Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Şamuel

Birinci Şamuel 22

Help us?
Click on verse(s) to share them!
1Davud oradan yola çıxıb Adullam mağarasında gizləndi. Qardaşları və atasının külfəti bunu eşidəndə onun yanına gəldilər.
2Vəziyyəti ağır olanların, borcu olanların, narazıların hamısı yanına yığıldı və Davud onların başçısı oldu. Onun yanında dörd yüz nəfərə qədər adam var idi.
3Davud oradan Moavın Mispa şəhərinə gəlib Moav padşahına dedi: «Rica edirəm, Allahın mənə nə edəcəyini bilənə qədər qoy atamla anam gəlib yanında qalsın».
4Davud onları Moav padşahının yanında qoydu və özü qalada qaldığı müddətdə ata və anası Moav padşahının yanında qaldı.
5Peyğəmbər Qad Davuda dedi: «Sən burada – qalada belə dolanma, Yəhuda diyarına get». Davud gedib Xeret meşəsinə girdi.
6Şaul Davudla yanındakı adamlarının yerini öyrəndi. O, Giveadakı bir təpədə, yulğun ağacının altında əlində nizə oturmuş, bütün əyanları isə ətrafında dayanmışdılar.
7Şaul ətrafındakı əyanlarına belə dedi: «Ey Binyaminlilər, indi mənə qulaq asın. Yesseyin oğlu hamınıza tarlalar və üzümlüklər verəcəkmi? Hamınızı minbaşı və yüzbaşı edəcək ki,
8mənim üçün hiylə qurursunuz? Mənim oğlum Yesseyin oğlu ilə əhd bağlayan zaman bunu qulağıma çatdıran olmadı və heç birinizin mənə yazığı gəlmədi. Pusqu qurmaq üçün oğlum mənim üstümə qulumu qiyama qaldırır, deyə bu xəbəri qulağıma çatdıran oldumu?»
9Şaulun əyanlarının yanında Edomlu Doeq də dayanmışdı və o dedi: «Yesseyin oğlunu Novda, Axituv oğlu Aximelekin yanına gələndə gördüm.
10Orada Aximelek Davud üçün Rəbbə müraciət etdi və ona həm ərzaq, həm də Filiştli Qolyatın qılıncını verdi».
11Padşah Axituv oğlu kahin Aximeleki və atasının külfətini, həm də Novda olan kahinləri çağırmaq üçün adam göndərdi. Onların hamısı padşahın yanına gəldi.
12Şaul dedi: «Ey Axituv oğlu, indi məni dinlə». Aximelek dedi: «Buyurun, ağam».
13Şaul dedi: «Allaha müraciət edib bugünkü kimi mənim üstümə qiyam qaldırmaq üçün Yessey oğlunun əlinə çörək və qılınc verərək niyə mənə qarşı fənd qurdunuz?»
14Aximelek padşaha cavab verdi: «Bütün əyanlarının arasında Davud kimi sədaqətli olanı varmı? O, padşahın kürəkəni, mühafizəçilərin başçısı və sənin evində çox etibarlı sayılan adamdır.
15Onun üçün Allaha müraciət etməyə ancaq o gündənmi başlamışam? Əsla! Padşahım bu quluna və atamın külfətinə şər atmasın, çünki az-çox olsa belə, qulunun bu işdən heç bir xəbəri yoxdur».
16Padşah dedi: «Ey Aximelek, sən və atanın külfəti mütləq ölməlisiniz».
17Padşah yanındakı mühafizəçi əsgərlərə dedi: «Dönün, Rəbbin kahinlərini öldürün. Ona görə ki onlar da Davudla əlbir olub. Çünki onun qaçdığını bilib bu xəbəri qulağıma çatdırmayıblar». Lakin padşahın adamları əl qaldırıb Rəbbin kahinlərini öldürmək istəmədilər.
18Padşah Edomlu Doeqə dedi: «Dön, bu kahinləri öldür». Edomlu Doeq dönüb kahinləri öldürdü və o gün kətan efod geyən səksən beş kişi öldürüldü.

19Sonra o, kahinlərin şəhəri olan Novu da qılıncdan keçirdi. Kişi, qadın, gənc, körpə bilmədən bütün adamları, eləcə də öküzləri, eşşəkləri və qoyunları qılıncdan keçirdi.
20Axituvun oğlu Aximelekin oğullarından Evyatar adlı bir nəfər qurtulub Davudun yanına qaçdı.
21Evyatar Şaulun Rəbbin kahinlərini öldürdüyünü Davuda xəbər verdi.
22Davud Evyatara dedi: «O vaxt Edomlu Doeq orada olanda mütləq bunu Şaula çatdıracağını anlamışdım. Atanın külfətinin qırılmasına səbəb mən oldum.
23Yanımda qal, qorxma, çünki mənim canımı almaq istəyən sənin də canını almaq istəyir. Əgər yanımda qalsan, salamat olarsan».