1Musa bütün İsrailliləri çağırıb dedi: «Dinlə, ey İsrail! Bu gün sənə deyəcəyim qayda və hökmləri öyrənib dəqiq əməl et!
2Xorevdə Allahımız Rəbb bizimlə əhd kəsdi.
3Bu əhdi Rəbb atalarımızla deyil, bu gün məhz burada bizim sağ qalanlarımızla kəsdi.
4Rəbb dağdakı alovun içərisindən sizinlə üzbəüz danışdı.
5O zaman Rəbbin sözünü izah etmək üçün sizinlə Rəbbin arasında mən dayanmışdım. Alovdan qorxduğunuza görə dağa çıxmadınız.
6Rəbb belə dedi: “Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm.
7Məndən başqa allahların olmasın.
8Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə.
9Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən sənin Allahın Rəbb qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm.
10Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm.
11Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz.
12Allahın Rəbbin sənə etdiyi əmrə əsasən Şənbə gününü qeyd və təqdis et.
13Altı gün çalışıb bütün işlərini gör.
14Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, öküzün, eşşəyin, heç bir heyvanın, yanında qalan yadellin də heç bir iş görməsin, sənin kimi qul-qarabaşın da istirahət etsin.
15Misir torpağında sənin kölə olduğunu və Allahın Rəbbin qüdrətli əli, uzanan qolu ilə səni oradan çıxardığını yadda saxla. Məhz buna görə Şənbə gününü qeyd etməyi Allahın Rəbb sənə əmr edib.
16Allahın Rəbbin sənə əmr etdiyi kimi ata-anana hörmət et ki, ömrün uzun olsun və Allahın Rəbbin sənə verəcəyi torpaqda xoş güzəranın olsun.
17Qətl etmə.
18Zina etmə.
19Oğurluq etmə.
20Heç kimə qarşı yalandan şahidlik etmə.
21Heç kimin arvadına tamah salma. Heç kimin evinə, tarlasına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma”.
22Rəbb bu sözləri bütün camaatınıza dağda alovun, buludun və qatı qaranlığın içərisindən ucadan söylədi, başqa bir söz demədi. Sonra bunları iki lövhə üzərinə yazıb mənə verdi.
23Dağ alovlanıb-yanarkən zülmət içindən siz Onun səsini eşidəndə bütün qəbilə başçılarınız və ağsaqqallarınız mənə yaxınlaşdı.
24Belə dediniz: “Budur, Allahımız Rəbb bizə ehtişamını və əzəmətini göstərdi. Alovun içərisindən Onun səsini eşitdik. Bu gün gördük ki, Allah insanla danışanda insan sağ qalır.
25Bu gün niyə ölməliyik? Axı bu böyük alov bizi külə döndərər. Əgər Allahımız Rəbbin səsini bir də eşitsək, o zaman öləcəyik.
26Bütün bəşəriyyət içərisində bizim kimi alov içərisindən var olan Allahın səsini eşidib sağ qalan varmı?
27Sən Ona yaxınlaş, Allahımız Rəbbin deyəcəyi hər şeyə qulaq as. Sonra Allahımız Rəbbin dediyi hər şeyi bizə söylə! Biz isə buna qulaq asıb əməl edəcəyik”.
28Rəbb mənə bunları deyəndə bu sözləri siz də eşitdiniz. Rəbb mənə dedi: “Bu xalqın sənə söylədiklərini eşitdim. Söylədikləri hər şeyi yaxşı dedilər.
29Kaş ki ürəkləri dönməsin, Məndən qorxsunlar və bütün əmrlərimə əməl etsinlər. O zaman həm özlərinin, həm də övladlarının xoş güzəranı olar.
30Get, onlara de ki, çadırlarına qayıtsınlar.
31Sən isə burada yanımda dayan. Bütün əmrləri, qayda və hökmləri sənə deyəcəyəm. Sən xalqa öyrət ki, mülk olaraq almaq üçün onlara verəcəyim torpaqda bunları yerinə yetirsinlər”.
32Allahınız Rəbbin sizə əmr etdiklərinə diqqətlə əməl edin, onlardan nə sağa, nə də sola dönün.
33Bütünlüklə Allahınız Rəbbin sizə əmr etdiyi yolda gəzin. Onda sağ qalarsınız, xoş güzəranınız olar və mülk olaraq alacağınız torpaqda uzun ömür sürərsiniz.