Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yaradiliş

Yaradiliş 12

Help us?
Click on verse(s) to share them!
1Rəbb İbrama dedi: «Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get.
2Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan.
3Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq».
4İbram Rəbbin ona söylədiyi kimi oradan çıxdı. Lut da onunla birgə getdi. Xarandan çıxdığı vaxt İbram yetmiş beş yaşında idi.
5İbram arvadı Sarayı, qardaşı oğlu Lutu, Xaranda əldə etdikləri bütün əmlakı və özünün bütün nökərlərini götürüb Kənan torpağına tərəf yola düşdü. Onlar Kənan torpağına gəldilər.
6İbram oranı dolaşıb, Şekem deyilən yerdəki More palıdının yanına çatdı. O vaxt bu torpaqda Kənanlılar yaşayırdı.
7Rəbb İbrama görünüb dedi: «Bu torpağı sənin nəslindən olana verəcəyəm». İbram ona görünən Rəbbə orada bir qurbangah düzəltdi.
8Buradan Bet-Elin şərqində yerləşən dağlıq yerə tərəf yola düşdü və burada çadır qurdu. Çadırdan qərbdə Bet-El, şərqdə isə Ay şəhəri idi. İbram orada da Rəbbə bir qurbangah qurdu və Rəbbin adını çağırdı.
9İbram tədricən cənuba doğru hərəkət edirdi.
10Bu torpaqda aclıq başlandı. İbram müvəqqəti qalmaq üçün Misirə getdi, çünki ölkədə böyük aclıq hökm sürürdü.
11O, Misirə yaxınlaşanda arvadı Saraya dedi: «Bax mən bilirəm ki, sən gözəl qadınsan.
12Misirlilər səni görüb deyəcəklər: “Bu onun arvadıdır”. Onda məni öldürəcəklər, səni isə sağ buraxacaqlar.
13Bəlkə sən deyəsən ki, mənim bacımsan, onda sənin xatirinə mənimlə yaxşı rəftar edərlər və mən də sağ qalaram».
14İbram Misirə gəlib çatanda Misirlilər onun arvadının çox gözəl olduğunu gördülər.
15Fironun əyanları da qadını gördülər və onu firona təriflədilər. Qadın fironun sarayına aparıldı.
16Onun xatirinə firon İbramla da yaxşı rəftar etdi: İbram qoyun-keçi, mal-qara, erkək və dişi eşşəklər, qullar, qarabaşlar və dəvələr sahibi oldu.
17Ancaq Rəbb İbramın arvadı Saraydan ötrü fironun və onun ev adamlarının başına böyük fəlakətlər gətirdi.
18Firon İbramı çağırıb dedi: «Bu nə işdir, mənim başıma gətirdin? Bu qadının sənin arvadın olduğunu niyə mənə bildirmədin?

19Nə üçün “bu mənim bacımdır” dedin ki, mən də onu özümə arvad olmaq üçün aldım? İndi isə arvadını da götür get».
20Firon adamlara onlar barədə əmr verdi və İbramla arvadını sahib olduğu bütün şeylərlə birgə yola saldılar.