Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yaradiliş

Yaradiliş 48

Help us?
Click on verse(s) to share them!
1Bir müddət sonra Yusifə dedilər: «Atan xəstədir». O, iki oğlunu – Menaşşe və Efrayimi özü ilə götürdü.
2Yaquba xəbər verib dedilər: «Budur, oğlun Yusif yanına gəlir». İsrail gücünü toplayıb yatağı üstündə oturdu.
3Yaqub Yusifə dedi: «Külli-İxtiyar Allah Kənan torpağında olan Luzda mənə göründü və xeyir-dua verdi.
4O mənə belə dedi: “Bax Mən səni bəhərli edib nəslini çoxaldacağam, səndən çoxlu xalq törədəcəyəm. Səndən sonra bu torpağı övladlarına əbədi mülk olaraq verəcəyəm”.
5İndi sənin yanına, Misirə gəlməzdən əvvəl Misir torpağında doğulan iki oğlun da mənimdir: Efrayim və Menaşşe Ruvenlə Şimeon kimi mənimki olacaq.
6Onlardan sonra sənin üçün doğulan uşaqlar isə səninki olacaq, öz miras torpaqlarında qardaşlarının adları ilə qeyd olunacaq.
7Mən Paddandan gələndə Kənan torpağında Efrata yaxın yerdə Rəhilə yanımdaca öldü. Onu elə orada – Efrat yolunda, yəni Bet-Lexemdə basdırdım».
8İsrail Yusifin oğullarını görüb dedi: «Bunlar kimdir?»
9Yusif atasına dedi: «Allahın burada mənə verdiyi oğullarımdır». İsrail dedi: «Onları yanıma gətir, xeyir-dua verim».
10İsrail artıq qocalmış, gözləri zəifləmişdi və görə bilmirdi. Yusif oğullarını atasının yanına apardı və atası onları öpüb qucaqladı.
11Sonra İsrail Yusifə dedi: «Düşünmürdüm ki, üzünü bir də görərəm, amma Allah mənə sənin övladlarını da göstərdi».
12Yusif övladlarını atasının dizləri yanından kənara çəkib onun qarşısında üzünü yerə qoyaraq səcdə etdi.
13Sonra oğullarını götürüb Efrayimi sağ əli ilə İsrailin sol tərəfinə, Menaşşeni isə sol əli ilə İsrailin sağ tərəfinə çəkərək ona yaxınlaşdırdı.
14İsrail əllərini çarpaz uzatdı: sağ əlini kiçik olan Efrayimin, sol əlini isə Menaşşenin başına qoydu. Menaşşe ilk oğul olduğuna baxmayaraq, İsrail əllərini qəsdən dəyişdi.
15İsrail Yusifə xeyir-dua verərək belə dedi: «Atalarım İbrahimin, İshaqın xidmət etdiyi Allah, Bu günə qədər mənim qayğıma qalan Allah,
16Məni bütün pisliklərdən xilas edən Mələk Qoy bu uşaqlara da xeyir-dua versin! Onlar mənim adımla, Atalarım İbrahim və İshaqın Adı ilə çağırılsın, Yer üzündə çoxaldıqca çoxalsın!»
17Yusif atasının sağ əlini Efrayimin başına qoyduğunu gördü və bu onun xoşuna gəlmədi. O, atasının əlini Efrayimin başından götürüb Menaşşenin başına qoymaq istədi.
18Buna görə də atasına dedi: «Ata, ilk oğul Menaşşedir, sağ əlini onun başına qoy. Belə düz deyil».

19Lakin atası istəməyib dedi: «Bilirəm, oğlum, bilirəm. Menaşşenin nəslindən də böyük bir xalq olacaq. Amma kiçik qardaşından daha böyük bir xalq törəyəcək, onun nəslindən çoxlu millətlər yaranacaq».
20O gün İsrail nəvələrinə xeyir-dua verərək dedi: «İsrail nəsli “Qoy Allah səni Efrayim və Menaşşe kimi etsin” Deyərək sizin adınızla Xeyir-dua verəcək». Yaqub beləcə Efrayimi Menaşşedən üstün tutdu.
21İsrail Yusifə dedi: «Artıq mən ölürəm, amma Allah sizinlə olacaq, sizi atalarınızın torpağına qaytaracaq.
22Sənə qardaşlarından bir pay da artıq olaraq Şekemi verirəm. Onu mən Emorluların əlindən qılıncım və kamanımla almışam».