Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - 1 Korinflilərə

1 Korinflilərə 12

Help us?
Click on verse(s) to share them!
1Qardaşlar, indi isə ruhani ənamlara gəlincə, bixəbər olmağınızı istəmirəm.
2Bilirsiniz ki, siz bütpərəst olarkən necə tovlana-tovlana dilsiz-ağızsız bütlərə tərəf yönəldiniz.
3Buna görə sizi xəbərdar edirəm ki, Allahın Ruhu vasitəsilə danışan heç kim «İsaya lənət olsun» deməz və heç kim Müqəddəs Ruh vasitəsi olmadan «İsa Rəbdir!» deyə bilməz.
4Müxtəlif ənamlar var, amma Ruh eynidir.
5Müxtəlif növlü xidmətlər var, amma Rəbb eynidir.
6Müxtəlif fəaliyyətlər də var, amma hamısını hər adamda göstərən Allah eynidir.
7Lakin Ruh hər kəsə xeyri üçün aşkar olunur.
8Birinə Ruh vasitəsilə hikmət sözü, başqasına isə eyni Ruhla bilik sözü verilir.
9Digərinə isə eyni Ruh imanı, o birisinə həmin Ruh şəfa ənamlarını verir.
10Birinə möcüzə yaratmaq, başqasına peyğəmbərlik, digərinə ruhları ayırd etmək qabiliyyəti, bir başqasına müxtəlif dillərdə danışmaq, o birisinə bu dilləri izah etmək ənamı verilir.
11Bunların hamısı tək və eyni Ruhun fəaliyyətidir. Ruh bu ənamları hər kəsə Öz istədiyi tərzdə paylayır.
12Bədən birdir və üzvləri çoxdur. Bədən üzvləri çox olduğu halda bir bədən təşkil edir. Məsih də belədir;
13çünki istər Yəhudi, istər Yunan, istər qul yaxud azad, hamımız bir bədən olmaq üçün bir Ruhla vəftiz olunmuşuq və hamımız eyni Ruhdan içirilmişik.
14Bədən tək üzvdən deyil, çox üzvdən ibarətdir.
15Ayaq «mən əl olmadığıma görə bədənə aid deyiləm» desə, bu səbəbdən bədəndən kənar deyil.
16Qulaq «mən göz olmadığıma görə bədənə aid deyiləm» desə, bu səbəbdən bədəndən kənar deyil.
17Bütün bədən gözdən ibarət olsaydı, necə eşidərdik? Bütün bədən qulaq olsaydı, necə iy bilərdik?
18Amma Allah istədiyi tərzdə bədən üzvlərinin hər birini bədəndə yerləşdirdi.

19Əgər hamısı bir üzv olsaydı, bədən nə vəziyyətdə qalardı?
20Doğrudan da, üzv çox, bədən isə birdir.
21Göz ələ «sən mənə lazım deyilsən» və yaxud baş da ayaqlara «siz mənə lazım deyilsiniz» deyə bilməz.
22Əksinə, bədənin daha zəif görünən üzvləri daha çox lazımlıdır,
23dəyəri az saydığımız bədən üzvlərini daha çox dəyərləndiririk, görünməyən üzvlərimizə də xüsusi qayğı göstəririk.
24Görünən üzvlərimizin isə buna ehtiyacı yoxdur. Lakin Allah aşağı tutulan üzvü daha çox dəyərləndirərək bədəni elə düzəltdi ki,
25bədəndə ayrı-seçkilik olmasın, əksinə, bütün üzvlər bir-birinə eyni qayğı göstərsin.
26Buna görə əgər bir üzv əzab çəkirsə, başqaları da onunla birgə əzab çəkir. Üzvlərdən biri şərəfə çatırsa, başqaları da onunla birgə sevinir.
27Siz də Məsihin bədənisiniz, ayrı-ayrılıqda isə bu bədənin üzvlərisiniz.
28Allah imanlılar cəmiyyətində birinci yerdə həvarilər, ikinci yerdə peyğəmbərlər, üçüncü yerdə də müəllimlər təyin etdi. Sonra bəzilərinə möcüzə yaratmağı, habelə şəfa ənamlarını, yardımçılığı, idarəçiliyi, müxtəlif dillərdə danışmağı verdi.
29Hamı həvaridirmi? Hamı peyğəmbərdirmi? Hamı müəllimdirmi? Hamı möcüzə yarada bilirmi?
30Hamının şəfa ənamları varmı? Hamı naməlum dillərdə danışırmı? Hamı belə dilləri izah edə bilirmi?
31Amma daha böyük ənamları səylə istəyin. İndi isə sizə bundan da əla yol göstərəcəyəm.