Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Şamuel

Birinci Şamuel 11

Help us?
Click on verse(s) to share them!
1Ammonlu Naxaş gəlib Yaveş-Gileada qarşı ordugah qurdu. Bütün Yaveş əhalisi Naxaşa dedi: «Bizimlə saziş bağla, biz də sənə qulluq edək».
2Ammonlu Naxaş isə onlara dedi: «Bu şərtlə sizinlə razılığa gələrəm ki, hər birinizin sağ gözünü çıxarıb bütün İsraili rüsvay edim».
3Yaveş ağsaqqalları ona dedilər: «Bizə yeddi gün möhlət ver ki, İsrailin bütün ərazisinə qasidlər göndərək və əgər bizi heç kim xilas edə bilməsə, sənə təslim olarıq».
4Qasidlər Şaulun Givea şəhərinə gəldilər və xalq arasında bu sözləri car çəkdilər. Bütün xalq da şivən qoparıb ağladı.
5Bu vaxt Şaul öküzlərin arxasınca tarladan gəlirdi. O dedi: «Xalqa nə olub ki, ağlayır?» Ona Yaveşlilərin sözünü çatdırdılar.
6Həmin sözləri eşidən zaman Allahın Ruhu Şaulun üstünə qüvvə ilə endi, qəzəbindən od tutub yandı.
7O, bir cüt öküzünü götürüb parça-parça doğradı və onları qasidlərin əli ilə bütün İsrail ərazisinə göndərib dedi: «Kim Şaulun və Şamuelin ardınca getməsə, bax öküzləri bu kökə salınacaq». Xalqın arasına Rəbbin xofu düşdü və hamı bir nəfər kimi ayağa qalxdı.
8Şaul onları Bezeqdə saydı: İsrail övladları üç yüz min və Yəhuda adamları isə otuz min nəfər oldu.
9Gələn qasidlərə dedilər: «Yaveş-Gileadlılara belə deyərsiniz: “Sabah gün qızınca sizə qurtuluş olacaq”». Qasidlər gedib bunu Yaveşlilərə bildirdilər və onlar da sevindilər.
10Yaveşlilər Ammonlulara dedilər: «Sabah təslim olacağıq və bizimlə gözünüzdə xoş görünən kimi rəftar edin».
11Ertəsi gün Şaul xalqı üç bölməyə ayırdı və səhər qarovulunda düşmən ordugahının içinə girərək gün qızana qədər Ammonluları qırdı. Qalanlar isə elə dağıldılar ki, onlardan iki nəfər bir yerdə qalmadı.
12Xalq Şamuelə dedi: «“Şaulmu üzərimizdə padşah olacaq?” deyənlər kimlərdir? O adamları verin öldürək».
13Şaul isə dedi: «Bu gün heç kəs öldürülməyəcək, çünki Rəbb bu gün İsrailə qurtuluş verdi».
14Şamuel xalqa dedi: «Gəlin Qilqala gedək və orada padşahlığı yenidən təsdiq edək».
15Bütün xalq Qilqala getdi. Orada – Qilqalda Şaulu Rəbbin önündə padşah olaraq qəbul etdilər və sonra Rəbbin önündə ünsiyyət qurbanları kəsdilər. Bütün İsraillilər Şaulla birgə böyük bayram etdilər.