1Bu gün sizə buyurduğum bütün əmrləri yerinə yetirməyə çalışın. Onda yaşayıb çoxalar və Rəbbin atalarınıza vəd etdiyi torpağa daxil olub irs olaraq oranı alarsınız.
2Allahınız Rəbbin sizi qırx il səhrada gəzdirdiyi uzun səyahəti yada salın. Bunu ona görə etdi ki, təkəbbürünüzü qırsın və sizi sınaqdan keçirərək ürəyinizdəkini öyrənsin; görsün ki, siz Onun əmrlərinə əməl edəcəksiniz ya yox.
3Təkəbbürünüzü qırmaq üçün sizi ac qoydu, sonra isə nə sizin, nə də atalarınızın gördüyü manna ilə sizi qidalandırdı. Bununla öyrətdi ki, insan yalnız çörəklə deyil, Rəbbin ağzından çıxan hər kəlmə ilə yaşayar.
4Bu qırx il ərzində paltarınız yırtılıb dağılmadı, ayaqlarınız şişmədi.
5Bunu ürəkdən dərk edin ki, insan öz övladına necə tərbiyə verirsə, Allahınız Rəbb də sizə elə tərbiyə verir.
6Allahınız Rəbbin əmrlərinə riayət edib Onun yolları ilə gedin və Ondan qorxun.
7Çünki Allahınız Rəbb sizi gözəl torpağa – çay və gölləri olan, dərə və təpələrində bulaqlar çağlayan yerlərə aparır.
8O torpaq buğda, arpa, üzüm, əncir, nar, yağlı zeytun və bal yetirir.
9Ora elə bir torpaqdır ki, orada qıtlıqla çörək yeməyəcək və heç nəyə möhtac olmayacaqsınız; daşlarından dəmir, dağlarından isə mis çıxara biləcəksiniz.
10Yeyib-doyanda sizə verdiyi gözəl torpağa görə Allahınız Rəbbə həmd edəcəksiniz.
11Ehtiyatlı olun ki, Allahınız Rəbbi unutmayasınız. Bu gün sizə buyurduğum Rəbbin əmr, hökm və qaydalarına riayət edin.
12Yeyib doyanda, gözəl evlər tikib içərisində oturanda,
13naxırınız, sürünüz çoxalanda, qızıl-gümüşünüz və hər şeyiniz artanda
14ürəyiniz qürurla dolmasın. Diqqət edin ki, sizi Misir torpağından – köləlik diyarından çıxaran Allahınız Rəbbi unutmayasınız.
15Rəbb sizi o böyük və qorxunc səhrada, zəhərli ilan və əqrəblərlə dolu olan o susuz şoran torpaqlarda gəzdirdi, sizə sərt qayalardan su çıxartdı.
16Sizi atalarınıza məlum olmayan manna ilə qidalandırdı. Xoş güzəranınız olsun deyə təkəbbürünüzü qıraraq sizi sınaqdan keçirdi.
17Ürəyinizdə “biz öz qabiliyyətimizlə və biləyimizin gücü ilə bu sərvəti qazandıq” deməyəsiniz.
18Unutmayın ki, bu sərvəti qazanmaq qabiliyyətini sizə verən Allahınız Rəbdir. O bunu edir ki, bugünkü kimi atalarınıza vəd verərək sizinlə kəsdiyi əhdi yerinə yetirsin.
19Əgər Allahınız Rəbbi unudub başqa allahların ardınca getsəniz, onlara sitayiş edərək səcdə etsəniz, bu gün sizin qarşınızda şəhadət edirəm ki, mütləq məhv olacaqsınız!
20Allahınız Rəbbin sözünə qulaq asmasanız, Rəbb sizin qarşınızdan millətləri yox etdiyi kimi sizi də yox edəcək.