Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Hakimlər

Hakimlər 14

Help us?
Click on verse(s) to share them!
1Bir gün Şimşon Timnaya endi və Timnada Filişt qızlarından bir qadın gördü.
2O, ata-anasının yanına qayıdıb dedi: «Timnada Filişt qızlarının arasında bir qadın görmüşəm, gedin, onu mənim üçün arvad alın».
3Atası ilə anası ona dedilər: «Məgər qohumlarının qızları arasında, xalqımın arasında bir qadın yoxdur ki, gedib özünə sünnətsiz Filiştlilərdən arvad alırsan?» Şimşon atasına dedi: «Mənim üçün onu alın, çünki gözümə o xoş görünür».
4Ata və anası bilmirdi ki, bu istək Rəbdəndir. Ona görə ki Rəbb Filiştlilərin hakimiyyətini devirmək üçün fürsət axtarırdı. O dövrdə Filiştlilər İsraillilərin üstündə hökmranlıq edirdi.
5Şimşon ata və anası ilə birlikdə Timnaya endi. Onlar Timnanın üzüm bağlarına çatanda qəflətən cavan bir aslan nərə çəkərək onun qarşısına çıxdı.
6Rəbbin Ruhu qüvvəsi ilə Şimşonun üstünə endi. Onun əli boş idi, amma cavan aslanı balaca oğlaq kimi parçaladı. Ata-anasına isə heç nə bildirmədi.
7Sonra enib qadınla söhbət etdi və qadın Şimşonun gözünə xoş göründü.
8Bir müddət keçəndən sonra Şimşon qadını almaq məqsədi ilə geri qayıtdı. Aslanın leşinə baxmaq üçün o öz yolundan döndü. Gördü ki, aslanın leşinin üstündə arı beçəsi ilə bal var.
9O, ovucları ilə baldan götürdü və yeyə-yeyə ata-anasının yanına gəldi. Baldan onlara da verdi, lakin onlara bildirmədi ki, balı aslanın leşinin üzərindən götürüb.
10Atası qadının evinə getdi və Şimşon orada ziyafət qurdu, çünki o zamanlar cavanlar belə edərdi.
11Onu görən xalq müşayiət üçün ona otuz nəfər sağdış-soldış seçdi.
12Şimşon onlara dedi: «İndi mən sizə bir tapmaca deyəcəyəm. Əgər ziyafətin yeddinci gününə qədər açmasını mənə desəniz, mən sizə otuz dəst kətan paltar və otuz dəst bayram libası verəcəyəm.
13Yox, əgər tapmacanın açmasını mənə deyə bilməsəniz, onda siz mənə otuz dəst kətan paltar və otuz dəst bayram libası verməlisiniz». Ona dedilər: «Tapmacanı de, bir ona qulaq asaq».
14Şimşon onlara dedi: «Yeyəndən bir yeməli şey çıxdı, Güclüdən bir şirin şey çıxdı». Üç gün ərzində onlar tapmacanı tapa bilmədilər.
15Dördüncü gün olanda Şimşonun arvadına dedilər: «Ərini başa sal ki, bizə bu tapmacanın cavabını desin, yoxsa sənin də, atanın da evini yandırarıq. Siz bizi buraya soymağa çağırmısınız?»
16Arvadı Şimşonun qarşısında ağlayıb dedi: «Əslində məndən zəhlən gedir, məni sevmirsən, ona görə də xalqımın oğullarına dediyin tapmacanın cavabını mənə açmırsan». Şimşon ona dedi: «Bax heç atama və anama da bu tapmacanın cavabını açmamışam. Sənəmi açım?»
17Yeddi gün ziyafət davam edə-edə qadın onun qarşısında ağladı. Yeddinci gün Şimşon tapmacanın açmasını arvadına dedi, çünki qadın onu cana gətirmişdi. Qadın da gedib tapmacanın cavabını öz xalqına söylədi.
18Şəhərin adamları yeddinci gün günəş batmazdan əvvəl Şimşona dedilər: «Baldan şirini varmı? Aslandan güclüsü varmı?» Şimşon onlara dedi: «Əgər mənim düyəmlə kotan sürməsəydiniz, tapmacamı tapa bilməzdiniz».

19Bundan sonra Rəbbin Ruhu qüvvə ilə onun üstünə endi. Şimşon Aşqelona gedib oradakılardan otuz nəfəri öldürərək onların mallarını talan edib tapmacanın açmasını deyənlərə bayram libası verdi. Sonra o, alovlu qəzəblə atasının evinə qalxdı.
20Şimşonun arvadını isə Şimşonu müşayiət edən sağdışlarından birinə verdilər.