Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Qanunun Təkrari

Qanunun Təkrari 32

Help us?
Click on verse(s) to share them!
1«Ey göylər, qulaq asın, söyləyəcəyəm, Qoy yer üzü dilimdən çıxan sözləri eşitsin.
2Qoy təlimim yağış kimi tökülsün, Sözüm şeh kimi düşsün, Çəmən üzərinə düşən narın yağış tək olsun, Ot üzərinə tökülən leysana oxşasın,
3Çünki Rəbbin ismini elan edəcəyəm! Allahımızın əzəmətini mədh edin!
4O, işləri kamil Qayadır, Çünki bütün yolları haqdır, Sadiq Allahdır, heç zaman haqsızlıq etməz, Adil və doğru olan Odur.
5Ona xəyanət etdilər, Ona övlad olmadılar, Ona görə rüsvay oldular. Çünki əyri və tərs nəsildirlər.
6Ey axmaq, ağılsız xalq, Rəbbə budurmu əvəziniz? Sizi yaradan, sizə görkəm verən Atanız, Yaradanınız O deyilmi?
7Ötən günləri yadınıza salın, Keçmiş nəsillərin dövrünə nəzər salın, Atanızdan soruşun, o sizə desin, Ağsaqqallarınızdan soruşun, onlar sizə söyləsin.
8Haqq-Taala millətlərə irsi torpaq bölərkən, Bəşər övladlarını ayırarkən İsrail övladlarının sayına görə Xalqlara sərhəd qoydu.
9Çünki Rəbbin payı Öz xalqıdır! Yaqub Onun payına düşən irsidir.
10Onu quraq bir torpaqda, Uğultulu, boş-biyaban səhrada tapdı. Bir sipər kimi onu hifz etdi, Göz bəbəyi kimi onu qorudu.
11Yuvasında balalarını sövq etdirərək uçuran, Onlar üzərində qanad çalan, Qanadlarını açıb onları tutan, Pərlərinin üzərində aparan qartal kimi
12Ona yol göstərən yalnız Rəbb idi. Yanında özgə bir allah yox idi.
13Onu yer üzünün yüksəkliklərinə çıxartdı, Zəminin məhsulundan yedirtdi. Onu qayadan süzülən balla, Çaxmaq daşından çəkilən yağla bəslədi.
14Onu inəklərin kəsmiyi, qoyunların südü ilə, Kökəldilmiş quzularla, Başandakı təkələrlə, qoçlarla. Ən yaxşı buğda ilə bəslədi. Xalq şərabı, üzümün al qanını içdi,
15Lakin Yeşurun kökələrkən təpik atdı, Doyarkən, yoğunlaşıb piyləşərkən Onu yaradan Allahı tərk etdi, Xilaskarını, Qayasını rədd etdi.
16Yad allahlarla Allahı qısqandırdılar, İyrənc əməllərlə Onu qəzəbləndirdilər.
17Allah olmayan cinlərə, Tanımadıqları allahlara, Atalarının qorxmadıqları, Son zamanlar yeni yaranan allahlara Qurban kəsdilər.
18Sizi həyata gətirən Qayanı atdınız. Sizi yaradan Allahı unutdunuz.

19Rəbb bunu görəndə onları rədd etdi, Çünki oğul və qızları Onu hiddətləndirdi.
20O dedi: “Bax onlardan Mənim üzüm dönəcək, Onların aqibəti görüm necə olacaq? Çünki onlar etimada layiq olmayan övladlar, azğın nəsildirlər.
21Məni Allah olmayanlarla qısqandırdılar, Boş bütləri ilə qəzəbləndirdilər. Mən də onları xalq olmayanlarla qısqandıracağam, Axmaq bir millətlə qəzəbləndirəcəyəm.
22Çünki qəzəbimdən bir od alovlandı, Ölülər diyarı dibinəcən yandı. Dünyanı və nemətlərini yeyib qurtaracaq, Dağların bünövrəsi odlanıb tutuşacaq.
23Mən onların üzərinə bəlalar yığacağam, Oxlarımı onlara tuşlayacağam.
24Qıtlıqdan tükənəcək, qızdırmadan qırılacaqlar, Vəbadan tələf olacaqlar. Heyvanların dişlərini, Torpaqda sürünən ilanların zəhərini Onlara sarı göndərəcəyəm.
25Gənc oğlanı və qızı, Südəmər körpəni, ağsaçlı insanı Bayırdan qılınc, daxildən dəhşət məhv edəcək.
26Dedim: ‹Qoy onları uzaqlara dağıdım, Onları insanların yaddaşından çıxarım›.
27Lakin düşmənin istehzasından çəkindim, İstəmədim ki, əleyhdarları yanlış anlayıb desinlər: ‹Bütün bu işləri Rəbb görməyib, Özümüz zəfər qazanmışıq›”.
28Çünki onlar düşüncəsiz bir millətdir, Necə də ağılsızdırlar.
29Kaş ki müdrik olub bunu dərk edəydilər, Aqibətlərini düşünəydilər.
30Əgər onların Qayası onları satmasaydı, Rəbb onları təslim etməsəydi, Bir adam min nəfəri necə qova bilərdi? İki kişi on min nəfəri necə qaçıra bilərdi?
31Həqiqətən, onların qayası Qayamız kimi deyil, Hətta düşmənlərimiz bunu qəbul edir.
32Tənəkləri Sodomdakı üzüm ağaclarındandır, Homorra bağlarındandır. Üzümləri zəhərlidir, Salxımları acıdır.
33Şərabları əfi ilan zəhəridir, Gürzələrin öldürücü ağısıdır.
34“Məgər bunların hamısını Mən yanımda saxlamamışammı? Bunları xəzinəmdə möhürləyən Mən deyiləmmi?
35Qisas Mənimdir, əvəzini Mən verəcəyəm. Vaxtı çatarkən sürüşüb yıxılacaqlar, Çünki onlar həlak gününə yaxındırlar, Əcəlləri tez çatar”.
36Rəbb Öz xalqını mühakimə edəcək. Onların gücünün qurtardığını görərkən, Nə kölədən, nə azaddan kimsə qalmayarkən Qullarına rəhm edəcək.

37O belə deyəcək: “Hanı onların Allahı, sığınacaqları qaya?
38Qurbanlarının yağını yeyən, Hanı içmə təqdimlərini içən allahları? Qoy sizə kömək etmək üçün dursunlar, Pənahgahınız olsunlar.
39İndi görün ki, Mən, Mən Oyam, Məndən başqa Allah yoxdur. Mənəm öldürən və həyat verən, Mənəm yaralayan və şəfa verən, Heç kim əlimdən qurtara bilməz.
40Çünki əlimi göylərə qaldırıb belə bəyan edirəm: ‹Əbədi Varlığıma and olsun ki,
41Şimşək çaxan qılıncımı itiləyib Hökm etmək üçün əlimə alsam, Düşmənlərimdən qisas alacağam, Mənə nifrət edənlərdən əvəz çıxacağam.
42Onların qanı ilə oxlarımı sərxoş edəcəyəm; Qılıncım əti, qırılanların, əsir edənlərin qanını, Düşmən rəhbərlərinin başını yeyəcək›”.
43Ey millətlər, Onun xalqı ilə birgə sevinin! Çünki O, qullarının qan qisasını alacaq, Düşmənlərindən əvəz çıxacaq, Ölkəsi və xalqı üçün kəffarə edəcək».
44Musa Nun oğlu Yeşua ilə bərabər gəlib bu ilahinin bütün sözlərini xalq qarşısında söylədi.
45Musa bütün İsraillilərə bu sözlərin hamısını söyləyib qurtaranda
46belə dedi: «Bu gün sizə bəyan etdiyim sözlərin hamısına ürəkdən bağlanın ki, övladlarınıza bu qanunun bütün sözlərinə diqqətlə əməl etməyi əmr edəsiniz.
47Axı bu sizin üçün əhəmiyyətsiz iş deyil, həyatınızdır. Bu sözlər mülk olaraq almaq üçün İordan çayını keçərək gedəcəyiniz torpaqda sizə uzun ömür verəcək».
48Rəbb elə həmin gün Musaya belə dedi:
49«Yerixo qarşısında, Moav torpağında olan bu Avarim dağına, Nevo dağına çıx. İsrail övladlarına mülk olaraq verəcəyim Kənan torpağını gör.
50Qardaşın Harun Hor dağında ölüb əcdadlarına qoşulduğu kimi sən də çıxacağın dağda ölüb xalqına qovuşacaqsan.
51Çünki Zin səhrasında, Meriva-Qadeş sularında, İsrail övladlarının önündə Məni müqəddəs saymamaqla İsrail övladları arasında Mənə xəyanət etdiniz.
52Ona görə ölkəni uzaqdan görəcəksən, lakin İsrail övladlarına verəcəyim torpağa girməyəcəksən».