Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Qanunun Təkrari

Qanunun Təkrari 16

Help us?
Click on verse(s) to share them!
1Aviv ayını qeyd edin və Allahınız Rəbbin Pasxa bayramını keçirin. Allahınız Rəbb sizi Misirdən Aviv ayında gecə ikən çıxartdı.
2Allahınız Rəbbin Öz isminə məskən seçəcəyi yerdə qoyun-keçilərinizdən, mal-qaranızdan Pasxa qurbanı kəsin.
3Qurban əti ilə birlikdə mayalı çörək yeməyin. Misirdən tələsik çıxdığınıza görə əziyyət içərisində yediyiniz çörək kimi yeddi gün mayasız çörək, yəni əziyyət çörəyi yeyin. Bununla ömür boyu Misirdən çıxdığınız günü yada salın.
4Ölkənizin heç bir yerində yeddi gün mayadan istifadə olunmasın. İlk gün axşam qurban kəsdiyiniz heyvanların əti səhərə qədər qalmasın.
5Pasxa qurbanlarını Allahınız Rəbbin sizə verəcəyi şəhərlərin heç birində kəsməyin,
6ancaq Allahınız Rəbbin Öz isminə məskən seçəcəyi yerdə kəsin. Orada qurbanları axşam, gün batanda, Misirdən çıxdığınız saatlarda kəsin.
7Əti Allahınız Rəbbin seçəcəyi yerdə bişirib yeyin. Səhər açılanda isə oradan çıxıb çadırlarınıza qayıdın.
8Altı gün mayasız çörək yeyin. Yeddinci gün Allahınız Rəbb üçün təntənəli toplantı keçirin və heç bir iş görməyin.
9Əkinə oraq vurduğunuz ilk gündən yeddi həftə sayın və
10Allahınız Rəbbin sizə verdiyi bərəkətə görə könüllü təqdim verməklə Allahınız Rəbb üçün Həftələr bayramı keçirin.
11Allahınız Rəbbin qarşısında – Onun Öz isminə məskən seçəcəyi yerdə siz, oğullarınız, qızlarınız, qullarınız, qarabaşlarınız, şəhərlərinizdə yaşayan Levililər, aranızda yaşayan qəriblər, yetimlər və dul qadınlar birlikdə sevinəcəksiniz.
12Misirdə kölə olduğunuzu yada salın və bu qaydalara diqqətlə əməl edin.
13Xırmanınızdan, üzümsıxanınızdan məhsul götürəndən sonra özünüz üçün yeddi gün Çardaqlar bayramı keçirin.
14Bu bayramda siz, oğullarınız, qızlarınız, qullarınız, qarabaşlarınız, şəhərlərinizdə yaşayan Levililər, qəriblər, yetimlər və dul qadınlarla birlikdə sevinəcəksiniz.
15Allahınız Rəbbin seçəcəyi yerdə Rəbb üçün yeddi gün bu bayramı keçirin, çünki Allahınız Rəbb bütün məhsullarınıza, əllərinizin hər işinə xeyir-dua verib və siz tam sevinc içində yaşayacaqsınız.
16Bütün kişiləriniz ildə üç dəfə Mayasız Çörək bayramında, Həftələr bayramında, Çardaqlar bayramında Allahınız Rəbbin hüzurunda olmaq üçün Onun seçəcəyi yerə getsin. Heç kəs Rəbbin hüzuruna əliboş gəlməsin.
17Hər biriniz Allahınız Rəbbin sizə verdiyi bərəkətə görə bəxşiş götürməlisiniz.
18Allahınız Rəbbin sizə verəcəyi şəhərlərdə hər qəbiləniz üçün hakimlər və məmurlar seçin. Qoy onlar xalqa ədalətlə hakimlik etsinlər.

19Hökm çıxararkən haqsızlıq etməyin, heç kimin tərəfini saxlamayın. Rüşvət almayın, çünki rüşvət müdrik insanın belə, gözlərini kor edir və məhkəmədə məsum bir insana qarşı səhv qərara yol verir.
20Salehliyin, yalnız salehliyin ardınca gedin, onda həyat taparsınız və Allahınız Rəbbin sizə verəcəyi torpağı irs olaraq alarsınız.
21Allahınız Rəbb üçün quracağınız qurbangahın yanına ilahə Aşeranın surətində heç bir ağac sütunu qoymayın.
22Allahınız Rəbbin ikrah etdiyi daş sütun qoymayın.