Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Qanunun Təkrari

Qanunun Təkrari 24

Help us?
Click on verse(s) to share them!
1Kimsə bir qadını alıb, evlilik zamanı onda ləyaqətsiz bir şey tapdığı üçün qadını bəyənməzsə, talaq kağızı yazıb əlinə verərək evindən çıxararsa,
2evdən çıxmış qadın sonra başqa kişiyə ərə gedə bilər.
3O biri kişi də onu bəyənməzsə, ona talaq kağızı yazıb əlinə verərək evdən çıxararsa və yaxud onu alan kişi ölərsə,
4onu evdən çıxarmış əvvəlki əri onu təkrar özünə arvad edə bilməz, çünki qadını ləkələmişdir. Bu, Rəbbin hüzurunda iyrəncdir. Allahınız Rəbbin sizə irs olaraq verəcəyi ölkədə belə günaha yol verməyin.
5Təzə evlənən adam döyüşə getməsin. Ona heç bir iş tapşırmayın. Qoy bir il evində sərbəst qalıb aldığı arvadı sevindirsin.
6Dəyirmanı yaxud üst daşını kimsə girov götürməsin, çünki o adamın həyatını girov götürmüş olur.
7Əgər İsrail övladları arasında kimsə soydaşını oğurlayıb onunla kölə kimi rəftar edərsə yaxud onu satarsa, bu oğru öldürülməlidir. Beləliklə, aranızdan pisliyi atın.
8Cüzam xəstəliyinə tutulanda Levili kahinlərin əmr etdiyi kimi sizə öyrədəcəkləri hər şeyə əməl etməyə hədsiz diqqət göstərin.
9Misirdən çıxan zaman Allahınız Rəbbin yolda Məryəmə etdiyi hər şeyi xatırlayın.
10Qonşunuza bir şey borc verəndə girovu onun evinə girərək özünüz götürməyin.
11Bayırda dayanın, borc verdiyiniz adam qoy özü girovu bayıra çıxarsın.
12Əgər o adam kasıbdırsa, onun girovu sizdə ola-ola yatmayın.
13Girov götürdüyünüzün üst paltarını mütləq gün batanda geri qaytarın ki, o öz üst paltarında yatıb sizə xeyir-dua etsin və bu, Allahınız Rəbbin önündə sizin üçün salehlik sayılsın.
14Muzdla işləyəni, kasıb və möhtac bir İsrailli soydaşınızı yaxud şəhərlərinizdə yaşayan hər hansı bir qəribi istismar etməyin.
15Muzdunu hər gün gün batmazdan əvvəl verin, çünki kasıbdır, ümidini yalnız ona bağlayıb. Yoxsa sizdən Rəbbə fəryad edər və siz günahkar sayılarsınız.
16Oğula görə ata, ataya görə oğul öldürülməsin, hər kəs öz günahına görə öldürülsün.
17Qəribi və yetimi ədalətdən məhrum etməyin və dul qadının geyimini girov götürməyin.
18Misirdə kölə olan zaman Allahınız Rəbbin sizi oradan necə qurtardığını xatırlayın. Bunun üçün belə rəftar etməyi sizə əmr edirəm.

19Zəminizdə əkini biçən zaman bir dərz unutmusunuzsa, onu götürmək üçün geri qayıtmayın. Qoy o qəribin, yetimin və dul qadının olsun. Onda Allahınız Rəbb ələ götürdüyünüz hər işdə sizə bərəkət verəcək.
20Ağacları döyüb zeytun yığan zaman budaqlarda qalanı dənləmək üçün geri qayıtmayın. Qoy o, qəribin, yetimin və dul qadının olsun.
21Bağınızın üzümlərini yığan zaman tənəklərdə qalan məhsulu toplamaq üçün geri qayıtmayın. Qoy o, qəribin, yetimin və dul qadının olsun.
22Misir torpağında kölə olduğunuzu xatırlayın. Bunun üçün belə rəftar etməyi sizə əmr edirəm.