Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Qanunun Təkrari

Qanunun Təkrari 22

Help us?
Click on verse(s) to share them!
1Soydaşının itmiş öküz və ya qoyununu görsən, özünü görməməzliyə vurma. Mütləq öküzü və ya qoyunu soydaşına geri qaytarmalısan.
2Soydaşın səndən uzaqdadırsa ya da heyvanın kimə aid olduğunu bilmirsənsə, onu öz evinə apar. Soydaşın onu axtara-axtara sizə gələnədək qoy bu heyvan evində qalsın. Sonra onu geri qaytar.
3Soydaşının eşşəyini, paltarını yaxud itirdiyi başqa şeyləri tapanda da bu cür etməlisən. Özünü görməməzliyə vurma.
4Görəndə ki soydaşının eşşəyi yaxud öküzü yolda yıxılıb, özünü görməməzliyə vurma. Mütləq heyvanı ayağa qaldırmaq üçün soydaşına kömək et.
5Qadın kişi paltarı, kişi də qadın paltarı geyinməsin, çünki belə şeyləri edən hər kəs Allahınız Rəbbə iyrənc görünür.
6Əgər təsadüfən yolda, ağacda yaxud torpaq üzərində bir quş yuvası görsən və ana quş balalarının ya da yumurtalarının üzərində oturmuşsa, ana quşu balaları ilə birlikdə götürmə.
7Özün üçün balalarını götürə bilərsən, amma mütləq anasını buraxmalısan. Belə etsən, güzəranın xoş, ömrün uzun olar.
8Yeni tikdiyin evin damının kənarına sürahi çək ki, kimsə damından yıxılıb ölsə, qanı evinin üstünə düşməsin.
9Bağında iki növ toxumu qarışdırıb əkmə. Belə etsən, əkdiyin toxumun da, bağın da məhsulundan istifadə etmək sənə qadağandır.
10Kotan sürmək üçün eşşəklə öküzü yanaşı qoşma.
11Yunla kətandan toxunmuş qarışıq parçadan paltar geyinmə.
12Əbanın dörd tərəfinə qotaz sal.
13Əgər bir nəfər arvad alıb yaxınlıq edəndən sonra onu bəyənməzsə,
14ona şər ataraq adını ləkələyib “bu qızı aldım, onunla yaxınlıq edəndən sonra gördüm ki, bakirə deyil” deyərsə,
15onda ata-anası qızın “üzağlıq mələfəsini” darvazaya – şəhər ağsaqqallarının yanına gətirsin.
16Qızın atası şəhər ağsaqqallarına belə desin: “Bu adama qızımı arvad olaraq verdim. İndi qızımı bəyənmir.
17‹Gördüm ki, sənin qızın bakirə deyil› deyərək mənim qızımın adını ləkələyir. Bu isə qızımın ‹üzağlıq mələfəsidir›”. Mələfə şəhərin ağsaqqallarının qarşısına sərilsin.
18Şəhərin ağsaqqalları isə o adama cəza versin.

19Onu yüz şekel gümüş pul cəzasına məhkum edib gənc qadının atasına versinlər, çünki o adam İsraildə bir qızın adını ləkələyib. Bu qadın həmin adamın arvadı olacaq və ömrü boyu onu boşaya bilməz.
20Əgər iddia doğrudursa, gənc qadının üzağlığı tapılmazsa,
21onda gənc qadını ata evinin qapısına çıxarsınlar. Şəhər sakinləri onu daşqalaq edib öldürsünlər, çünki ata evində zina etməklə İsraildə namussuzluq edib. Beləliklə, aranızdan pisliyi atın.
22Kim başqasının arvadı ilə yataqda tutulsa, o zaman o kişi və qadın – hər ikisi öldürülsün. Beləliklə, İsraildən pisliyi atın.
23Əgər bir qız kiməsə nişanlıdırsa, şəhərdə kimsə onu tapıb cinsi yaxınlıq etsə,
24o zaman onların ikisini də o şəhərin darvazasına çıxararaq daşqalaq edib öldürün. Şəhərdə olduğu halda qışqırmadığı üçün qızı, yaxınının nişanlısını ləyaqətsiz etdiyi üçün kişini öldürün. Beləliklə, İsraildən pisliyi atın.
25Əgər bir kişi nişanlı qıza çöldə rast gəlsə, onu zorlasa, onunla cinsi yaxınlıq etsə, o zaman yalnız onunla cinsi yaxınlıq edən kişi öldürülsün.
26Gənc qadına heç nə etməyin, çünki onda ölümə layiq günah yoxdur. Ona görə ki bir adam qonşusuna necə hücum edib öldürərsə, bu iş də elədir.
27Çünki kişi qıza çöldə rast gəlib. Nişanlı qız nə qədər qışqırsa da, köməyinə çatan olmayıb.
28Əgər kimsə nişanlanmamış bakirə bir qıza rast gəlib onu zorlayarsa və onlar tapılarsa,
29o zaman onunla cinsi yaxınlıq edən adam qızın atasına əlli şekel gümüş versin və həmin qız onun arvadı olsun, çünki onu zəlil etmişdir. O, qadını ömrü boyu boşaya bilməz.
30Kimsə atasının arvadını almasın və atasının nikahını ləkələməsin.