Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yaradiliş

Yaradiliş 19

Help us?
Click on verse(s) to share them!
1Axşam iki mələk Sodoma gəldi. Lut şəhərin darvazası yanında oturmuşdu. O, mələkləri gördü, qalxıb onları qarşıladı və yerə qədər əyilib dedi:
2«Ağalarım, qulunuzun evinə girib gecələyin və ayaqlarınızı yuyun. Səhər qalxıb yolunuza davam edərsiniz». Onlar dedilər: «Yox, biz gecəni şəhər meydanında keçirəcəyik».
3Lut onları çox dilə tutdu, axırda onlar Lutla birgə onun evinə getdilər. Lut onları qonaq edib mayasız çörəklər bişirdi və onlar yedilər.
4Ancaq onlar yatmazdan əvvəl cavandan tutmuş qocaya qədər Sodom şəhərinin hər məhəlləsindən olan kişilər evi əhatəyə aldılar.
5Adamlar Lutu çağırıb ona dedilər: «Bu gecə sənin yanına gələn adamlar haradadır? Onları bizim yanımıza gətir ki, onlarla yaxınlıq edək».
6Lut bayıra – onların yanına çıxıb arxasınca qapını örtdü.
7O dedi: «Qardaşlarım, pislik etməyin.
8Mənim ərə getməmiş iki qızım var. Qızlarımı sizin yanınıza gətirim, onlara nə istəyirsiniz, edin. Ancaq bu adamlara toxunmayın, çünki onlar mənim evimin qonaqlarıdır».
9Kişilər qışqırıb dedilər: «Geri çəkil! Bu adam burada qəribdir, ancaq ağalıq edir. İndi səninlə onlardan da pis rəftar edəcəyik». Onlar Luta hücum edib qapını qırmaq üçün yaxınlaşdılar.
10Onda içəridəki mələklər əllərini uzadıb Lutu evin içinə – öz yanlarına saldılar və qapını bağladılar.
11Evin qapısı arxasında duran adamları kiçikdən tutmuş böyüyə qədər kor etdilər. Bu səbəbdən adamlar qapını tapa bilmədilər.
12Mələklər Luta dedilər: «Burada daha kimin var? Bu şəhərdə kürəkənlərin, oğulların, qızların – nəslindən olan hər kəs varsa, hamısını bu yerdən çıxart,
13çünki biz bu yeri məhv edəcəyik. Bu xalqın əleyhinə qalxan fəryad Rəbbə gəlib çatmışdır, buna görə də Rəbb bizi göndərib ki, onu məhv edək».
14Lut gedib qızlarını almaq istəyən kürəkənlərinə dedi: «Qalxıb bu yerdən çıxın, çünki Rəbb şəhəri məhv edəcək». Ancaq kürəkənləri güman etdilər ki, o zarafat edir.
15Səhər açılanda mələklər Lutu tələsdirərək dedilər: «Qalx yanındakı arvadını və iki qızını götür get, yoxsa şəhərdəkilərin günahlarına görə məhv olacaqsan».
16Lut yavaş tərpəndi. Rəbb ona mərhəmət etdiyinə görə həmin şəxslər onun, arvadının və iki qızının əlindən tutub şəhərdən kənara çıxartdılar.
17Onları çıxaran zaman mələklərdən biri dedi: «Öz canını qurtar, arxana baxma. Bu düzənliyin heç yerində qalma, dağa qalx, yoxsa həlak olarsan».
18Lut onlara dedi: «Aman, ağam!

19İndi bu qulun sənin gözündə lütf tapdı və canımı xilas etməklə mənə göstərdiyin xeyirxahlığını çoxaltdın. Ancaq dağa çata bilmərəm, çünki bəla mənə də yetişə bilər və həlak olaram.
20Yaxınlıqda qaça biləcəyim kiçik bir şəhər var. Qoy oraya qaçıb canımı qurtarım. Axı o şəhər kiçikdir».
21Mələklərdən biri Luta dedi: «Sənin xatirinə bunu da edərəm: dediyin şəhəri dağıtmaram.
22Tez ol, oraya qaç! Sən oraya çatmamış Mən bir şey etməyəcəyəm». Buna görə də o şəhər Soar adlandı.
23Günəş doğanda Lut Soara gəldi.
24Rəbb Sodom və Homorranın üzərinə göydən odlu kükürd yağdırdı,
25bu şəhərləri, bütün düzənliyi, oranın bütün sakinlərini və torpaqda bitən hər şeyi məhv etdi.
26Ancaq Lutun arvadı dönüb geriyə baxdı və duz sütununa çevrildi.
27İbrahim səhər erkən qalxıb Rəbbin önündə durduğu yerə getdi.
28Oradan Sodom və Homorraya, bütün düzənliyə baxdı. O, yerdən kürə tüstüsü kimi bir tüstü qalxdığını gördü.
29Allah düzənlikdəki şəhərləri məhv etdiyi zaman İbrahimi xatırladı, buna görə də Lutun yaşadığı şəhərləri dağıdarkən onu fəlakət içindən çıxartdı.
30Lut iki qızı ilə birgə Soardan çıxıb dağda yaşadı, çünki Soarda yaşamaqdan qorxurdu. O, iki qızı ilə bir mağarada qaldı.
31Onun böyük qızı kiçiyinə dedi: «Atamız qocalıb və bu dünyada insan adətinə görə yanımıza girməyə bir kişi yoxdur.
32Gəl atamıza şərab içirək və onunla yataq ki, öz atamızdan nəslimiz olsun».
33Onlar o gecə atalarına şərab içirdilər. Böyük qız içəri girib atası ilə yatdı, atası isə onun nə vaxt yatıb-durduğunu bilmədi.
34O biri gün böyük qız kiçiyinə dedi: «Mən dünən gecə atamla yatdım. Gəl bu gecə də ona şərab içirək və sən də onunla yat ki, öz atamızdan nəslimiz olsun».
35O gecə yenə atalarına şərab içirdilər. Kiçik qız qalxıb onunla yatdı, atası isə onun nə vaxt yatıb-durduğunu bilmədi.
36Lutun iki qızı beləcə atalarından hamilə oldu.

37Böyük qız bir oğul doğdu və onun adını Moav qoydu. O, indiki Moavlıların əcdadıdır.
38Kiçik qız da bir oğul doğdu və onun adını Ben-Ammi qoydu. O, indiki Ammonluların əcdadıdır.