1Şamuel qocalanda oğullarını İsrailə hakim etdi.
2Onun ilk oğlunun adı Yoel, ikincisinin adı isə Aviya idi. Onlar Beer-Şevada hakim idilər.
3Oğulları onun yolu ilə getməyib şərəfsiz qazanc ardınca düşdülər və rüşvət alıb düzgün olmayan hökmlər verirdilər.
4Bütün İsrail ağsaqqalları yığılıb Ramaya – Şamuelin yanına gəldilər.
5Ona dedilər: «Bax sən qocasan və oğulların sənin yolunla getmir. İndi isə digər millətlərdə olduğu kimi bizə bir padşah təyin et ki, bizə hökmranlıq etsin».
6Lakin Şamuel «bizə bir padşah təyin et ki, hökmranımız olsun» deyilən zaman bu sözlərdən narazı qaldı və Rəbbə dua etdi.
7Rəbb Şamuelə dedi: «Sənə dedikləri məsələlərlə əlaqədar xalqın hər sözünə qulaq as, çünki rədd etdikləri sən deyilsən, onlar üzərində hökmranlıq etməyim deyə, yalnız Məni rədd edirlər.
8Onları Misirdən çıxartdığım gündən bu günə qədər yad allahlara qulluq etməklə Məni tərk edirlər. Mənə etdiklərini indi eyni şəkildə sənə edirlər.
9Sən onların sözlərinə qulaq as, amma açıqca xəbərdarlıq et ki, onlara hökmdarlıq edəcək padşahın hakimiyyəti necə olacaq».
10Şamuel ondan padşah istəyən xalqa Rəbbin bütün sözlərini söylədi.
11O dedi: «Sizə hökmdarlıq edəcək padşahın hökmranlığı belə olacaq: oğullarınızı döyüş arabaları və süvari qoşununda xidmət etmək üçün aparacaq və döyüş arabalarının qabağında qaçıracaq.
12Onlardan bəzisini minbaşı və əllibaşı təyin edəcək, bəzisinə torpaqlarını şumladacaq və əkinini biçdirəcək, bəzisini isə hərbi sursat və döyüş arabalarına ləvazimat hazırlamaq üçün işlədəcək.
13Qızlarınızı ətir düzəltmək, aşpaz və çörəkçi işlətmək üçün aparacaq.
14Ən yaxşı tarlalarınızı, üzüm və zeytun bağlarınızı alıb əyanlarına verəcək.
15Taxıllarınızın və üzümlüklərinizin məhsullarından onda birini alıb xadimlərinə və əyanlarına verəcək.
16Qullarınızla qarabaşlarınızı, ən seçmə cavanlarınızı və eşşəklərinizi götürüb öz işində işlədəcək.
17Sürülərinizin onda birini özünə götürəcək və siz onun qulu olacaqsınız.
18Gün gələcək ki, seçdiyiniz padşahın əlindən fəryad edəcəksiniz, amma o vaxt Rəbb sizə cavab verməyəcək».
19Xalq isə Şamuelin sözünə qulaq asmaq istəməyib dedi: «Yox, mütləq üzərimizdə bir padşah olsun.
20Başqa millətlərdə olduğu kimi bizə də padşahımız hökmranlıq etsin, qabağa düşüb döyüşlərimizə başçılıq etsin».
21Şamuel xalqın hər sözünü dinləyib Rəbbə söylədi.
22Rəbb Şamuelə belə dedi: «Onların sözlərinə qulaq as və bir padşah təyin et». Şamuel İsraillilərə «hər kəs öz şəhərinə qayıtsın» dedi.