1Allahınız Rəbbin mülk olaraq almaq üçün sizə verəcəyi torpaqda, çöldə yerə sərilmiş və kim tərəfindən öldürüldüyü bilinməyən meyit görsəniz,
2ağsaqqallarınız və hakimləriniz gedib meyitin olduğu yerlə ətraf şəhərlər arasındakı məsafəni ölçsünlər.
3Meyitə ən yaxın şəhər hansıdırsa, oranın ağsaqqalları işə qoşulmamış, boyunduruq taxılmayan bir düyə götürsünlər.
4Düyəni şumlanmamış, əkilməmiş torpaqdakı axar sulu dərəyə gətirsinlər və orada düyənin boynunu qırsınlar.
5Levili kahinlər də oraya getsin. Çünki Allahınız Rəbb onları Özünə xidmətçi seçib. Qoy onlar Rəbbin adı ilə xeyir-dua versinlər, aranızdakı münaqişə və zorakılıq hallarına baxsınlar.
6Meyitə ən yaxın şəhərin ağsaqqalları dərədə boynu qırılmış düyənin üzərində əllərini yuyub
7belə bəyan etsinlər: “Bu qan bizim əllərimizlə tökülməyib. Kimin etdiyini də gözümüzlə görməmişik.
8Ya Rəbb, qurtardığın xalqı – İsrailliləri kəffarə et. Xalqını nahaq tökülən qana cavabdeh etmə”. Beləliklə, qan tökmək günahı kəffarə olunacaq.
9Rəbbin gözündə doğru olanı etdiyiniz üçün nahaq qan boynunuzdan götürüləcək.
10Düşmənlərinizlə döyüşə çıxanda, Allahınız Rəbb onları sizə təslim edəndə və siz onları əsir götürəndə
11aralarında gözəl qadın görüb ona vurulsanız, onu arvad olaraq ala bilərsiniz.
12Qoy o qadın kişinin evinə aparılsın. O, başını qırxdıraraq dırnaqlarını kəssin,
13əynindəki əsirlik geyimlərini çıxarsın və evinizdə qalıb ata-anası üçün bir ay yas tutsun. Bundan sonra qadını alan kişi onun yanına girib öz arvadı edə bilər.
14Əgər o sənin sonradan xoşuna gəlməzsə, könlü istədiyi kimi onu azad burax. Qadını pula satma və qul kimi rəftar etmə, çünki onu zəlil etmisən.
15Əgər bir kişinin iki arvadı varsa, birini sevib digərini sevmirsə və hər iki qadın ona oğul doğmuşsa, sevmədiyi qadından doğulan oğul ilk oğludursa,
16bu kişi əmlakını irs olaraq oğulları arasında böləndə ilk oğulluq haqqını sevdiyi qadının oğluna verə bilməz.
17Sevmədiyi qadının oğlunu ilk oğul olaraq tanısın və bölünən malın ikiqat payını ona versin, çünki gücünün ilk yadigarıdır. Ona görə də ilk oğulluq haqqı onundur.
18Əgər bir adamın dikbaş, itaətsiz, valideynlərinə qulaq asmayan, ata-ana tərbiyəsinə məhəl qoymayan bir oğlu varsa,
19valideynləri onu götürüb şəhərin darvazasına, şəhərin ağsaqqallarının yanına gətirsinlər.
20Şəhər ağsaqqallarına belə desinlər: “Bizim oğlumuz dikbaş və itaətsizdir. Heç sözümüzə baxmır, qarınqulu və əyyaşdır.
21Onda şəhərin əhalisi onu daşqalaq edib öldürəcək. Beləliklə, aranızdan pisliyi atın. Qoy bütün İsraillilər bu xəbəri eşidib qorxsunlar”.
22Əgər bir adam bir günahdan ötrü ölüm cəzasına məhkum olunub ağacdan asılırsa,
23meyiti gecə ağacda asılı qoymayın, mütləq onu həmin gün basdırın, çünki asılan adam Allahın lənətinə düçar olub. Allahınız Rəbbin irs olaraq sizə verəcəyi torpağı murdarlamayın.