Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Birinci Şamuel

Birinci Şamuel 14

Help us?
Click on verse(s) to share them!
1Bir gün Şaulun oğlu Yonatan silahdarı olan nökərə dedi: «Gəl qarşı tərəfdə olan Filiştlilərin keşik dəstəsinə keçək». Lakin bunu atasına bildirmədi.
2Şaul isə Givea kənarında Miqrondakı nar ağacı altında oturmuşdu, yanındakı xalq altı yüz nəfərə qədər idi.
3Şiloda Rəbbin kahini, Eli oğlu Pinxas oğlu İkavodun qardaşı Axituvun oğlu Axiya efod geyinmişdi. Yonatanın getdiyindən xalqın xəbəri yox idi.
4Filiştlilərin keşik dəstəsinə getmək üçün Yonatanın keçmək istədiyi keçidlər iki şişuclu qayalığın arasında idi. Qayalıqlardan birinin adı Boses, o birinin adı isə Sene idi.
5Qayalıqlardan biri şimal tərəfdən Mikmasa, o biri qayalıq isə cənub tərəfdən Gevaya baxırdı.
6Yonatan silahdarı olan nökərə dedi: «Gəl bu sünnətsizlərin keşik dəstəsinə keçək, bəlkə Rəbb bizim üçün bir iş gördü. Çünki həm çox, həm də az adamların üzərində qələbə çalmaq üçün Rəbbə mane olan yoxdur».
7Silahdarı ona dedi: «Ürəyin necə istəyirsə, elə də et. Get bax, mən səninləyəm, çünki ürəyimizin istəyi birdir».
8Yonatan dedi: «Gəl bu adamlara tərəf gedib özümüzü onlara göstərək.
9Əgər bizə “sizin yanınıza biz gələnə qədər dayanın” desələr, o zaman yerimizdə durub onların yanına çıxmarıq.
10Lakin “yanımıza çıxın”, desələr, o zaman yerimizdən durub onların yanına qalxarıq, çünki Rəbb onları bizə təslim etmişdir və bu bizim üçün əlamət olacaq».
11İkisi də özünü Filiştlilərin keşik dəstəsinə göstərdi. Filiştlilər isə dedilər: «Bax İbranilər gizləndikləri deşiklərdən çıxırlar».
12Əsgərlər Yonatana və onun silahdarına dedilər: «Yanımıza çıxın, sizin dərsinizi verək». Yonatan silahdarına dedi: «Ardımca gəl, çünki Rəbb onları İsrailə təslim etdi».
13Yonatan, onun ardınca silahdarı əl və ayaqları ilə yuxarı dırmaşdılar, Yonatan Filiştliləri vurub yıxır, arxadan silahdarı onları öldürürdü.
14Bu ilk döyüşdə yarım sahə torpaqda Yonatanla silahdarı iyirmi nəfərə qədər adamı qırdı.
15Ordugaha, çölə, bütün xalq arasına vəlvələ düşdü. Keşikçi əsgərlər və qarət hücumçuları arasına elə bir çaxnaşma düşdü ki, yer sarsıldı. Bu, Allah xofu idi.
16Şaulun Binyamində olan Givea şəhərindəki gözətçiləri baxanda gördülər ki, Filişt qoşunu dağılıb ora-bura qaçır.
17Şaul yanında olan xalqa dedi: «İndi sayın, görün bizdən kim yoxdur». Saydıqları zaman Yonatanla silahdarı olmadı.
18Şaul Axiyaya dedi: «Allahın sandığını buraya gətirin». Çünki o vaxtlar Allahın sandığı İsraillilərin yanında idi.

19Şaul kahinə bunu deyərkən Filiştlilərin ordugahından gurultu getdikcə çoxalırdı və Şaul kahinə «Əl saxla!» dedi.
20Şaul və yanında olan bütün xalq yığılıb döyüş meydanına getdilər. Budur, Filiştlilərdən hər bir kəs qılıncını öz ətrafındakı qonşusuna qarşı çıxartdı və çox böyük çaşqınlıq yarandı.
21Əvvəlcədən Filiştlilər tərəfinə keçən İbranilər Filiştlilərlə bərabər ordugaha gəlmişdilər. Onlar da Şaulun və Yonatanın yanında olan İsraillilərlə birləşdilər.
22Efrayim dağlıq bölgəsində gizlənən bütün İsraillilər də Filiştlilərin qaçdığını eşitdikdə öz döyüş meydanından Filiştliləri qovmağa başladılar.
23Beləcə o gün Rəbb İsrailə qələbə qazandırdı və döyüş Bet-Avendən o tərəfə keçdi.
24İsraillilər o gün çox yorulmuşdu. Çünki Şaul «Axşama qədər, Şaul düşmənlərindən qisas alana qədər kim çörək yesə, lənətə gəlsin!» deyərək onlara and içdirmişdi. Xalqdan heç kim dilinə heç nə vurmadı.
25Bütün xalq meşəyə getdi və torpaq üzərində olan bal şanısına rast gəldi.
26Xalq meşədə bal şanısına rast gələndə şanıdan bal süzülürdü, lakin heç kəs əlini ağzına aparmırdı, çünki xalq anddan qorxurdu.
27Lakin Yonatan atasının xalqa and içdirdiyini eşitməmişdi. O, əlindəki dəyənəyi uzadıb ucunu şanı balına batıraraq əlini ağzına apardı və gözlərinə işıq gəldi.
28Camaat arasından bir nəfər dedi: «“Bu gün kim çörək yesə, lənətə gəlsin!” deyə atan xalqa möhkəm and içdirmiş, buna görə də xalq taqətdən düşmüşdü».
29Yonatan dedi: «Atam ölkəyə əzab verir. Rica edirəm, baxın bu baldan bir az daddım, gör necə gözlərim işıqlandı!
30Əgər bu gün düşmənlərdən ələ keçirilən yeməkləri xalq doyunca yemiş olsaydı, gör nələr olardı? O zaman Filiştlilər arasında daha böyük qırğın olmazdımı?»
31Həmin gün İsraillilər Mikmasdan Ayyalona qədər Filiştliləri məğlub etdilər. Xalq çox yorğun idi.
32Ona görə də düşmən malının üstünə düşüb qoyunları, öküzləri, buğaları yerindəcə kəsdilər və onları qanlı-qanlı yedilər.
33Bunu Şaula xəbər verdilər: «Bax xalq əti qanlı-qanlı yeyərək Rəbbə qarşı günah edir». Şaul dedi: «Xəyanət etmisiniz, indi isə yanıma böyük bir daş yuvarlayın».
34Şaul sözünə davam etdi: «Xalqın arasına gedib onlara deyin: “Hər kəs öküzünü, qoyununu yanıma gətirsin və burada kəsib yesin. Əti qanlı-qanlı yeyərək Rəbbə qarşı günah etməyin”». Bütün xalq o gecə öküzünü öz əli ilə oraya gətirib kəsdi.
35Şaul Rəbbə bir qurbangah düzəltdi. Bu onun Rəbb üçün qurduğu ilk qurbangah idi.
36Şaul dedi: «Filiştlilərin ardınca gecə ikən düşək ki, dan yeri sökülənə qədər onları talan edək və onlardan heç kimi sağ buraxmayaq». Ona dedilər: «Gözündə nə xoşdursa, onu da et». Kahin isə dedi: «Gəlin buraya – Allahın hüzuruna yaxınlaşaq».

37Şaul Allahdan soruşdu: «Mən Filiştlilərin ardınca düşümmü? Sən onları İsraillilərə təslim edəcəksənmi?» Lakin həmin gün Allah ona cavab vermədi.
38Şaul dedi: «Ey bütün xalq başçıları, buraya yaxınlaşın, bu gün hansı günah etdiyinizi öyrənin və görün.
39Çünki İsraili qurtaran, var olan Rəbbə and olsun, bu işdə oğlum Yonatan təqsirkar olsa belə, mütləq ölməlidir». Lakin xalq arasından ona cavab verən olmadı.
40Şaul bütün İsraillilərə dedi: «Siz bir tərəfdə, mən də oğlumla başqa bir tərəfdə duraq». Xalq Şaula dedi: «Gözündə nə xoşdursa, onu da et».
41Şaul İsrailin Allahı Rəbbə dedi: «Həqiqəti üzə çıxart!» Püşk Şaulla Yonatana düşdü. Xalq təmizə çıxdı.
42Şaul dedi: «Mənimlə oğlum Yonatan arasında da püşk atın». Püşk Yonatana düşdü.
43Şaul Yonatana dedi: «Nə etmisən, mənə bildir!» Yonatan ona dedi: «Ancaq əlimdə olan dəyənəyin ucu ilə bir az bal dadmışam, buna görə ölməliyəmmi?»
44Şaul dedi: «Yonatan, əgər mən səni öldürməsəm, Allah mənə beləsini və bundan betərini etsin! Sən mütləq ölməlisən».
45Xalq Şaula belə dedi: «İsraildə belə böyük qurtuluş zəfəri çalan Yonatanmı öləcək? Əsla! Var olan Rəbbə and olsun, onun başından bir tük belə, yerə düşməyəcək. Çünki bu gün o, Allahın köməyi ilə iş gördü». Beləliklə, xalq Yonatanı qurtardı və o ölmədi.
46Şaul daha Filiştliləri təqib etməyib geri qayıtdı və Filiştlilər öz yerlərinə qayıtdılar.
47Beləliklə, Şaul İsrail üzərində padşah olandan sonra ətrafdakı bütün düşmənlərinə – Moavlılara, Ammonlulara, Edomlulara, Sova padşahlarına və Filiştlilərə qarşı döyüşdü. Hansı tərəfə gedərdisə, onların başına bəla gətirirdi.
48O şücaət göstərərək Amaleqliləri məğlub etdi və İsraili talan edənlərin əlindən qurtardı.
49Şaulun oğulları Yonatan, İşvi və Malki-Şua idi. İki qızından böyüyünün adı Merav, kiçiyinin adı isə Mikal idi.
50Şaulun arvadının adı Aximaas qızı Axinoam idi. Ordu başçısı Şaulun əmisi Nerin oğlu Avner idi.
51Şaulun atası Qişlə Avnerin atası Ner Avielin oğulları idi.
52Şaul ömrü boyu Filiştlilərə qarşı şiddətli döyüşlərdə oldu və o, güclü yaxud da cəsur bir adam görən zaman öz yanına götürürdü.