Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - 1 Korinflilərə

1 Korinflilərə 9

Help us?
Click on verse(s) to share them!
1Mən azad deyiləmmi? Həvari deyiləmmi? Rəbbimiz İsanı görməmişəmmi? Siz Rəbdə etdiyim əməlin səmərəsi deyilsinizmi?
2Əgər başqaları üçün həvari deyiləmsə, heç olmasa sizin üçün həvariyəm. Çünki Rəbdə siz mənim həvariliyimin möhürüsünüz.
3Mən işlərimi təhlil edənlərə qarşı belə müdafiə olunuram:
4məgər bizim yeyib-içməyə ixtiyarımız yoxdur?
5Məgər digər həvarilər, Rəbbin qardaşları və Kefa kimi yanımızda imanlı arvadımızı gəzdirməyə ixtiyarımız yoxdur?
6İşləməyib dolanmaq üçün yalnız mənim və Barnabanın ixtiyarı yoxdur?
7Kim öz hesabı ilə əsgərlik çəkər? Kim üzüm bağı salıb barından yeməz? Kim sürünü otarıb südündən içməz?
8Məgər mən ancaq insanların düşündüyü kimi danışıram? Qanun eyni şeylər demirmi?
9Çünki Musanın Qanununda yazılıb: «Xırman çəkən öküzün ağzını bağlama». Allah öküzlərinmi qayğısına qalır,
10yoxsa bu sözlər tamamilə bizə aid deyil? Əlbəttə, bu bizim üçün yazılmışdır, çünki cütçü ümidlə şumlamalı, xırmançı da məhsula ortaq olmaq ümidi ilə taxılı döyməlidir.
11Əgər biz aranızda ruhani toxumlar əkdiksə, sizdən maddi bir məhsul yığsaq, çoxdurmu?
12Əgər başqalarının sizdən bunu istəməyə ixtiyarı varsa, bizim buna daha çox ixtiyarımız yoxdurmu? Bizsə bu ixtiyardan istifadə etməmişik. Bunun əvəzinə Məsihin Müjdəsinin yayılmasına mane olmamaq üçün hər şeyə dözürük.
13Məgər bilmirsiniz ki, məbəddə iş görənlər məbədə gətirilən təqdimlərdən qidalanır və qurbangahın xidmətçiləri qurbangahdan öz paylarını götürürlər?
14Beləcə də Rəbb Müjdəni elan edənlərə Müjdədən dolanmağı əmr etmişdir.
15Amma mən bu hüquqların heç birindən istifadə etməmişəm. Bunları yazmıram ki, mənə də belə edəsiniz. Fəxr etməyim üçün bu əsası heç kim boşa çıxarmaz! Belə olmaqdansa, ölməyim daha yaxşıdır.
16Müjdəni yaymaqsa fəxr etməyim üçün əsas deyil. Çünki bu mənim mühüm borcumdur, əgər Müjdəni yaymıramsa, vay halıma!
17Əgər bunu könüllü olaraq edirəmsə, mükafatım var. Yox, əgər bunu könüllü etmirəmsə, mənə tapşırılan vəzifəmi yerinə yetirirəm.
18Bəs onda mükafatım nədir? Mükafatım budur ki, Müjdəni yayaraq müftə vəz edirəm və Müjdəni yaymaqdan gələn ixtiyarımdan tam istifadə etmirəm.

19Mən azadam və heç kəsə məxsus deyiləm, amma mümkün qədər çox insan əldə etmək üçün özümü hamıya qul etdim.
20Yəhudiləri əldə etmək üçün Yəhudilərlə Yəhudi kimi davrandım. Mən Qanun altında olmasam da, Qanun altında olanları əldə etmək üçün Qanun altında olanlarla Qanun altında olan kimi davrandım.
21Özüm Allahın qanunundan kənar deyil, Məsihin qanununa tabeyəmsə də, Qanundan kənar olanları əldə etmək üçün onlarla Qanundan kənar olan kimi davrandım.
22Zəifləri əldə etmək üçün onlarla zəif kimi davrandım. Hər hansı bir yolla bəzilərini xilas etmək naminə hər kəs üçün hər şey oldum.
23Bunun hamısını Müjdə uğrunda, onun bərəkətinə şərik olum deyə edirəm.
24Qaçışda yarışanların hamısının qaçdığını, amma təkcə bir nəfərin mükafat aldığını bilmirsinizmi? Elə qaçın ki, mükafatı qazanasınız.
25Yarışda iştirak edən hər kəs hər cəhətdən öz nəfsinə hakimdir. Onlar bunu solub gedən dəfnə çələngi almaq üçün edər, biz isə solmaz tac almaq üçün çalışırıq.
26Beləliklə, mən də məqsədsiz qaçmıram. Havanı vuran adam kimi yumruq atmıram.
27Lakin bədənimi məcburən özümə qul edirəm ki, başqalarına vəz edəndən sonra mükafatımdan məhrum olmayım.