Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - 1 Korinflilərə

1 Korinflilərə 14

Help us?
Click on verse(s) to share them!
1Məhəbbətin ardınca gedin və ruhani ənamları, xüsusilə, peyğəmbərlik ənamını səylə istəyin.
2Çünki naməlum dildə danışan, adamlarla yox, Allahla danışır. Onu heç kim başa düşmür. O, Ruh vasitəsilə sirlər söyləyir.
3Peyğəmbərlik edənsə adamlarla onları ruhən inkişaf etdirmək, həvəsləndirmək və təsəlli vermək üçün danışar.
4Naməlum dildə danışan özünü inkişaf etdirir, peyğəmbərlik edənsə cəmiyyəti inkişaf etdirir.
5İstərdim ki, hamınız dillərdə danışasınız, daha yaxşı olar ki, peyğəmbərlik edəsiniz. Çünki cəmiyyətin inkişafı üçün peyğəmbərlik edən insan dillərdə danışan və izah etməyən insandan üstündür.
6İndi isə, qardaşlar, yanınıza gəlib dillərdə danışsam, amma nazil olan sözü, bilik, peyğəmbərlik yaxud təlim sözünü sizə deməsəm, sizə nə xeyrim dəyər?
7Tütək ya da çəng kimi cansız alətlər fərqli səslər çıxarmazsa, eşidən nə çalındığını necə bilər?
8Əgər şeypur aydın olmayan səs çıxararsa, döyüşə kim hazırlaşar?
9Eyni tərzdə də əgər siz dilinizlə anlaşılan sözlər söyləməsəniz, dediyinizi necə başa düşərlər? Siz havaya danışmış olursunuz!
10Şübhəsiz, dünyada bir çox cürbəcür danışıqlar var və onlardan heç biri mənasız deyil.
11Amma söylənilən danışığın mənasını bilmirəmsə, mən danışan üçün yadelli oluram, danışan da mənə yadelli olur.
12Eləcə siz də ruhani ənamları səylə istədiyiniz üçün cəmiyyəti inkişaf etdirən ənamlarda üstün olmağa çalışın.
13Bu səbəbdən də naməlum dildə danışan öz dediklərini izah edə bilməsi üçün dua etsin.
14Çünki əgər mən naməlum dildə dua edirəmsə, ruhum dua edir, amma şüurum bəhrəsiz qalır.
15Bəs mən nə edim? Ruhən də, şüurlu surətdə də dua edəcəyəm, ruhən də, şüurlu surətdə də ilahi oxuyacağam.
16Təlim öyrənməmiş adamın vəziyyətini nəzərə al. Sən yalnız ruhən şükür duası edirsənsə, o sənin şükranına necə «Amin!» desin? Axı sənin nə dediyini başa düşmür.
17Əlbəttə, sən yaxşı şükür edirsən, amma bu adam inkişaf edə bilməz.
18Mən dillərdə hamınızdan çox danışdığım üçün Allaha şükür edirəm.

19İmanlılar cəmiyyətində isə naməlum dildə minlərlə söz deməkdənsə başqalarını öyrətmək üçün şüurlu surətdə beş kəlmə deməyi üstün tuturam.
20Qardaşlar, əqlən uşaq olmayın. Pisliyə münasibətdə körpə olun, amma əqlən yetkin olun.
21Qanunda yazılıb: «Rəbb deyir: “Bu xalqla yadellilərin ağzı ilə, Başqalarının dilləri ilə danışacağam. Amma onlar hətta o vaxt məni eşitmək istəməyəcəklər”».
22Beləliklə, naməlum dillər iman edənlər üçün deyil, imansızlar üçün bir əlamətdir. Peyğəmbərlik isə iman etməyənlər üçün deyil, imanlılar üçündür.
23Əgər bütün cəmiyyət bir yerdə toplaşıb, hamı naməlum dillərdə danışmağa başlayarsa və təlim öyrənməmiş adamlar yaxud iman etməyənlər oraya girərlərsə, deməzlər ki, siz ağlınızı itirmisiniz?
24Amma hamı peyğəmbərlik edirsə və oraya iman etməyən yaxud təlim öyrənməmiş adam girirsə, o hamı tərəfindən inandırılacaq, hər sözlə özünü araşdıracaq.
25Ürəyindəki gizli fikirlər aşkara çıxacaq və o üzüstə yerə döşənib Allaha səcdə edəcək və «Allah, həqiqətən, aranızdadır!» deyib nida edəcək.
26Bəs onda nə deyək, ey qardaşlar? Toplaşanda hər birinizin bir ilahisi, bir dərsi, bir nazil olan sözü, bir naməlum dildə sözü, bir izahı var. Qoy bunlar hamısı bir-birinizin inkişafı üçün olsun.
27Əgər kimsə naməlum dildə danışırsa, iki yaxud ən çox üç adam növbə ilə danışsın, bir nəfər də izah etsin.
28Əgər izah edən yoxdursa, naməlum dildə danışan cəmiyyətdə sussun, yalnız özü ilə və Allahla danışsın.
29İki ya üç peyğəmbər danışsın, başqaları isə onların dediklərini ayırd etsin.
30Əgər oturanlardan birinə nazil olan söz gələrsə, ilk danışan sussun.
31Çünki hamınız bir-birinizin ardınca peyğəmbərlik edə bilərsiniz ki, hamınız təlim öyrənib ruhlanasınız.
32Peyğəmbərlərin ruhları da peyğəmbərlərə tabe olur.
33Çünki Allah qarışıqlıq deyil, sülh qaynağıdır. Müqəddəslərin bütün cəmiyyətlərində belədir.
34Qadınlar cəmiyyət toplantılarında sussun, çünki onlara danışmağa icazə verilmir; onlar Qanunun da buyurduğu kimi tabe olsunlar.
35Öyrənmək istədikləri bir şey varsa, evdə ərlərindən soruşsunlar. Çünki qadına cəmiyyətdə danışmaq ayıbdır.
36Məgər Allahın kəlamı siz Korinflilərdən qaynaqlandı, yoxsa yalnız sizə çatdı?

37Kim özünü peyğəmbər və ya ruhani hesab etsə, qoy bilsin ki, sizə yazdıqlarım Rəbbin əmridir.
38Kim buna əhəmiyyət verməsə, ona da əhəmiyyət verilməyəcək.
39Beləliklə, qardaşlarım, peyğəmbərlik etməyi səylə istəyin və naməlum dillərdə danışmağa da mane olmayın.
40Amma qoy hər şey ədəblə və intizamla edilsin.