1Rəbb İsrail övladları ilə Xorev dağında əhd etmişdir. Moavda isə Musaya əmr etdi ki, yenidən əhd kəssin. Əhdin şərtləri bunlardır:
2Musa bütün İsrailliləri bir yerə yığıb belə dedi: «Rəbbin Misirdə gözləriniz önündə firona, əyanlarına və ölkəsinə etdiyi hər şeyi gördünüz.
3Böyük sınaqları, bu böyük əlamətləri və möcüzələri öz gözünüzlə gördünüz.
4Lakin Rəbb bu günədək sizə anlamaq üçün ağıl, görmək üçün göz, eşitmək üçün qulaq vermədi.
5Rəbb deyir: “Sizi qırx il səhrada gəzdirdim. Əyninizdəki paltar, ayağınızdakı çarıq yırtılıb-dağılmadı.
6Çörək yemədiniz, şərab ya da başqa kefləndirici içki içmədiniz. Bunları ona görə etmişəm ki, Mənim Allahınız Rəbb olduğumu biləsiniz”.
7Buraya çatanda Xeşbon padşahı Sixon ilə Başan padşahı Oq bizimlə döyüşə başladılar. Amma onları məğlub etdik.
8Torpaqlarını ələ keçirib irs olaraq Ruvenlilərə, Qadlılara, Menaşşe qəbiləsinin yarısına verdik.
9Ələ götürdüyünüz hər işdə uğur qazanmaq üçün bu əhdin hər sözünə diqqətlə əməl edin.
10Bu gün siz hamınız – qəbilə başçılarınız, ağsaqqallarınız, məmurlarınız, İsraillilərin hamısı,
11uşaqlarınız, arvadlarınız, aranızda yaşayıb odununuzu doğrayan, suyunuzu daşıyan yadellilər Allahınız Rəbbin qarşısında dayanmısınız ki,
12bu gün Allahınız Rəbbin and edərək sizinlə bağladığı bu əhdi həyata keçirəsiniz.
13Qoy bu gün O sizi Öz xalqı kimi təsdiq etsin, sizə söz verdiyi kimi atalarınız İbrahimə, İshaqa, Yaquba etdiyi anda görə sizin Allahınız olsun.
14Mən bu əhdi və andı yalnız sizinlə,
15Allahımız Rəbbin hüzurunda bizimlə bərabər duranlarla deyil, bu gün yanımızda olmayanlarla da edirəm.
16Misirdə necə yaşadığınızı, o biri millətlərin içərisindən keçərək buraya necə gəldiyinizi özünüz də bilirsiniz.
17Onların arasında iyrənc şeyləri – ağacdan, daşdan, qızıldan, gümüşdən düzəldilən iyrənc bütləri gördünüz.
18Ehtiyatlı olun, bu gün aranızda bu millətlərin allahlarına sitayiş etmək üçün Allahınız Rəbdən dönən nə kişi, nə qadın, nə nəsil, nə də qəbilə olsun. Aranızda belə acı pöhrəli, zəhərli kök olmasın.
19Bu andın sözlərini eşidən zaman kimsə öz-özünə gözaydınlığı verib belə bir fikrə düşməsin: “Onsuz da salamat qalacağam, qoy kefim istəyən kimi yaşayım”. Bu fikir həm münbit torpağa, həm də quru torpağa bəla gətirər.
20Belə adamı Rəbb bağışlamaq istəməz. O adama qarşı qısqanc Rəbbin qəzəbi alovlanacaq. Bu kitabda yazılan bütün lənətlər başına töküləcək və Rəbb onun adını göyün altından siləcək.
21Rəbb bu Qanun kitabında yazılan əhdin içərisində yer tutan lənətlərin hamısına görə fəlakətə uğratmaq üçün onu İsrailin bütün qəbilələrinin içərisindən çıxaracaq.
22Gələcək nəsil, sizdən sonra gələn övladlarınız və uzaq diyardan gələn yadellilər bu ölkənin bəlalarını, Rəbbin oraya göndərdiyi xəstəlikləri görəcək.
23Bütün torpaq yanacaq, kükürd və duzla örtüləcək, toxum əkilməyəcək, cücərti görünməyəcək, ot bitməyəcək. Ölkə Rəbbin qızğın qəzəbi ilə yerlə yeksan etdiyi Sodom, Homorra, Adma və Sevoyim kimi viran olacaq.
24Bütün millətlər “Rəbb bu ölkəyə niyə belə etdi? Bu böyük qəzəb niyə alovlandı?” deyə soruşacaqlar.
25O zaman deyəcəklər: “Çünki onları Misir torpağından çıxararkən atalarının Allahı Rəbbin onlarla bağladığı əhdi atdılar.
26Gedib tanımadıqları allahlara, Rəbbin onlara bəxş etmədiyi yad allahlara sitayiş və səcdə etdilər.
27Ona görə Rəbbin qəzəbi bu ölkəyə qarşı alovlandı, oranı bu kitabda yazılan bütün lənətlərə düçar etdi.
28Rəbb qəzəb, hirs və böyük hiddətlə onları ölkələrindən qopardı. Bu gün olduğu kimi onları başqa bir torpağa atdı”.
29Allahımız Rəbbin sirləri var, lakin bəzi şeyləri bizə və övladlarımıza əbədilik aşkar etdi ki, bu qanunun bütün sözlərinə əməl edək.