25Ey İsrail xalqı, sənə əlimi uzadacağam, Paxırını gilabı ilə təmizləyəcəyəm, Bütün çirkini yuyacağam.
26Hakimlərini, məsləhətçilərini Əvvəlki kimi geri qaytaracağam. Sənə yenidən: “Salehlik şəhəri, sadiq şəhər” deyiləcək».
27Sion ədalətlə, Tövbə edən sakinləri salehliklə qurtulacaq.
28Lakin üsyankarlarla günahkarlar Birgə həlak olacaq, Rəbbi tərk edənlər yox olacaq.
29Palıd ağaclarına səcdə etməkdən xəcalət çəkəcəksiniz, Seçdiyiniz bağlarda ibadət etməkdən utanacaqsınız.
30Yarpaqları solmuş palıd ağacına, Susuz bağa dönəcəksiniz.
31Güclü adam kətan qırıntısına oxşayacaq, Gördüyü iş qığılcım kimi olacaq, İkisi birlikdə yanacaq, Onları söndürən olmayacaq.