Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Yaradiliş

Yaradiliş 26

Help us?
Click on verse(s) to share them!
1İbrahimin yaşadığı dövrdə olan aclıqdan başqa, ölkədə daha bir aclıq oldu. İshaq Gerara, Filiştlilərin padşahı Avimelekin yanına getdi.
2Rəbb ona görünüb dedi: «Misirə getmə, sənə söylədiyim ölkədə məskən sal,
3bu torpaqda qal. Mən səninlə olacağam və sənə xeyir-dua verib bütün bu ölkələri sənə və nəslinə verəcəyəm; atan İbrahimə içdiyim andı yerinə yetirəcəyəm.
4Nəslini göydəki ulduzlar qədər çoxaldacağam və bütün bu ölkələri nəslinə verəcəyəm. Yer üzünün bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq.
5Çünki İbrahim sözümə qulaq asıb Mənim buyruğuma, əmrlərimə, qaydalarıma və qanunlarıma əməl etdi».
6İshaq da Gerarda yaşadı.
7O ölkənin sakinləri İshaqın arvadı barədə soruşanda «bu mənim bacımdır» dedi, çünki «mənim arvadımdır» deməyə qorxdu. Öz-özünə dedi: «Yoxsa Rivqadan ötrü bu yerin adamları məni öldürərlər». Rivqa görünüşcə çox gözəl idi.
8İshaq orada uzun müddət qaldı. Bir gün Filiştlilərin padşahı Avimelek pəncərədən baxıb gördü ki, İshaq arvadı Rivqanı əzizləyir.
9Avimelek İshaqı çağırıb dedi: «O ki sənin arvadındır. Bəs niyə onun barəsində “bu mənim bacımdır” dedin?» İshaq ona dedi: «Çünki istəmədim ki, ondan ötrü ölüm».
10Avimelek dedi: «Bu nə işdir başımıza gətirdin? Az qalmışdı ki, xalqdan biri sənin arvadınla yatsın. Beləcə bizi günaha batıracaqdın».
11Sonra Avimelek «bu adama və onun arvadına toxunan mütləq öldürüləcək» deyə bütün xalqa elan etdi.
12İshaq o torpaqda toxum əkdi və o il yüz qat məhsul aldı. Beləcə Rəbb ona xeyir-dua verdi.
13Bu şəxs böyük adam oldu. Çox böyük adam olana qədər get-gedə yüksəldi.
14Onun çoxlu qoyun-keçisi, mal-qarası və xidmətçiləri olduğuna görə Filiştlilər ona paxıllıq etməyə başladı.
15Atası İbrahimin dövründə atasının qullarının qazdığı bütün quyuları Filiştlilər qapayıb torpaqla doldurmuşdular.
16Avimelek İshaqa dedi: «Yanımızdan get, çünki bizdən çox güclü oldun».
17İshaq oradan getdi, Gerar vadisində məskən saldı və orada qaldı.
18İshaq atası İbrahimin dövründə qazılmış su quyularını yenə qazdı, çünki Filiştlilər İbrahimin ölümündən sonra onları qapamışdılar. O, atasının qoyduğu adları yenə onlara verdi.

19İshaqın qulları vadidə torpağı qazdılar və bir içməli su quyusu tapdılar.
20Gerar çobanları «su bizimdir» deyib İshaqın çobanları ilə mübahisə etdilər. O, quyunun adını Eseq qoydu, çünki onun üstündə mübahisə etmişdilər.
21Onlar başqa bir quyu qazdılar. Onun üçün də mübahisə etdilər. İshaq bu quyunun adını Sitna qoydu.
22İshaq oradan köçüb başqa bir quyu qazdı. Ancaq onun üçün mübahisə etmədilər, buna görə də İshaq onun adını Rexovot qoyub dedi: «İndi Rəbb bizə genişlik verdi və biz bu torpaqda çoxalacağıq».
23İshaq oradan Beer-Şevaya getdi.
24O gecə Rəbb ona görünüb dedi: «Mən atan İbrahimin Allahıyam. Qorxma, çünki Mən səninləyəm. Qulum İbrahimə görə sənə xeyir-dua verəcəyəm və nəslini çoxaldacağam».
25İshaq orada bir qurbangah düzəltdi və Rəbbin adını çağırdı. O özünə çadır qurdu. İshaqın qulları orada bir quyu qazdılar.
26O zaman Avimelek məsləhətçisi Axuzzat, ordu başçısı Pikol ilə birgə Gerardan İshaqın yaşadığı torpağa gəldi.
27İshaq onlara dedi: «Nə üçün yanıma gəlmisiniz? Sizin ki məndən acığınız gəlirdi və məni yanınızdan qovdunuz».
28Onlar dedilər: «Biz aydın gördük ki, Rəbb, doğrudan da, səninlədir. İndi istəyirik ki, səninlə bizim aramızda and olsun. Gəl səninlə əhd bağlayaq ki,
29biz sənə toxunmadığımız və yalnız yaxşılıq edib sağ-salamat yola saldığımız kimi sən də bizə heç bir pislik etməyəcəksən. İndi sən Rəbbin xeyir-dua verdiyi adamsan».
30İshaq onlara ziyafət verdi və onlar yeyib-içdilər.
31Səhər tezdən qalxıb bir-birlərinə and içdilər. İshaq onları yola saldı və onlar sağ-salamat onun yanından getdilər.
32O gün İshaqın qulları gəldilər və qazdıqları quyu barədə ona bildirərək «su tapdıq» dedilər.
33İshaq bu quyunun adını Şiva qoydu, buna görə də şəhərin adı bu günə qədər Beer-Şevadır.
34Esav qırx yaşında olanda Xetli Beerinin qızı Yehuditi və Xetli Elonun qızı Basmatı arvad aldı.
35Onlar İshaqın və Rivqanın ürəklərinə dərd oldu.