1Cinsiyyət üzvü əzilmiş ya da kəsilmiş şəxs Rəbbin camaatı arasına daxil ola bilməz.
2Qeyri-qanuni doğulan şəxs Rəbbin camaatı arasına daxil ola bilməz. Onun övladları, hətta onuncu nəslə qədər olanı Rəbbin camaatı arasına daxil ola bilməz.
3Heç bir Ammonlu və yaxud Moavlı Rəbbin camaatı arasına daxil ola bilməz. Onların heç bir övladı, hətta onuncu nəslə qədər olanlar da Rəbbin camaatı arasına əsla daxil ola bilməz,
4çünki onlar Misirdən çıxdığınız zaman yolda sizi çörək və su ilə qarşılamadılar. Sizə lənət oxumaq üçün Aram-Naharayimdəki Petor şəhərindən Beor oğlu Bilamı muzdla tutdular.
5Lakin Allahınız Rəbb Bilamı dinləmək istəmədi. Ona görə də Allahınız Rəbb bu lənəti xeyir-duaya çevirdi, çünki O sizi sevir.
6Nə qədər ömrünüz varsa, onların xeyri və rifahı üçün çalışmayın.
7Edomlulara isə ikrahla yanaşmayın, çünki onlar sizin qohumlarınızdır. Misirlilərə də ikrahla yanaşmayın, çünki torpaqlarında qərib olmusunuz.
8Onlardan doğulanların üçüncü nəsli Rəbbin camaatı arasına daxil ola bilər.
9Düşmənlərinizlə döyüşmək üçün ordugah quranda özünüzü hər cür murdarlıqdan qoruyun.
10Əgər gecə yatarkən aranızda toxumu tökülən şəxs olarsa, o, ordugahdan kənara çıxsın və buraya daxil olmasın.
11Axşamadək yuyunsun və gün batandan sonra ordugaha qayıtsın.
12Ordugahınızdan kənarda ayaqyolu üçün yer təyin edin.
13Sursatınız arasında yer qazmaq üçün bel də olsun ki, ayaqyoluna gedəndə ifrazatın üstünü basdıra biləsiniz.
14Çünki sizi qurtarmaq və düşmənlərinizi sizə təslim etmək üçün ordugahınızın içində Allahınız Rəbb gedir. Ordugahınız müqəddəs olsun ki, Rəbb natəmiz bir şey görüb sizdən üz döndərməsin.
15Ağasının yanından sizin yanınıza qaçan qulu ağasına qaytarmayın.
16Qoy öz seçdiyi yerdə, bəyəndiyi bir şəhərdə aranızda yaşasın. Ona əzab verməyin.
17İsrailli qadın və kişilər arasından heç kim məbəd fahişəliyi etməsin.
18Qadının və ya kişinin fahişəliklə qazandığı qazancı Allahınız Rəbbin məbədinə təqdim etməyin. Hər ikisi Allahınız Rəbbin gözündə iyrəncdir.
19Soydaşınıza pulu, ərzağı və yaxud da faiz gətirən başqa bir şeyi sələmlə borc verməyin.
20Yadellidənsə faiz ala bilərsiniz, amma soydaşlarınızdan almayın ki, Allahınız Rəbb mülk olaraq almaq üçün gedəcəyiniz torpaqda əl atdığınız hər işə xeyir-dua versin.
21Allahınız Rəbbə bir əhd təqdimi edəcəyinizi söyləyəndə gecikdirməyin, çünki Allahınız Rəbb mütləq bunu sizdən istəyəcək. Onu yerinə yetirməməyiniz günahdır.
22Amma əhd etməkdən çəkinirsinizsə, bu, günah deyil.
23Ağzınızdan çıxanı yerinə yetirməyə diqqət edin, çünki Allahınız Rəbbə əhd edərək ürəkdən təqdim etməlisiniz.
24Qonşunuzun bağına girəndə doyunca üzüm yeyə bilərsiniz, amma səbətinizə yığmayın.
25Qonşunuzun zəmisinə girəndə əlinizlə başaq yığa bilərsiniz, amma zəmiyə oraq vurmayın.