1Əgər Allahınız Rəbbin sözlərinə yaxşı-yaxşı qulaq asıb bu gün sizə buyurduğum bütün əmrlərinə riayət etsəniz, Allahınız Rəbb sizi yer üzündəki bütün millətlərdən üstün edəcək.
2Allahınız Rəbbin sözünü dinləsəniz, bütün bu xeyir-dualar sizə gələcək və üzərinizdə qalacaq.
3Şəhərdə və çöldə xeyir-dualı olacaqsınız.
4Doğulan övladlarınız, torpağınızın məhsulları, heyvanlarınızın, mal-qara və qoyun-keçilərinizin balaları artımlı olacaq.
5Səbət və xəmir təknələriniz bərəkətli olacaq.
6Hər girişiniz, hər çıxışınız xeyir-dualı olacaq.
7Rəbb sizə hücum edən düşmənlərinizi önünüzdə məğlub edəcək. Onlar sizə bir yoldan hücum edəndə önünüzdən yeddi yolla qaçacaq.
8Rəbb anbarlarınıza, əl atdığınız hər işə “Bərəkətli olsun!” deyə əmr verəcək və Allahınız Rəbb sizə verəcəyi torpağa bərəkət yağdıracaq.
9Allahınız Rəbbin əmrlərinə riayət etsəniz, Onun yolları ilə getsəniz, Rəbb vəd etdiyi kimi sizi Özü üçün müqəddəs bir xalq kimi qoruyacaq.
10Yer üzərindəki bütün xalqlar Rəbbə məxsus olduğunuzu görüb sizdən qorxacaq.
11Rəbb atalarınıza vəd etdiyi torpaqda sizi bolluq içərisində yaşadacaq. Doğulan övladlarınızın nəslini artırıb-çoxaldacaq, heyvanlarınızın balalarını, torpağınızın məhsulunu artımlı edəcək.
12Rəbb torpağınıza yağışı vaxtlı-vaxtında yağdıracaq və bütün zəhmətinizə bərəkət vermək üçün göylərdən zəngin xəzinəsini açacaq. Siz bir çox millətlərə borc verəcək, lakin heç kimdən borc almayacaqsınız.
13Rəbb sizi quyruq deyil, baş edəcək. Əgər bu gün sizə buyurduğum Allahınız Rəbbin əmrlərinə qulaq assanız, onlara dəqiq əməl etsəniz, aşağıda deyil, hər zaman yuxarıda olacaqsınız.
14Bu gün sizə buyurduğum əmrlərdən kənara çıxmayın, başqa allahların ardınca getməyin, onlara sitayiş etməyin.
15Amma Allahınız Rəbbin sözünə qulaq asmasanız, bu gün sizə buyurduğum əmrlərin, qaydaların hamısına dəqiq əməl etməsəniz, bu lənətlər gəlib üzərinizə töküləcək.
16Şəhərdə və çöldə lənət qazanacaqsınız.
17Səbət və xəmir təknələriniz lənətli olacaq.
18Doğulan övladlarınız, torpaqlarınızın məhsulları, mal-qara və qoyun-keçilərinizin balaları lənətə düçar olacaq.
19Hər girişiniz, hər çıxışınız lənətli olacaq.
20Rəbb əl atdığınız hər işdə üzərinizə lənət göndərəcək, sizi vahiməyə salıb çaşdıracaq. Nəhayət, Rəbdən üz döndərib pislik etdiyinizə görə tezliklə sizə ziyan vurub həlak edəcək.
21Rəbb mülk olaraq almaq üçün gedəcəyiniz torpaqdan sizi yox edənədək vəbaya düçar edəcək.
22O sizi vərəm, qızdırma, iltihab, insanı qovuran istilik, quraqlıq, səmum küləyi və kiflə cəzalandıracaq. Siz yox olana qədər bunlar sizdən əl çəkməyəcək.
23Başınız üzərində olan göylər tunc, ayağınız altındakı yer isə dəmir kimi olacaq.
24Rəbb ölkənizə yağış əvəzinə toz-torpaq yağdıracaq. Siz həlak olana qədər göydən üzərinizə bunlar yağacaq.
25Rəbb sizi düşmənlərinizin önündə məğlub edəcək, onlara bir yoldan hücum edəndə önlərindən yeddi yolla qaçacaqsınız. Dünyanın bütün ölkələrinə dəhşətli ibrət olacaqsınız.
26Cəsədləriniz göydəki quşlara, yerdəki heyvanlara yem olacaq, onları ürküdüb qovan olmayacaq.
27Rəbb sizi sağalmaz Misir çibanları, şişlər, xoralar, qoturlarla cəzalandıracaq.
28O sizi cəzalandıraraq dəli və kor edəcək, ürəyinizi qubarladacaq.
29Günorta vaxtı kor adam qaranlıqda əl toxundura-toxundura gəzdiyi kimi gəzəcəksiniz. Hər işiniz uğursuz olacaq, daim iztirab çəkəcək və talan olacaqsınız. Sizi qurtaran olmayacaq.
30Nişanlandığınız qızla başqası yatacaq. Tikdiyiniz evdə yaşamayacaqsınız. Saldığınız bağın məhsulunu dərməyəcəksiniz.
31Öküzünüz gözünüz önündə kəsiləcək, ətindən yeməyəcəksiniz. Eşşəkləriniz sizdən zorla alınacaq və geri qaytarılmayacaq. Sürüləriniz düşmənlərinizə veriləcək və sizi qurtaran olmayacaq.
32Oğullarınız və qızlarınız gözünüz önündə başqa bir xalqa təslim ediləcək və onların həsrətindən günbəgün gözlərinizin nuru sönəcək. Əlinizdən isə heç nə gəlməyəcək.
33Torpağınızın və bütün zəhmətinizin məhsulunu tanımadığınız bir xalq yeyəcək, siz isə daima iztirab çəkəcək və əziləcəksiniz.
34Gözlərinizlə gördükləriniz ağlınızı başınızdan çıxaracaq.
35Rəbb dizlərinizə, baldırlarınıza təpədən dırnağa qədər sağalmaz çibanlar çıxararaq sizi cəzalandıracaq.
36Rəbb sizi, öz üzərinizə təyin etdiyiniz padşahı sizin də, atalarınızın da tanımadığı bir millətə əsir apartdıracaq. Orada ağacdan, daşdan düzəldilmiş yad allahlara sitayiş edəcəksiniz.
37Rəbbin sizi əsir etdiyi xalqlar arasında heyrət, məsəl və kinayə hədəfinə çevriləcəksiniz.
38Zəmiyə çox toxum səpib, az yığacaqsınız, çünki onu çəyirtkə yeyib qurtaracaq.
39Üzüm bağları salacaq, becərəcəksiniz, lakin üzümündən dərməyəcək, şərabından içməyəcəksiniz, çünki onlara qurd düşəcək.
40Torpağınızın hər tərəfində zeytun ağacları bitsə də, onlardan yağ çəkə bilməyəcəksiniz, çünki zeytun ağaclarınız öz meyvəsini tökəcək.
41Oğullarınız, qızlarınız olacaq, lakin yanınızda qalmayacaq, çünki əsir düşəcəklər.
42Bütün ağaclarınızın və əkin sahələrinizin bəhərinə çəyirtkələr daraşacaq.
43Aranızda yaşayan yadellilər sizdən olduqca üstün olacaq, siz aşağı endikcə enəcəksiniz.
44Sizə onlar borc verəcək, siz onlara borc verə bilməyəcəksiniz, onlar baş, siz isə quyruq olacaqsınız.
45Bu lənətlərin hamısı sizin üzərinizə töküləcək. Sizi həlak olanadək qovub yaxalayacaqlar, çünki Allahınız Rəbbin sözünə qulaq asmadınız, sizə buyurduğu əmrlərə və qaydalara riayət etmədiniz.
46Bunlar sizə və övladlarınıza əbədi bir əlamət, bir möcüzə olacaq.
47Madam ki bolluq vaxtında Allahınız Rəbbə sevinclə və xoşluqla itaət etmədiniz,
48Rəbbin sizə qarşı göndərdiyi düşmənlərə ac-susuz, çılpaq və hər cür ehtiyac içərisində qulluq edəcəksiniz. Rəbb sizi həlak edənə qədər boynunuza dəmir boyunduruq salacaq.
49Rəbb uzaqdan, dünyanın ucqarlarından bir milləti – dilini başa düşmədiyiniz bir milləti qartal kimi üzərinizə şığıdacaq.
50Bu elə sərt sifətli bir millətdir ki, nə qocaların şəxsiyyətinə hörməti var, nə də uşaqlara rəhmi gəlir.
51Bu millət sizi həlak edənə qədər heyvanlarınızın balalarını, torpağınızın məhsulunu yeyib qurtaracaq, sizin üçün nə taxıl, nə təzə şərab, nə zeytun yağı, nə mal-qaranızın, nə də qoyun-keçilərinizin balalarını qoymayacaq.
52Bütün şəhərlərinizi mühasirəyə alıb ölkənizdəki güvəndiyiniz möhkəm və hündür divarlarınızı tamamilə yerlə yeksan edəcəklər. Allahınız Rəbbin sizə verəcəyi ölkənin bütün şəhərlərini mühasirəyə alacaqlar.
53Mühasirəyə düşəndə düşmənlərinizin sizə verəcəyi aclıqdan doğulan övladlarınızın – Allahın Rəbbin sizə verdiyi oğul-qızlarınızın ətini yeyəcəksiniz.
54Aranızda ən ürəyinazik və həssas adam belə, öz qardaşına, sevdiyi arvadına, sağ qalan övladlarına rəhm etməyəcək.
55Yediyi uşaqların ətindən onların heç birinə verməyəcək, çünki mühasirə olunanda düşmənlərinizin yaratdığı qıtlığa görə şəhərlərinizdə yeməyə heç nə qalmayacaq.
56Aranızda ən ürəyinazik, həssas qadın – zərifliyindən və incəliyindən ayağını yerə basmaq istəməyən qadın belə, sevdiyi ərinə, öz oğluna, eləcə də qızına rəhm etməyəcək.
57Bətnindən çıxan cifti və doğduğu uşaqları verməyib gizli yeyəcək, çünki bütün şəhərləriniz mühasirəyə düşəndə aclıq olacaq.
58Əgər bu kitaba yazılmış bu Qanunun bütün sözlərinə diqqətlə əməl etməsəniz, Allahınız Rəbbin əzəmətli və zəhmli adından qorxmasanız,
59Rəbb sizi və nəslinizi dəhşətli bəlalara, böyük və sonsuz müsibətlərə, sağalmaz, ağır xəstəliklərə düçar edəcək.
60Qorxduğunuz bütün Misir xəstəliklərini yenə başınıza gətirəcək, bu xəstəliklərə tutulacaqsınız.
61Rəbbin bu Qanun kitabında yazılmamış hər cür xəstəlik və bəlanı sizi yox edənədək başınıza gətirəcək.
62Göydəki ulduzlar qədər çoxalmaq əvəzinə sayca çox az qalacaqsınız, çünki Allahınız Rəbbin sözünə qulaq asmadınız.
63Sizə yaxşılıq etmək və artırmaqdan Rəbb necə razı qalırdısa, sizi həlak etdiyi və yox etdiyi üçün də elə razı qalacaq. Mülk olaraq almaq üçün gedəcəyiniz ölkədən qoparılacaqsınız.
64Rəbb sizi dünyanın bu başından o biri başınadək bütün xalqların arasına səpələyəcək. Orada sizin də, atalarınızın da tanımadığı, ağacdan və ya daşdan düzəldilmiş yad allahlara sitayiş edəcəksiniz.
65Bu millətlər arasında nə sülhünüz, nə də rahatlığınız olacaq. Rəbb sizə orada ürəkqopması, ümidsizlik, gözləməkdən yorulan gözlər verəcək.
66Daim canınızın qayğısını çəkəcək, gecə-gündüz vahimə içərisində yaşayacaqsınız. Həyatınızın asayişi olmayacaq.
67Ürəyinizə dolan vahimədən və gözünüzlə gördüyünüz hadisələr üzündən səhər olanda “kaş axşam olaydı”, axşam olanda “kaş səhər olaydı” deyəcəksiniz.
68Mən sizə demişdim ki, gəldiyiniz yolla geri dönməyəcəksiniz, amma Rəbb sizi gəmilərlə Misirə geri qaytaracaq. Orada qul və qarabaş kimi düşmən bazarında satılacaqsınız, amma sizi pulla alan olmayacaq».