Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Şamuel

Birinci Şamuel 6

Help us?
Click on verse(s) to share them!
1Rəbbin sandığı Filiştlilərin diyarında yeddi ay qaldı.
2Filiştlilər kahinlərlə falçıları çağırıb dedilər: «Bu Rəbbin sandığını nə edək? Onu öz yerinə necə qaytarmağı bizə başa salın».
3Kahinlər və baxıcılar dedilər: «İsrail Allahının sandığını geri göndərmək istəyirsinizsə, boş göndərməyin. Ona mütləq təqsir təqdimi verməlisiniz. O zaman sağalacaqsınız və O sizdən nə üçün əl çəkmədiyini bildirəcək».
4Filiştlilər soruşdular: «Ona göndərəcəyimiz təqsir təqdimi nə olmalıdır?» Kahinlər və baxıcılar belə cavab verdi: «Filiştlilərin ağalarının sayına görə beş qızıl şiş surəti ilə beş qızıl siçovul surəti düzəldib göndərin. Çünki bu bəla həm sizin, həm də ağalarınızın üstündədir.
5Ona görə də həm şişlərinizin, həm də ölkənizi dağıdan siçovulların surətlərini yaradın və İsrailin Allahını şərəfləndirin. Bəlkə O sizin, allahlarınızın və torpağınızın üstündə əlini yüngülləşdirdi.
6Misirlilərlə fironun ürəyi inadkarlıq etdiyi kimi nə üçün sizin də ürəkləriniz inadkarlıq edir? Allah onlarla sərt davrananda İsrailliləri azad buraxmadılarmı?
7İndi isə bir təzə araba düzəldin və boyunduruğa qoşulmayan iki sağmal inəyi arabaya qoşun. Balalarını isə onlardan ayırıb evə göndərin.
8Rəbbin sandığını götürüb arabaya qoyun və təqsir təqdimi olaraq Ona ödəyəcəyiniz qızıl əşyaları isə bir mücrü içərisində sandığın yanına qoyun, sonra da yola salın getsin.
9Amma baxın, onlar sandığın olduğu torpağa – Bet-Şemeş yoluna qalxarlarsa, deməli, bu böyük bəlanı bizə verən Odur. Yox, əgər oraya getməzlərsə, onda biləcəyik ki, bizi vuran Onun əli deyil və bu qəza başımıza təsadüfən gəlmişdir».
10Adamlar belə də etdilər. İki sağmal inək gətirib arabaya qoşdular və balalarını da evdə bağladılar.
11Rəbbin sandığı ilə bərabər içərisində siçovulların və şişlərin qızıl surətləri yığılmış mücrünü də arabaya qoydular.
12İnəklər birbaşa Bet-Şemeşə gedən yolla sağa-sola dönmədən, böyürə-böyürə getdilər. Filiştlilərin ağaları isə onları Bet-Şemeş sərhədinə qədər ötürdülər.
13O zaman Bet-Şemeşlilər zəmidə buğda biçirdilər. Onlar başlarını qaldırıb sandığı görəndə sevindilər.
14Araba Bet-Şemeşli Yeşuanın zəmisinə girib böyük bir daşın yanında dayandı. Bet-Şemeşlilər arabanın ağaclarını qırdılar, inəkləri isə Rəbbə yandırma qurbanı verdilər.
15Levililər Rəbbin sandığını və onun yanındakı qızıl əşyalar yığılmış mücrünü arabadan endirib böyük bir daşın üstünə qoydular. O gün Bet-Şemeşlilər Rəbbə yandırma qurbanı verib başqa qurbanlar da kəsdilər.
16Filiştlilərin beş ağası bu hadisəni gördükdən sonra həmin gün Eqrona qayıtdı.
17Filiştlilərin təqsir təqdimi olaraq Rəbbə gətirdikləri qızıl şişlərin hər biri Aşdod, Qəzzə, Aşqelon, Qat, Eqron üçün olub bu şəhərlərin sayına görə idi.
18Qızıl siçovullar isə qala divarlı şəhərlərlə ətraf kəndlər də daxil olmaqla beş ağaya məxsus Filişt şəhərlərinin sayına görə beş dənə idi. Bet-Şemeşli Yeşuanın zəmisində Rəbbin sandığı qoyulan böyük daş bu günə qədər şahid kimi qalmaqdadır.

19Rəbbin sandığının içinə baxdıqları üçün Allah Bet-Şemeşliləri də vurdu və əlli ailədən yetmiş nəfəri öldürdü. Xalq isə Rəbbin onların başına gətirdiyi müsibətə görə yas tutdu.
20Bet-Şemeşlilər dedilər: «Bu müqəddəs Allah olan Rəbbin qarşısında kim dayana bilər? Bizdən sonra kimin yanına gedəcək?»
21Sonra Qiryat-Yearim əhalisinə qasidlər göndərib dedilər: «Filiştlilər Rəbbin sandığını geri qaytardılar, gəlin onu aparın».