Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - 1 Korinflilərə

1 Korinflilərə 5

Help us?
Click on verse(s) to share them!
1Danışırlar ki, aranızda cinsi əxlaqsızlıq baş verir: sizdən bir nəfər ögey anası ilə yaşayır. Belə cinsi əxlaqsızlığa hətta bütpərəstlər arasında da rast gəlmək mümkün deyil!
2Siz hələ lovğa-lovğa danışırsınız! Bunun əvəzinə yas tutmalı idiniz. Belə əməlin sahibi aranızdan qovulmalıdır.
3Mənsə cismən uzaqda olub ruhən aranızdayam və bu adam barəsində sanki aranızda olduğum üçün artıq hökm çıxarmışam:
4siz Rəbbimiz İsanın adı ilə toplaşanda, mən də ruhən və Rəbbimiz İsanın qüdrəti ilə aranızda olanda,
5həmin adamı Şeytana təslim edin ki, cismani təbiəti yox olsun, ruhu isə Rəbbin günündə xilas olsun.
6Sizin öyünməyiniz yaxşı deyil. Məgər bilmirsiniz ki, azacıq maya bütün xəmiri acıdır?
7Əslində mayasız olduğunuz kimi köhnə mayadan təmizlənin ki, təzə xəmir olasınız. Çünki bizim Pasxa quzumuz olan Məsih qurban verildi.
8Buna görə köhnə maya ilə, kin və pislik mayası ilə yox, amma səmimiyyətin və həqiqətin mayasız çörəyi ilə bayram edək.
9Mən əvvəlki məktubumda sizə əxlaqsızlıq edənlərlə ünsiyyətdə olmamağı yazmışdım.
10Amma mən demək istəmədim ki, bu dünyanın əxlaqsızları, tamahkarları, soyğunçu və yaxud bütpərəstləri ilə ünsiyyətdə olmayın. Belə olsaydı, siz bu dünyanı tərk etməyə məcbur olardınız!
11Əslində mən sizə yazmışdım ki, siz özünü bacı-qardaş adlandırıb, lakin əxlaqsızlıq, tamahkarlıq, bütpərəstlik, böhtançılıq, əyyaşlıq və yaxud soyğunçuluq edənlə ünsiyyətdə olmayın. Belələri ilə bir yerdə çörək belə, yeməyin.
12Çünki cəmiyyətdən kənardakıları mühakimə etməyə mənim nə ixtiyarım var? Məgər sizin mühakimə etməli olduqlarınız cəmiyyətdəkilər deyilmi?
13Cəmiyyətdən kənardakıları Allah mühakimə edəcək. Siz isə öz aranızdan pis adamı atın.