1Yusif özünü atasının üstünə atdı və ağlayaraq onu öpdü.
2Sonra həkim xidmətçilərinə atasının meyitini mumiyalamağı əmr etdi. Həkimlər İsraili mumiyaladılar.
3Bu iş qırx günə görüldü, çünki mumiyalamaq üçün qırx gün lazım idi. Misirlilər yetmiş gün İsrail üçün yas tutdular.
4Yas günləri qurtarandan sonra Yusif fironun saray adamlarına müraciət edib dedi: «Əgər gözünüzdə lütf tapmışamsa, firona söyləyin ki,
5atam məni and içdirib demişdi: “Mən can üstəyəm. Kənan torpağında özüm üçün qəbir qazmışam, məni orada basdır”. İndi qoy o mənə izin versin ki, gedib atamı basdırım və qayıdım».
6Firon dedi: «Get, atanın sənə and içdirdiyi kimi onu basdır».
7Beləliklə, Yusif atasını basdırmağa getdi. Fironun bütün əyanları, sarayın və Misirin bütün ağsaqqalları,
8Yusifin bütün ev adamları, qardaşları və atasının ev adamları onu müşayiət etdilər. Qoşen vilayətində yalnız uşaqlarını, qoyun-keçilərini və mal-qaralarını qoydular.
9Onlarla birgə atlılar və arabalar da yola çıxmışdı, ona görə də dəstə çox böyük idi.
10Onlar İordan çayının yaxınlığındakı Atad xırmanına çatanda böyük ağlaşma ilə matəm qurdular. Yusif atası üçün yeddi gün yas tutdu.
11O ölkənin əhalisi olan Kənanlılar Atad xırmanındakı yası görəndə dedilər: «Gör Misirlilər necə böyük matəmlə yas tuturlar». Ona görə də İordan çayının yaxınlığındakı bu yerə Avel-Misrayim adı verildi.
12Yaqubun oğulları atalarının vəsiyyətini əmr etdiyi kimi yerinə yetirdilər.
13Onu Kənan ölkəsinə gətirib Mamre qarşısındakı Maxpela tarlasında olan mağarada basdırdılar. İbrahim bir vaxt həmin mağaranı qəbir düzəltmək üçün tarla ilə birlikdə Xetli Efrondan satın almışdı.
14Yusif atasını dəfn etdikdən sonra həm özü, həm qardaşları, həm də onunla birlikdə atasının dəfninə gələnlərin hamısı Misirə qayıtdı.
15Ataları öləndən sonra Yusifin qardaşları öz aralarında dedilər: «Bəlkə Yusif bizə qarşı kin saxlayır. Əgər ona etdiyimiz pisliyə görə bizdən qisas alarsa, nə edərik?»
16Buna görə də Yusifə xəbər göndərdilər: «Atan ölümündən qabaq bizə vəsiyyət etdi ki, gedib Yusifə belə deyin:
17“Bax səndən xahişim budur ki, qardaşlarının günahını və təqsirini bağışlayasan. Axı onlar sənə pislik ediblər”. Xahiş edirik, sən atanın Allahının qulları olan biz qardaşlarının günahını bağışla». Bu sözlər Yusifə çatanda o ağladı.
18Sonra qardaşları özləri Yusifin yanına gedib önündə yerə qapandılar və dedilər: «Biz sənin qullarınıq».
19Yusif onlara dedi: «Məgər mən Allaham ki, məndən qorxursunuz?
20Baxın siz mənə qarşı pis fikrə düşdünüz, lakin Allah onu yaxşı işə çevirdi ki, bu gün gördüyünüzü etsin və çoxlu adamın həyatını qorusun.
21Ona görə də qorxmayın, mən həm sizi, həm də övladlarınızı saxlayacağam». Yusif onlara ürəklərincə olan sözlərlə təsəlli verdi.
22Yusifin və atasının nəsli Misirdə sakin oldu. Yusif yüz on il ömür sürdü.
23O, Efrayimin üç nəsil övladlarını gördü. Menaşşenin oğlu Makirin övladları da Yusifin yanında doğuldu.
24Bir gün Yusif qardaşlarına dedi: «Mən ölürəm, amma Allah mütləq sizə nəzər salacaq. O sizi bu ölkədən İbrahimə, İshaqa və Yaquba and içdiyi torpağa aparacaq».
25Sonra Yusif İsrailin övladlarını and içdirib dedi: «Allah mütləq sizə nəzər salacaq. Gedən zaman mənim sümüklərimi də buradan çıxarın».
26Yusif yüz on yaşında öldü. Onu Misirdə mumiyalayıb bir tabuta qoydular.