Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Şamuel

Birinci Şamuel 15

Help us?
Click on verse(s) to share them!
1Şamuel Şaula dedi: «Rəbb məni göndərdi ki, Öz xalqı İsrail üzərində padşah olaraq səni məsh edim. İndi isə Rəbbin sözünü dinlə,
2Ordular Rəbbi belə deyir: “İsraillilər Misirdən çıxan zaman yolda Amaleqlilər onlara qarşı müqavimət göstərdilər. Ona görə də onları cəzalandıracağam.
3İndi get, Amaleqliləri qır, hər şeylərini tamamilə darmadağın et və onlara heyfin gəlməsin. Kişidən qadınadək, yeniyetmədən südəmər körpəyədək, öküzdən qoyunadək, dəvədən eşşəyədək hamısını qır”».
4Şaul xalqı çağırdı və onları Telaimdə saydı: iki yüz min piyada əsgərlə bərabər Yəhudadan on min nəfər var idi.
5Şaul Amaleqlilərin şəhərinə gəlib vadidə pusqu qurdu.
6O, Qenlilərə dedi: «Gedib Amaleqlilərdən ayrılın ki, sizi də onlarla bərabər qırmayım. Çünki İsrail övladları Misirdən çıxan zaman siz onlara xeyirxahlıq etdiniz». Qenlilər Amaleqlilərdən ayrıldılar.
7Şaul Xaviladan Misirin şərqindəki Şura çatana qədər Amaleqliləri qırdı.
8Amaleq padşahı Aqaqı sağ tutdu, bütün xalqı isə tamamilə qılıncdan keçirdi.
9Amma Şaul xalqı ilə birlikdə Aqaqa və Amaleqlilərin ən yaxşı qoyunlarına, öküzlərinə, kökəldilmiş heyvanlarına, quzularına və yaxşı şeylərin hamısına heyfi gəlib tamamilə məhv etmək istəmədi, bütün gərəksiz və yararsız şeyləri isə tamamilə yox etdi.
10Bundan sonra Rəbbin sözü Şamuelə nazil oldu:
11«Şaulu padşah etdiyimə peşman oldum. Çünki o dönüb Mənim ardımca getməyərək sözlərimi yerinə yetirməyib». Şamuel qəzəbləndi və bütün gecəni Rəbbə fəryad etdi.
12O, Şaulla səhər görüşmək üçün erkən durdu, amma ona belə xəbər verdilər: «Şaul Karmelə getdi və özünə abidə qoyandan sonra geri qayıdıb irəlidəki Qilqala endi».
13Şamuel Qilqala, Şaulun yanına gəldi. Şaul ona dedi: «Qoy Rəbb sənə xeyir-dua versin, mən Rəbbin sözünə əməl etdim».
14Şamuel isə dedi: «Elə isə qulaqlarıma gələn bu qoyun mələşməsi və eşitdiyim bu öküz böyürtüsü nədir?»
15Şaul dedi: «Onları Amaleqlilərdən gətiriblər. Çünki xalq sənin Allahın Rəbbə qurban etmək üçün qoyunlarla öküzlərin ən yaxşılarını saxlayıb, qalanlarını isə tamamilə yox etdi».
16Şamuel Şaula dedi: «Dayan, bu gecə Rəbbin mənə söylədiklərini sənə deyəcəyəm». Şaul dedi: «Danış».
17Şamuel dedi: «Sən öz gözündə kiçik olduğun halda İsrail qəbilələrinin başçısı olmadınmı? Rəbb səni İsrail üzərinə padşah olaraq məsh etməyibmi?
18Rəbb səni yürüşə göndərib dedi: “Günahkarları – Amaleqliləri tamamilə məhv et və qırıb qurtarana qədər onlarla vuruş”.

19Bəs nə üçün Rəbbin sözünə itaət etmədin, qarətçilik edib talana girişdin və Rəbbin gözündə pis sayılan iş gördün?»
20Şaul Şamuelə dedi: «Mən Rəbbin sözünə itaət etdim. Rəbbin məni göndərdiyi yürüşə getdim. Amaleq padşahı Aqaqı bura gətirdim, Amaleqliləri isə tamamilə məhv etdim.
21Lakin xalq talan malından qoyunları və öküzləri, məhv edilməyə həsr olunanlardan ən yaxşısını götürdü ki, Qilqalda Allahın Rəbbə qurban versin».
22Şamuel isə dedi: «Rəbb Öz sözünə itaət edilməsindən xoşu gəldiyi qədər Yandırma qurbanı və başqa qurbanlardan xoşu gələrmi? Bax itaət etmək qurbandan, Qulaq asmaq qoçların iç piyindən daha yaxşıdır.
23Çünki üsyankarlıq falçılığa bərabər günahdır, İnadkarlıq isə özbaşınalıq və bütpərəstliyə bərabərdir. İndi ki sən Rəbbin sözünü rədd etdin, O da səni padşahlıqdan rədd etdi».
24Şaul Şamuelə dedi: «Günah etdim, çünki Rəbbin əmrini və sənin sözlərini pozdum və xalqdan qorxub onların sözünə qulaq asdım.
25Rica edirəm, günahımı bağışla və indi mənimlə bərabər geri qayıt ki, Rəbbə səcdə qılım».
26Şamuel Şaula dedi: «Mən səninlə geri qayıtmayacağam, çünki sən Rəbbin sözünü rədd etdin. Ona görə Rəbb İsraildə padşah olmayasan deyə səni rədd etdi».
27Şamuel geri qayıtmaq üçün dönən zaman Şaul onun cübbəsinin ətəyindən yapışanda ətək qopdu.
28Şamuel ona dedi: «Bu gün Rəbb də səndən İsrail padşahlığını bu cür qoparıb səndən də yaxşı olan yaxınına verdi.
29İsrailin İzzətlisi yalan söyləməz və fikrini dəyişməz. Axı insan deyil ki, fikrini dəyişsin».
30Şaul dedi: «Günaha batdım. Rica edirəm, indi xalqımın ağsaqqalları və İsrail qarşısında mənə hörmət et və mənimlə birlikdə geri qayıt ki, Allahın Rəbbə səcdə qılım».
31Şamuel Şaulun arxasınca geri qayıtdı və Şaul Rəbbə səcdə qıldı.
32Şamuel dedi: «Amaleq padşahı Aqaqı buraya – mənim yanıma gətirin». Aqaq isə onun yanına tərəddüd içində gəldi. Aqaq öz-özünə deyirdi: «Görəsən acı ölüm məni mütləq haqlayıbmı?»
33Şamuel dedi: «Sənin qılıncın qadınları necə övladsız qoyurdusa, sənin anan da qadınlar arasında beləcə övladsız qalacaq». Şamuel Qilqalda – Rəbbin önündə Aqaqı doğradı.
34Sonra Şamuel Ramaya getdi, Şaul isə Giveadakı evinə qalxdı.
35Şamuel ölənə qədər daha Şaulu görmədi, çünki Şaulun dərdini çəkirdi. Rəbb Şaulu İsrailin padşahı etdiyinə peşman olmuşdu.