Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Şamuel

Birinci Şamuel 23

Help us?
Click on verse(s) to share them!
1Davuda xəbər verərək dedilər: «Budur, Filiştlilər Qeilaya hücum çəkib xırmanları talan edirlər».
2Davud Rəbbə müraciət edib dedi: «Gedib Filiştlilərlə vuruşummu?» Rəbb Davuda dedi: «Get Filiştlilərə hücum et və Qeilanı qurtar».
3Davudun adamları isə ona dedilər: «Bax burada – Yəhudada biz qorxu içərisindəyik. Bəs biz Qeilaya, Filişt ordularına qarşı necə çıxaq?»
4Davud Rəbbə yenidən müraciət etdi və Rəbb ona cavab verib dedi: «Qalx Qeilaya en, çünki Filiştliləri sənə təslim edəcəyəm».
5Davudla adamları Qeilaya gedib Filiştlilərə qarşı hücuma keçdilər. Davud onların mal-qaralarını apardı və Filiştlilərə güclü zərbə vurub Qeila əhalisini qurtardı.
6Aximelekin oğlu Evyatar Qeilaya – Davudun yanına qaçarkən əlində efod enmişdi.
7Davudun Qeilaya gəlməsi Şaula çatdırıldı. Şaul dedi: «Allah onu mənim ovcumun içinə qoyub, çünki cəftəli darvazaları olan bir şəhərə girməklə o özünü çıxılmaz vəziyyətə salıb».
8Şaul Qeilaya enmək və Davudla adamlarını mühasirəyə almaq üçün bütün xalqı müharibəyə çağırdı.
9Şaulun ona pislik etmək istədiyini Davud bilirdi. O, kahin Evyatara dedi: «Efodu bura gətir».
10Davud sözünə davam etdi: «Ey İsrailin Allahı Rəbb, mən ciddi məlumat almışam ki, bu quluna görə şəhəri məhv etmək üçün Şaul Qeilaya gəlmək istəyir.
11Qeila sakinləri məni ona təslim edəcəklərmi? Ey İsrailin Allahı Rəbb, yalvarıram, bunu quluna agah et. Şaul da Sənin qulun eşitdiyi kimi bura enəcəkmi?» Rəbb «o enəcək» dedi.
12O zaman Davud dedi: «Qeilalılar məni və adamlarımı Şaula təslim edəcəkmi?» Rəbb «təslim edəcəklər» dedi.
13Davud təxminən altı yüz nəfər adam ilə qalxıb Qeiladan çıxdı və bu yerdən başqa yerə getdi. Davudun Qeiladan qaçdığını eşidən Şaul oraya getmək fikrindən döndü.
14Davud çöllükdə qalalarda qalıb Zif səhrasındakı dağlıq bölgəsində yaşadı. Şaul hər gün Davudu axtarırdı, lakin Allah onu Şaula təslim etmədi.
15Zif səhrasındakı Xoreşdə olan Davud gördü ki, Şaul onun canını almaq üçün yola çıxıb.
16Şaulun oğlu Yonatan qalxıb Xoreşə, Davudun yanına gəldi və onu Allah naminə ruhlandırdı.
17Ona dedi: «Qorxma, atam Şaulun əlinə düşməyəcəksən, İsrailin padşahı sən olacaqsan, mən səndən sonra ikinci olacağam. Bunu hətta atam Şaul da bilir».
18Sonra ikisi də Rəbbin önündə əhd bağladı və Davud Xoreşdə qaldı, Yonatan isə evinə qayıtdı.

19Ziflilər Giveaya, Şaulun yanına qalxıb dedilər: «Davud bizim yanımızda, Yeşimonun cənubundakı Xakila təpəsində, Xoreşdəki qalalarda gizlənmişdi.
20Ey padşah, indi oraya ensən, ürəyindəki arzuna çatarsan. Onu padşaha təslim etmək bizim payımıza düşər».
21Şaul dedi: «Mənə xeyirxahlıq etdiyiniz üçün Rəbb sizə bərəkət versin.
22Gedin daha yaxşı araşdırın və öyrənin ki, hara ayaq basıb, kimlər onu görüb. Deyirlər ki, o çox hiyləgərdir.
23Gizləndiyi yerlərin hamısını tapıb öyrənin, doğru xəbərlə mütləq yanıma gəlin və mən də sizinlə oraya gedəcəyəm. Əgər o bölgədə olsa, onu bütün Yəhuda tayfaları arasında axtaracağam».
24Ziflilər qalxıb Şauldan qabaq Zifə qayıtdılar. Davudla adamları Yeşimonun cənubunda – Aravadakı Maon səhrasında idi.
25Şaulla adamları onu axtarmaq üçün həmin yerə getdilər. Bu, Davuda xəbər verildi və o da qayalığa enib Maon səhrasında qaldı. Şaul bunu eşidərkən Maon səhrasında Davudu təqib etdi.
26Şaul dağın bir tərəfi, Davudla adamları isə dağın o biri tərəfi ilə getməkdə idi. Davud cəld tərpənib Şaulun qabağından qaçdı, çünki Şaulla adamları Davudla adamlarını tutmaq üçün oranı mühasirəyə alırdılar.
27Bu vaxt Şaulun yanına bir qasid gəlib dedi: «Tez ol, geri qayıt, çünki Filiştlilər ölkəyə hücum ediblər».
28Şaul Davudu təqib etməkdən əl çəkərək Filiştlilərə qarşı döyüşə getdi. Ona görə də o yerə Sela-Hammaxleqot adı verildi.
29Davud oradan çıxıb En-Gedi qalalarında qaldı.