Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - 1 Korinflilərə

1 Korinflilərə 15

Help us?
Click on verse(s) to share them!
1İndi, qardaşlar, sizə bəyan etdiyim və qəbul edib əsaslandığınız Müjdəni yadınıza salmaq istəyirəm.
2Əgər sizə bəyan etdiyim sözə bağlanmısınızsa, o Müjdə ilə də xilas olmaqdasınız, yoxsa əbəs yerə iman etmisiniz.
3Özümün də qəbul etdiyim bu ən əhəmiyyətli təlimi sizə çatdırdım: Müqəddəs Yazılara uyğun olaraq, Məsih günahlarımız üçün öldü,
4dəfn olundu və Müqəddəs Yazılara uyğun olaraq, üçüncü gün dirildi.
5O əvvəl Kefaya, sonra On İki şagirdə göründü.
6Bundan sonra beş yüzdən çox bacı-qardaşa eyni anda göründü. Bu bacı-qardaşlardan çoxu indi də yaşayır, bəziləri isə vəfat etmişdir.
7Məsih daha sonra Yaquba, sonra bütün həvarilərə göründü.
8Hamıdan sonra isə vaxtından əvvəl doğulmuş bir uşağa bənzəyən mənə də göründü.
9Çünki mən həvarilərin ən kiçiyiyəm və Allahın cəmiyyətini təqib etdiyim üçün həvari adlanmağa layiq deyiləm.
10Amma indi hər nəyəmsə, Allahın lütfü ilə eləyəm. Onun mənə göstərdiyi lütf əbəs deyildi, çünki mən hamıdan çox zəhmət çəkdim. Əslində mən yox, Allahın mənimlə birgə fəaliyyətdə olan lütfü bu zəhməti çəkdi.
11Beləcə istər mən, istərsə də onlar bu cür vəz edirik; siz də belə iman etmisiniz.
12Əgər Məsih haqqında vəz olunursa ki, O, ölülər arasından dirildi, sizlərdən bəzisi ölülərin dirilməsinin olmadığını necə söyləyə bilər?
13Əgər ölülərin dirilməsi yoxdursa, Məsih də dirilməyib.
14Əgər Məsih dirilməyibsə, onda həm bizim vəzimiz puç, həm də sizin imanınız puçdur.
15Belə halda Allah barədə yalançı şahid olduğumuz da aşkara çıxacaq. Çünki biz Allah barədə şəhadət etdik ki, O, Məsihi diriltdi. Amma ölülər dirilməzsə, Allah Məsihi də diriltmədi.
16Çünki əgər ölülər dirilməzsə, Məsih də dirilməyib.
17Əgər Məsih dirilməyibsə, imanınız da əbəsdir, siz hələ günahlarınızın içindəsiniz.
18Onda Məsihdə vəfat edənlər əbədilik öldülər.

19Əgər yalnız bu həyat üçün Məsihə ümid bağlamışıqsa, biz hamıdan yazığıq.
20Əslində Məsih ölülər arasından, vəfat edənlərin ilki olaraq dirildi.
21Ölüm bir insan vasitəsilə gəldiyinə görə ölülərin dirilməsi də bir İnsan vasitəsilə gəlir.
22Adəmdə hamı öldüyü kimi Məsihdə də hamı həyata qovuşacaq.
23Hər biri öz növbəsi ilə – ilk növbədə Məsih, sonra Məsihin zühurunda Məsihə məxsus olanlar həyata qovuşar.
24Bundan sonra O hər başçını, hər hakimi və hər qüvvəni aradan götürüb Padşahlığı Ata Allaha təslim edəcəyi zaman hər şey tamamlanacaq.
25Çünki Allah Onun bütün düşmənlərini ayaqlarının altına salanadək O, padşahlıq etməlidir.
26Aradan götürüləcək son düşmən isə ölümdür.
27Çünki Allah «hər şeyi Onun ayağının altına qoydu». Amma Məsihə hər şey tabe oldu deyiləndə aydın olur ki, hər şeyi Ona tabe etdirən Allah buraya daxil deyil.
28Hər şey Oğula tabe olandan sonra Oğul Özü də Ona hər şeyi tabe etdirən Ataya tabe olacaq ki, Allah hər şeydə hər şey olsun.
29Yoxsa ölülər uğrunda vəftiz olunanlar nə edəcək? Əgər ölülər heç vaxt dirilməsə, insanlar ölülər uğrunda niyə vəftiz olunur?
30Biz də nə üçün hər an təhlükələrə uğrayırıq?
31Ey qardaşlar, Rəbbimiz Məsih İsada sizinlə etdiyim fəxrin haqqı üçün mən hər gün ölümlə qarşılaşıram.
32Adi insanların bəslədiyi ümidlərlə Efesdə vəhşi heyvanlarla mübarizə aparmağımın mənə xeyri nə idi? Əgər ölülər dirilməzsə, «qoy yeyib-içək, çünki sabah öləcəyik!»
33Aldanmayın: «Pis adamlarla ünsiyyət yaxşı əxlaqı pozur».
34Ayılın, saleh olun, daha günaha batmayın. Axı bəziləriniz Allah barəsində heç nə bilmir. Utanasınız deyə bunu yazıram.
35Lakin bir nəfər belə deyə bilər: «Ölülər necə diriləcək? Onlar nə cür bədənlə gələcəklər?»
36Ey ağılsız insan! Sənin əkdiyin toxum ölməsə, həyata qovuşmaz!

37Əkərkən hasil olacaq bədəni deyil, yalnız toxumu – bəlkə buğdanın ya digər bitkinin toxumunu əkirsən.
38Amma Allah o toxuma istədiyi quruluşu verir. O hər bir bitən toxuma özünə məxsus quruluş verir.
39Hər canlı məxluqun əti eyni deyil. İnsan əti başqa, heyvan əti başqa, quş əti başqa, balıq əti başqadır.
40Səma cisimləri var, dünya cisimləri də var. Amma səmavi olanların ehtişamı başqa, dünyəvi olanların da başqadır.
41Günəşin ehtişamı başqa, ayın ehtişamı başqa, ulduzların ehtişamı başqadır. Ulduz da digər ulduzdan ehtişamına görə fərqlənir.
42Ölülərin dirilməsi də belədir. Əkilən toxum çürüyər, ondan əmələ gəlib dirilən bədən çürüməz;
43əkilən toxum hörmətsiz, dirilən bədən izzətlidir; əkilən toxum zəif, dirilən bədən qüvvətlidir;
44əkilən toxum təbii, dirilən bədən ruhanidir. Təbii bədən varsa, ruhani bədən də var.
45Necə ki yazılıb: ilk insan Adəm «canlı bir varlıq oldu». Sonuncu Adəm isə həyat verən ruh oldu.
46Amma ilkin ruhani deyil, təbii bədəndir. Ruhani isə sonra gəlir.
47İlk insan yerin torpağından, ikinci İnsan göydən yarandı.
48Torpaqdan yaranan adam necədirsə, torpaqdan yarananlar da elədir; səmavi Adam necədirsə, səmavilər də elədir.
49Biz torpaqdan yarananın surətini necə gəzdiririksə, səmavi Olanın surətini də elə gəzdirəcəyik.
50Ey qardaşlar, bunu demək istəyirəm ki, ət və qan Allahın Padşahlığını irs olaraq ala bilməz, eləcə də çürüyən bədən çürüməzliyi irs olaraq almaz.
51Baxın sizə bir sirr açmaq istəyirəm: hamımız vəfat etməyəcəyik,
52amma son şeypur çalınanda bir andaca, bir göz qırpımındaca hamımız dəyişiləcəyik. Çünki şeypur çalınacaq, ölülər çürüməzliklə diriləcək, bizsə dəyişiləcəyik.
53Çünki bu çürüyən bədən çürüməzliyə, bu ölümə düçar olan bədən ölməzliyə bürünməlidir.
54Çürüyən bədən çürüməzliyə və ölümə düçar olan bədən ölməzliyə büründükdə «Ölüm yox edildi, Onun üzərində qələbə çalındı!» deyə yazılmış söz yerinə yetəcək.

55«Ey ölüm, qələbən hanı? Ey ölüm, neştərin hanı?»
56Ölümün neştəri günahdır, günah isə gücünü Qanundan alır.
57Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!
58Beləliklə, ey sevimli qardaşlarım, Rəbdə çəkdiyiniz zəhmətin boşa çıxmayacağını bilərək möhkəm durun, sarsılmayın, hər zaman Rəbbin işində səylə çalışın.