Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Mərsiyələr

Mərsiyələr 3

Help us?
Click on verse(s) to share them!
1Rəbbin qəzəb dəyənəyindən Mən əzab çəkirəm,
2O məni apardı, İşıqda deyil, qaranlıqda gəzdirdi.
3Bütün gün – dəfələrlə qaldırdığı əli Mənə qarşıdır.
4Ətimi, dərimi çürütdü, Sümüklərimi sındırdı.
5Məni əzabla, cəfa ilə sarıdı, Mühasirəyə saldı.
6Çoxdan ölüb-gedənlər kimi Məni zülmətdə yaşatdı.
7Ətrafımı hər tərəfdən hasara aldı, Məni zəncirləyib, qaça bilmirəm.
8Fəryad edib mən imdad istəyərkən O, duamın qarşısına sədd çəkdi.
9Yonma daşlarla yollarımı kəsdi, Onları dolaşdırdı.
10Mənə ayı kimi pusqu düzəldir, Gizlənib aslan kimi məni güdür.
11Yoldan sürükləyib məni parçaladı, Çarəsiz hala saldı.
12Kamanının yayını çəkdi, Məni Özü üçün bir hədəf etdi.
13Çəkib oxdanından ox atdı, Böyrəyimə sapladı.
14Gün boyu xalqımın gülüş hədəfinə döndüm, Məzhəkəli nəğmə ilə məni ələ salırlar.
15O, acı otlardan mənə doyunca yedirtdi, Yovşan suyunu içirtdi.
16Dişlərimi çınqılla qırdı, Kül içində məni diz çökdürtdü.
17Salamatlıqdan canımı uzaq etdi, Yaxşılığı unutdum.
18Dedim: «Üzərimdən əzəmətim getdi, Rəbdən ümidim kəsildi».

19Əzabımı və sərgərdanlığımı, Acı yovşanı və zəhəri yada sal.
20Daim onları xatırlayıram, Ona görə köksümdən ürəyim üzülür.
21Amma bunları yada salarkən Məndə ümid yaranır.
22Rəbbin məhəbbətinə görə məhv olmadıq, Çünki mərhəməti tükənməzdir.
23Hər səhər bunlar təzələnir, Sənin sədaqətin böyükdür.
24Öz-özümə deyirəm: «Rəbb mənim nəsibimdir», Ona görə Rəbbə ümid bəsləyirəm.
25Rəbb Ona güvənənlərə, Onu axtaran könüllərə xeyirxahdır.
26Rəbbə ümid bəsləmək, Sakitcə bizə qurtuluş verməsini gözləmək nə yaxşıdır.
27Yaxşı olar ki, insan Boyunduruğunu gənc yaşından daşısın.
28Qoy susub tənha otursun, Axı Rəbb boynuna boyunduruq salıb.
29Üzünü yerə sürtsün, Bəlkə hələ ümid var.
30İzin versin, qoy sifətinə vursunlar, Qoy ona doyunca böhtan atsınlar.
31Çünki Xudavənd əbədilik Bizi Özündən kənar etməz.
32Qəm-qüssə versə belə, Bol məhəbbətinə görə rəhmə gələr.
33Çünki ürəkdən istəyərək bəşər övladlarına əzab verməz, Heç kimi kədərləndirməz.
34Dünyadakı bütün əsirlərin ayaq altında əzilməsini,
35Haqq-Taalanın hüzurunda insanın Öz haqlarından məhrum olmasını,
36İnsanın ədalətdən məhrum olmasını Xudavənd heç görmürmü?

37Xudavənd əmr verməsə, Kimin dediyi həyata keçər?
38Həm xeyir, həm də şər, Haqq-Taalanın əmri ilə gələr.
39Öz günahının cəzasından Sağ qalan insan niyə şikayətlənir?
40Qoy yollarımıza diqqətlə baxaq, Rəbbə yenidən üz tutaq.
41Göylərdəki Allaha əllərimizi, Həm də ürəklərimizi açaq.
42Deyək: «Biz qanunsuzluq və üsyankarlıq etdik, Bunu bizə bağışlamadın».
43Qəzəbə bürünmüsən, bizi təqib etmisən, Aman vermədən öldürmüsən.
44Özünə buludlardan örtük çəkdin, Onların arasından dua keçmir.
45Xalqlar arasında Bizi zibilə, tullantıya çevirmisən.
46Bütün düşmənlərimizin bizə qarşı Ağızları açıldı.
47Dəhşət və çuxur, Məhv və qırğın birlikdə başımıza gəldi.
48Qırılan əziz xalqıma görə Gözlərimdən sel kimi yaş axdı.
49Dinmədən, dayanmadan Gözlərimdən yaş axacaq,
50Rəbb göylərdən aşağıya baxana qədər, Olanları görənə qədər.
51Şəhərimdəki hər qızın taleyini görərkən Ürəyimi kədər bürüyür.
52Nahaq yerə mənə düşmən olanlar Məni quş tək ovladılar.
53Quyuya salıb məni öldürmək istədilər, Daşqalaq etdilər.
54Sular başımdan aşdı, Dedim: «Ömrüm sona çatdı».

55Ya Rəbb, ismini O quyunun dibindən səslədim.
56«Qulağını tıxama, fəryadımı dinlə» deyərkən Səsimi eşitdin.
57Səni çağıranda yanıma gəldin, Mənə «qorxma» söylədin.
58Ey Xudavənd, mənim əməlimə baxdın, Həyatımı satın aldın.
59Ya Rəbb, başıma gətirdikləri şəri gördün, Bu iş barədə hökmünü ver.
60Mənə bəslədikləri kini, Mənə qarşı qurulan fəndləri gördün.
61Ya Rəbb, mənə etdikləri həqarəti eşitdin, Əleyhimə fənd qururlar.
62Əleyhdarlarımın pıçıltısını, Gün boyu mənə qarşı mırıltısını eşitdin.
63Onların oturuşuna-duruşuna bax, Onlara məzhəkə nəğməsi olmuşam.
64Ya Rəbb, onların əllərinin əməllərinə görə Əvəzini verəcəksən.
65Onların qəlbini inadkar et, Qoy lənətin onların üstünə gəlsin.
66Ya Rəbb, qəzəbinlə onları qov, Səma altından məhv edib at!