Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - 1 Korinflilərə

1 Korinflilərə 11

Help us?
Click on verse(s) to share them!
1Mən Məsihdən nümunə götürdüyüm kimi siz də məndən nümunə götürün.
2Hər işdə məni xatırladığınız və sizə tapşırdığım təlimlərə sadiq qaldığınız üçün sizi tərifləyirəm.
3Bunu da bilmənizi istəyirəm ki, hər kişinin başı Məsih, arvadın başı ər, Məsihin başı isə Allahdır.
4Başına nə isə qoyub dua yaxud peyğəmbərlik edən hər kişi öz başını şərəfsiz edir.
5Başıaçıq dua yaxud peyğəmbərlik edən hər qadın da öz başını şərəfsiz edir. Belə qadınla saçları qırxılmış qadın arasında fərq yoxdur.
6Əgər qadın başını örtmürsə, qoy saçlarını qısa kəssin. Amma əgər qadın üçün saçını qısa kəsməsi yaxud qırxması ayıbdırsa, qoy başını örtsün.
7Beləliklə, kişiyə Allahın surəti və izzəti olduğuna görə başını örtmək olmaz. Qadınsa kişinin izzətidir.
8Çünki kişi qadından yox, qadın kişidən yarandı.
9Kişi qadın üçün yox, qadın kişi üçün yaradıldı.
10Bu səbəbdən mələklərə görə qadının başı üzərində ixtiyarı olmalıdır.
11Hər halda Rəbdə nə qadın kişidən, nə də kişi qadından müstəqildir.
12Çünki qadın kişidən yarandığı kimi kişi də qadın vasitəsilə yaranır və hər şey Allahdan yaranır.
13Özünüz qərara gəlin, Allaha başıaçıq dua etmək qadına yaraşarmı?
14Məgər təbiətin özü sizə kişinin saçı uzun olmasının özü üçün hörmətsizlik,
15qadının saçlarının uzun olması isə onun üçün şərəf olduğunu öyrətmir? Çünki qadına saç örtük kimi verilib.
16Bu barədə kim mübahisə etmək istəyirsə, bilsin ki, bizim də, Allahın cəmiyyətlərinin də belə bir adəti yoxdur.
17Sizin toplantılarınız xeyirdən çox zərər gətirdiyinə görə aşağıda yazılan əmrlərdən çıxış edərək sizi tərifləmirəm.
18Çünki əvvəl eşitmişəm ki, cəmiyyətdə yığılanda aranızda dəstəbazlıq olur. Buna mən bir az da olsa, inanıram.

19Çünki Allahın sınaqdan keçmiş adamları bəlli olsun deyə aranızda firqələrə bölünmə olmalıdır!
20Xüsusən bir yerə toplaşanda yediyiniz Rəbbin süfrəsi deyil.
21Çünki biriniz o birisini gözləmədən süfrənizi açırsınız və biri ac qalır, o birisi isə sərxoş olur.
22Yeyib-içmək üçün evləriniz yoxdurmu? Bəlkə siz Allahın cəmiyyətinə xor baxırsınız və yoxsulları utandırmaq istəyirsiniz? Sizə nə deyim? Sizi tərifləyimmi? Əsla! Bu işdə sizi tərifləməyəcəyəm.
23Çünki sizə çatdırdığım bu xəbəri Rəbbin Özündən qəbul etmişəm: Rəbb İsa Ona xəyanət edildiyi gecə əlinə çörək götürdü,
24şükür edib onu böldü və dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin».
25Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir. Bunu hər dəfə içəndə Məni xatırlamaq üçün edin».
26Çünki hər dəfə bu çörəyi yeyəndə və bu kasadan içəndə siz Rəbbin gəlişinədək Onun ölümünü bəyan edirsiniz.
27Buna görə də kim layiq olmayan tərzdə Rəbbin bu çörəyini yeyib yaxud Onun kasasından içsə, Rəbbin bədəninə və qanına qarşı təqsirkardır.
28Bunun əvəzinə qoy insan özünü yoxlasın və sonra bu çörəkdən yeyib bu kasadan içsin.
29Çünki kim Rəbbin bədənini dərk etməmiş yeyib-içsə, yeyib-içərək öz üzərinə mühakimə gətirir.
30Bu səbəbdən də bir çoxunuz zəif və xəstədir, bəziləri isə vəfat etmişdir.
31Əgər biz özümüzü düzgün dərk etsəydik, mühakiməyə düşməzdik.
32Rəbb bizi mühakimə edəndə dünya ilə birlikdə məhkum olunmayaq deyə bizi tərbiyə edir.
33Beləliklə, qardaşlarım, yeməyə toplaşanda bir-birinizi gözləyin.
34Ac olan varsa, qoy evində yesin ki, toplantınız mühakiməyə çevrilməsin. Qalan məsələləri isə özüm gələndə nizama salacağam.