1Qızıl necə də tutqunlaşdı, Saf qızıl parıltıdan düşdü. Müqəddəs daşlar Hər küçə başına dağılmışlar.
2Sion övladları tərəziyə qoyulanda Saf qızıldan da qiymətli idi. İndi isə onlar saxsı qablara, Dulusçunun əl işinə bərabər olublar.
3Çaqqallar belə, balalarına əmcək verir, Onları əmizdirir. Əziz xalqım isə insafı atır, Səhra dəvəquşularına oxşayır.
4Südəmər körpənin dili Susuzluqdan damağına yapışır. Uşaqlar yemək istəyir, verən yoxdur.
5Ən ləziz yeməkləri yeyənlər İndi küçələrdə taqətdən düşüblər. Al rəngli paltar geyib-böyüyənlər Zibillikdə yatırlar.
6Axı əziz xalqımın təqsiri Sodomun günahını keçdi, Bu şəhər əl toxunmadan Bir andaca yerlə yeksan oldu.
7Yerusəlimin başçıları qardan da təmiz idi, Süddən də bəyaz idi, Vücudları qıpqırmızı yaqut kimi idi, Zahirən göy yaquta bənzəyirdi.
8İndisə üzləri kömür kimi qaralıb, Küçələrdə heç birini tanımaq olmur, Onlar cılızlaşaraq bir sümük, bir də dəri qalıb, Ağac kimi quruyub.
9Bu aclığın qurbanındansa Qılınc qurbanı olan bəxtiyardır. Zəminin məhsulundan məhrum olmuşdular, Əriyən canlarında can qalmayıb.
10Hətta ən qəlbiyumşaq qadınlar Öz əlləri ilə balalarını bişirirdi. Əziz xalqım qırılarkən Balalarının ətini yeyirdi.
11Rəbb hiddətini boşaltdı, Qızğın qəzəbini yağdırdı, Sionda alovunu alışdırdı, Onu təməlinədək yandırıb-yaxdı.
12Dünyada heç bir padşah inanmazdı ki, Yerusəlimin darvazalarından keçib Yağılar və düşmənlər Bu şəhəri zəbt edər.
13Bu iş şəhərdə salehlərin qanının tökülməsi Peyğəmbərlərin günahları, kahinlərin təqsirləri üzündən oldu,
14Kor kimi küçələrdə dolanırdılar, Qanla murdar oldular, Onların libaslarına belə, Kimsə toxuna bilməz.
15İnsanlar onlara qışqırır: «Ey murdarlar, rədd olun! İtilin buradan, bizə dəyməyin, rədd olun!» Onlar qaçqın, sərgərdan dolanarkən Başqa millətlər deyir: «Bunlar burada qalmasın!»
16Rəbb Özü onları pərən-pərən saldı, Onlara yenidən baxmaz, O daha kahinlərə hörmət etmir, Ağsaqqallara xeyirxahlıq göstərmir.
17Hər an boş yerə yardım gözləməkdən Gözlərimiz taqətdən düşdü, Bizi qurtara bilməyən milləti Hey gözlədik, gəlmədi.
18Ardımızca düşmən düşüb, Küçələrdə gəzə bilmirik. Sonumuz çatdı, günlərimiz bitdi, Aqibətimiz sona yetdi.
19Bizi təqib edənlər Göylərdəki qartallardan sürətlidirlər, Dağlarda ardımızca düşdülər, Pusqu qurub səhrada gözlədilər.
20Rəbbin məsh etdiyi, həyatımızın nəfəsi Onların xəndəklərində yaxalandı, Halbuki deyirdik: «Onun kölgəsində Millətlərin içində yaşayacağıq».
21Ey Us ölkəsində yaşayan Edom xalqı, Sevin, fərəhlən! Sən də bu kasadan içəcəksən, Sərxoş olub, çılpaq qalacaqsan.
22Ey Sion qızı, təqsirinin cəzası sona çatdı, Rəbb səni bir daha sürgünə göndərməyəcək, Ey Edom xalqı, təqsirini cəzasına çatdıracaq, Günahlarını meydana çıxaracaq.