Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Luka - Luka 7

Luka 7:5-29

Help us?
Click on verse(s) to share them!
5Çünki o bizim millətimizi sevir və bizim üçün sinaqoq tikdirib».
6İsa onlarla birlikdə yola düşdü. O, evə yaxınlaşarkən yüzbaşı bəzi dostlarını yollayıb Ona belə xəbər göndərdi: «Ya Rəbb, zəhmət çəkmə. Mən layiq deyiləm ki, Sən mənim evimə girəsən.
7Bu səbəbə görə yanına gəlməyə də özümü layiq bilmədim. Amma bir söz söylə ki, xidmətçim sağalsın.
8Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir».
9Bunu eşidən İsa yüzbaşıya heyrət etdi. O dönüb ardınca gələn camaata dedi: «Sizə deyirəm: heç İsraildə də bu qədər böyük iman görmədim».
10Göndərilən adamlar evə qayıdanda xəstə qulun sağlam olduğunu gördülər.
11Bundan bir az sonra İsa Nain adlanan bir şəhərə getdi. İsanın şagirdləri və böyük bir izdiham Onu müşayiət edirdi.
12O, şəhər darvazasına yaxınlaşarkən bir dul ananın yeganə oğlunun cənazəsi çıxarılırdı. Şəhər sakinlərinin çoxu da ana ilə gedirdi.
13Rəbb onu görəndə ona rəhmi gəldi və qadına dedi: «Ağlama!»
14Yaxınlaşıb mafəyə toxundu və cənazəni aparanlar dayandılar. İsa dedi: «Ey cavan oğlan, sənə deyirəm: qalx!»
15Ölü durub oturdu və danışmağa başladı. İsa onu anasına verdi.
16Hamını qorxu bürüdü. «Aramızda böyük bir peyğəmbər ortaya çıxdı!» və «Allah Öz xalqına nəzər saldı!» – deyərək Allahı izzətləndirdilər.
17İsa barəsindəki bu xəbər bütün Yəhudeyaya və ətraf bölgəyə yayıldı.
18Yəhyanın şagirdləri də ona bütün bu hadisələr barədə xəbər verdilər. Yəhya şagirdlərindən ikisini yanına çağırıb
19göndərdi ki, Rəbdən soruşsunlar: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?»
20Adamlar İsanın yanına gəlib dedilər: «Vəftizçi Yəhya bizi Sənin yanına göndərdi ki, soruşaq: “Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?”»
21Həmin vaxt İsa bir çox xəstəliklərə, azarlara və şər ruhlara tutulmuş insanlara şəfa verdi, həm də bir çox korların gözlərini açdı.
22İsa onlara belə cavab verdi: «Gedin, görüb eşitdiklərinizi Yəhyaya bildirin: korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır.
23Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!»
24Yəhyanın elçiləri getdikdən sonra İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı?
25Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma gözəl paltar geyinib cah-calal içində yaşayanlar padşah saraylarında qalırlar.
26Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə.
27Bu o adamdır ki, onun haqqında yazılıb: “Budur, Sənin önündə Öz elçimi göndərirəm. O Sənin qabağında yolunu hazırlayacaq”.
28Sizə deyirəm: qadından doğulanlar arasında Yəhyadan üstün olan yoxdur. Amma Allahın Padşahlığında ən kiçik olan ondan üstündür».
29Yəhyanın vəftiz etdiyi xalqın hamısı, hətta vergiyığanlar da bunu eşitdikdə Allahın ədalətini təsdiq etdilər.

Read Luka 7Luka 7
Compare Luka 7:5-29Luka 7:5-29