaq var idi. Onlarda tumurcuqlar görünüb çiçək açdı və salxımlar yetişdi.
11Fironun piyaləsi mənim əlimdə idi. Üzümləri götürüb fironun piyaləsinə sıxdım və piyaləni firona verdim».
12Yusif ona dedi: «Onun yozması belədir: üç budaq üç gündür.
13Üç gün ərzində firon səni yüksəldəcək. Səni öz işinə qaytaracaq, sən də onun saqisi olduğun vaxtdakı kimi əvvəlki qaydaya görə fironun piyaləsini əlinə verəcəksən.
14Ancaq sənin vəziyyətin yaxşılaşanda məni yadına sal və xeyirxahlıq göstər. Haqqımda firona danışıb məni bu yerdən çıxart.
15Doğrudan da, mən İbranilərin torpağından oğurlanmışam və burada da zindana salınmağa layiq bir iş görməmişəm».
16Baş çörəkçi Yusifin yuxunu yaxşılığa yozduğunu görüb ona dedi: «Mən isə yuxuda gördüm ki, başımın üstündə üç səbət ağ çörək var.
17Ən üstdəki səbətdə çörəkçinin firon üçün bişirdiyi hər cür çörək var. Quşlar başımın üstündəki səbətdən onları yeyirdi».
18Yusif belə cavab verdi: «Onun yozması belədir: üç səbət üç gündür.

19Üç gün ərzində firon sənin başını bədənindən ayıracaq, özünü də ağacdan asacaq və quşlar sənin ətini didəcək».
20Üçüncü gün – fironun ad günü o bütün əyanlarına ziyafət verdi. Baş saqini və baş çörəkçini əyanlarının önünə çıxartdı.
21Baş saqini saqiliyinə qaytardı və o, piyaləni fironun əlinə verdi,
22baş çörəkçini isə asdırdı; hər şey Yusifin yozduğu kimi oldu.
23Ancaq baş saqi Yusifi yada salmadı və onu unutdu.