Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Qanunun Təkrari

Qanunun Təkrari 2

Help us?
Click on verse(s) to share them!
1Rəbbin mənə əmr etdiyi kimi qayıdıb Qırmızı dəniz yolu ilə səhraya köç etdik. Xeyli vaxt Seir dağlıq bölgəsini gəzib dolaşandan sonra
2Rəbb mənə belə dedi:
3“Bu dağlıq bölgəsini gəzib dolaşmağınız kifayətdir, indi şimala dönün.
4Xalqa belə əmr et: ‹Seirdə yaşayan qohumlarınız Esav övladlarının torpağından keçəcəksiniz. Onlar sizdən qorxacaqlar, buna görə çox diqqətli olun.
5Onlarla münaqişə yaratmayın, çünki torpaqlarından bir qarış da sizə verməyəcəyəm. Ona görə ki Mən mülk olaraq Seir dağlıq bölgəsini Esav nəslinə vermişəm.
6Onlardan yeməyi də, suyu da pulla alın, yeyib-içməyiniz qoy belə olsun›”.
7Çünki Allahınız Rəbb əlinizdə olan hər işə xeyir-dua verib. Belə böyük səhrada gəzib-dolaşdığınız zaman O sizi qorumuşdu. Bu qırx il ərzində sizinlə olan Allahınız Rəbbin sayəsində heç nəyə ehtiyacınız olmayıb.
8Biz Seir dağında yaşayan qohumlarımız Esav övladlarının torpağından, Elat və Esyon-Geverdən Arava yolundan burularaq Moav səhrası yolundan keçdik.
9Rəbb mənə dedi: “Moavlıları incitmə və onlarla döyüşə girmə. Mən onların torpağından mülk olaraq sizə heç nə verməyəcəyəm, çünki Ar ölkəsini mülk olaraq Lut övladlarına vermişəm”.
10Orada əvvəl Emlilər, Anaqlılar kimi ucaboy, güclü və çoxsaylı bir xalq yaşayırdı.
11Onlar da Anaqlılar kimi Rafalılar sayılırdı, lakin Moavlılar onları Emlilər adlandırırdılar.
12Seirdə isə əvvəllər Xorlular yaşayırdı. Esav övladları onları qovdu, İsraillilərin Rəbbin mülk olaraq verdiyi torpağın əhalisinə etdiyi kimi qarşılarına çıxan Xorluları qırıb torpaqlarında məskən saldılar.
13Rəbb sözünə davam etdi: “İndi qalxıb Zered vadisini keçin”. Biz Zered vadisini keçdik.
14Qadeş-Barneadan köçdüyümüz vaxtdan Zered vadisini keçənədək otuz səkkiz il oldu. Rəbbin and içdiyi kimi düşərgədə olan o dövrdəki nəslin döyüşçülərindən heç biri sağ qalmamışdı.
15Onları ordugahdan yox edib qurtaranadək Rəbbin əli onlara qarşı oldu.
16Xalqın bütün döyüş adamları ölüb-qurtarandan sonra
17Rəbb mənə belə dedi:
18“Siz bu gün Moav torpağında yerləşən Ardan keçəcəksiniz.

19Ammon övladlarına yaxınlaşanda onları incitməyin və münaqişə yaratmayın, çünki sizə Ammon övladlarının torpağından mülk olaraq heç nə verməyəcəyəm, ona görə ki oranı da Lut övladlarına vermişəm”.
20Ora da Rafalıların torpağı sayılırdı, əvvəllər orada Rafalılar yaşayırdı. Ammonlular onları Zamzumlular adlandırırdılar.
21Onlar da Anaqlılar kimi ucaboy, güclü və çoxsaylı bir xalq idi. Rəbb onları Ammonluların qarşısından yox etmişdi. Ammonlular onları qovub yerlərində məskən salmışdılar.
22Rəbb Seirdə yaşayan Esav övladları üçün də həmin işi görərək Xorluları onların qarşısından yox etmişdi. Esav övladları Xorluları qıraraq yerlərində məskən saldılar və bu günə qədər orada yaşamaqdadırlar.
23Kaftordan çıxan Kaftorlular isə Qəzzəyə qədər kəndlərdə yaşayan Avvalıları qırdılar və onların yerində məskən saldılar.
24Rəbb dedi: “Qalxıb köç edin, Arnon vadisindən keçin. Bax Xeşbon padşahı Emorlu Sixonu və onun ölkəsini sizə təslim etdim. Özünüz üçün mülk olaraq oranı almağa başlayın. Onlarla döyüşə girin.
25Bu gündən Mən səma altında olan bütün xalqları sizə görə qorxu və vahiməyə salmağa başlayıram. Sizin sorağınızı eşidənlər qarşınızda titrəyib büzüşəcəklər”.
26Qedemot səhrasından Xeşbon padşahı Sixonun yanına sülh danışığı üçün qasidlər göndərdim və dedim:
27“Rica edirik, sənin torpağından keçmək üçün bizə izin verəsən. Yalnız yol keçəcəyik, oradan nə sağa, nə də sola dönəcəyik.
28Pulla bizə yemək satsanız, yeyəcəyik, su satsanız, içəcəyik. Bizə ölkəni piyada keçmək kifayətdir.
29Seirdə yaşayan Esav övladları və Arda yaşayan Moavlılar etdiyi kimi sən də izin ver ki, İordan çayından Allahımız Rəbbin bizə verdiyi torpağa keçək”.
30Lakin Xeşbon padşahı Sixon bizi torpağından keçməyə qoymadı. Çünki bugünkü kimi Allahınız Rəbb sizə təslim etmək üçün onu inadkar və daşürəkli etdi.
31Rəbb mənə dedi: “Bax Sixonu və ölkəsini sənə təslim etməyə başlayıram. Oranı fəth edib irs olaraq almağa başla”.
32Sixon özü və bütün ordusu döyüşmək üçün Yahsada bizim qarşımıza çıxdı.
33Allahımız Rəbb onu bizə təslim etdi. Biz də Sixonu, övladlarını və bütün ordusunu qırdıq.
34O vaxt onun bütün şəhərlərini aldıq. Hər bir şəhəri kişi, qadın və uşaqlarla birlikdə tamamilə məhv etdik: kimsəni sağ qoymadıq.
35Heyvanlarını götürüb aldığımız şəhərləri talan etdik.
36Arnon vadisinin kənarında Aroerdən və vadidə olan şəhərdən Gileadadək qarşımıza bizdən güclü bir şəhər çıxmadı. Allahımız Rəbb onların hamısını bizə təslim etdi.

37Lakin Ammonluların ölkəsinə, bütün Yabboq çayı kənarına və dağlıq bölgəsindəki şəhərlərə – Allahımız Rəbbin qadağan etdiyi heç yerə yaxınlaşmadıq.