Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Hakimlər

Hakimlər 9

Help us?
Click on verse(s) to share them!
1Yerub-Baalın oğlu Avimelek Şekemə, dayılarının yanına getdi. Onlara və bütün ana nəslinə belə dedi:
2«Rica edirəm, bütün Şekem başçılarına bunu eşitdirib deyin: “Sizin üçün hansı yaxşıdır, Yerub-Baalın yetmiş oğlu sizə hakimlik etsin, yoxsa bir nəfər? Unutmayın ki, mən sizin sümüyünüzdən və ətinizdənəm”».
3Dayıları onun söylədiyi bu sözləri bütün Şekem əhalisinə çatdırdı. Bundan sonra onların da könülləri Avimelekə meyl etdi və «o bizim soydaşımızdır» dedilər.
4Ona Baal-Beritin ibadət evindən yetmiş şekel gümüş verdilər. Avimelek isə özünə muzdla yaramaz və macəraçı adamlar tutdu. Onlar Avimelekin ardınca getdilər.
5Avimelek Ofraya – öz ata evinə gəldi və qardaşları Yerub-Baalın yetmiş oğlunu bir daş üstündə öldürdü. Təkcə Yerub-Baalın kiçik oğlu Yotam sağ qalmışdı, ona görə ki gizlənə bilmişdi.
6Bütün Şekem və Bet-Millo əhalisi toplaşaraq gedib Şekemdə daş sütunun yanındakı palıd ağacının yaxınlığında Avimeleki padşah elan etdi.
7Bu xəbər Yotama çatanda o gedib Gerizim dağının təpəsində durdu və bərkdən çığırıb onlara belə dedi: «Ey Şekem sakinləri, məni dinləyin ki, Allah da sizi dinləsin.
8Günlərin bir günündə bütün ağaclar özləri üçün padşah məsh etməkdən ötrü gedib zeytun ağacına dedilər: “Bizim padşahımız ol”.
9Zeytun ağacı dedi: “Allahın və insanın şərəfi üçün məndən alınan yağı ataraq ağacların üstündəmi sallanıb qalım?”
10Sonra ağaclar əncir ağacına dedilər: “Gəl sən bizə padşah ol”.
11Əncir ağacı onlara dedi: “Şirinliyimi və gözəl meyvələrimi ataraq ağacların üstündəmi sallanıb qalım?”
12Bu dəfə ağaclar üzüm tənəyinə dedilər: “Gəl sən bizə padşah ol”.
13Üzüm tənəyi isə onlara dedi: “Allahı və insanları sevindirən təzə şərablarımı ataraq ağacların üstündəmi sallanıb qalım?”
14Nəhayət, bütün ağaclar gəlib yabanı göyəmə dedilər: “Gəl sən bizə padşah ol”.
15Yabanı göyəm dedi: “Əgər, həqiqətən, siz məni özünüzə padşah olaraq məsh edirsinizsə, gəlin mənim kölgəmə sığının. Belə olmazsa, qoy yabanı göyəmdən alov çıxsın və Livanın sidr ağaclarını yandırıb-yaxsın”.
16Baxın Avimeleki padşah etməkdə haqq niyyət və doğruluqla iş gördünüzmü? Siz Yerub-Baala və onun nəslinə qarşı yaxşı iş gördünüzmü? Münasibətiniz atama layiqdirmi?
17Axı atam sizin üçün döyüşdü və öz canını təhlükəyə atıb sizi Midyanın əlindən qurtardı.
18Siz isə bu gün atamın nəslinin əleyhinə çıxıb yetmiş oğlunu bir daş üstündə öldürdünüz və sonra cariyəsindən olan oğlu Avimeleki Şekem əhalisinin padşahı etdiniz, çünki o sizin soydaşınızdır.

19Əgər bu gün Yerub-Baalla onun nəsli üçün haqq niyyətlə və doğruluqla rəftar etdinizsə, onda bu Avimeleklə sevinin və qoy o da sizinlə sevinsin.
20Yoxsa qoy Avimelekdən alov çıxıb Şekem başçılarını və Bet-Millo əhalisini yox etsin, onlardan da od çıxıb Avimeleki yox etsin».
21Yotam qaçıb aradan çıxdı və Beerə getdi. Qardaşı Avimelekdən qorxduğu üçün orada qaldı.
22Avimelek üç il İsrail üzərində başçılıq etdi.
23Sonra Allahın izni ilə Avimeleklə Şekem əhalisinin arasına şər ruh girdi və onlar Avimelekə xəyanətlə yanaşdılar.
24Bu ona görə baş verdi ki, həm Avimelek Yerub-Baalın yetmiş oğluna qarşı etdiyi günahın cəzasını çəksin, həm də Avimelekdən və onu bu qətlə sövq edən Şekem əhalisindən tökdükləri qanların qisası alınsın.
25Şekem əhalisi dağların başında Avimelekə qarşı pusqu qurub yolda yanlarından keçənlərin hamısını soyurdular. Bunu Avimelekə xəbər verdilər.
26Evedin oğlu Qaal və qardaşları gəlib Şekemdə məskunlaşdılar. Şekem əhalisi də ona etimad göstərdi.
27Onlar çölə, bağlara gedib üzüm yığdılar. Sonra bu üzümləri əzib şənlik qurdular və öz allahlarının ibadətgahına gedərək yeyib-içib Avimelekə lənət oxudular.
28Eved oğlu Qaal dedi: «Avimelek kimdir ki, biz Şekem sakinləri ona xidmət edək? Yerub-Baalın oğlu deyilmi? Onun müavini də Zevul deyilmi? Gəlin Şekemin atası Xamorun adamlarına xidmət edin! Axı nəyə görə biz Avimelekə xidmət etməliyik?
29Kaş bu xalq mənim əlimdə olaydı! O zaman Avimeleki qovardım». Sonra Qaal Avimelekə dedi: «Ordunu yığ, meydana çıx!»
30Şəhər başçısı Zevul Evedin oğlu Qaalın bu sözlərini eşidəndə qəzəbdən alışıb yandı.
31Hiylə işlədərək Avimelekin yanına qasidlər göndərib dedi: «Budur, Eved oğlu Qaal ilə qardaşları Şekemə gəlib şəhəri sənin əleyhinə qaldırırlar.
32İndi sən və adamların bu gecə qalxıb çöldə pusquda durun.
33Səhər açılanda günəş doğar-doğmaz qalxıb şəhərə hücum edərsən. Bax Qaal ilə adamları sənə qarşı çıxarkən əlindən gələni et».
34Avimeleklə adamları gecə ikən qalxdılar və dörd dəstə olub Şekemin yaxınlığında pusquda durdular.
35Eved oğlu Qaal çıxıb şəhər darvazasının giriş yerində duranda Avimelek və adamları pusqudan çıxdılar.
36Qaal onları görüb Zevula dedi: «Bax dağların təpəsindən bir dəstə xalq enir». Zevul ona dedi: «Gördüyün dağların kölgəsidir, adamlara oxşadırsan».

37Qaal sözünə davam edərək dedi: «Bax ölkənin orta hissəsindən xalq enir. Gələcəyideyənlər palıdı yolundan da bir dəstə gəlir».
38O zaman Zevul ona dedi: «“Avimelek kimdir ki, biz ona xidmət edək” deyə lovğalanan dilin haradadır? Həqarətlə baxdığın xalq bu xalq deyilmi? İndi meydana çıx, onunla döyüş».
39Qaal Şekem əhalisinin qabağına çıxıb Avimeleklə döyüşdü.
40Avimelek onu qovdu, Qaal onun qabağından qaçdı. Adamların çoxu yaralanaraq darvazanın giriş yerinə qədər yerə sərildi.
41Avimelek Arumada yaşadı. Zevul isə Qaal ilə qardaşlarını Şekemdə yaşamağa qoymayıb qovdu.
42Ertəsi gün Şekem xalqı çölə çıxanda bu barədə Avimelekə xəbər verildi.
43O, ordusunu götürüb üç dəstəyə ayırdı və onlar çöldə pusqu qurub güddülər. Avimelek xalqın şəhərdən çıxdığını görəndə qalxıb hücuma keçdi.
44Avimeleklə dəstəsi cəld irəli keçərək şəhər darvazasının girişində dayandılar. O biri iki dəstə isə çöldəki xalqın üstünə düşüb onları qırdı.
45Avimelek bütün günü şəhərə hücum edərək şəhəri aldı. Orada olan adamları qırdı, şəhəri viran edib yerinə duz əkdi.
46Şekemin qülləsindəki adamlar bunu eşidəndə El-Berit məbədinin qalasına girdilər.
47Bütün Şekem qülləsindəkilərin oraya yığıldığını Avimelekə xəbər verdilər.
48Avimelek bütün adamları ilə bərabər Salmon dağına çıxdı. Əlinə balta götürüb ağacdan bir budaq kəsdi və onu çiyinlərinin üstünə qoyub yanındakı xalqa belə dedi: «Cəld olun, mən necə edirəmsə, siz də elə edin».
49Bütün xalq bir-bir budaqları kəsərək Avimelekin arxasınca getdi və budaqları qalanın ətrafında qoyub od vurdu. Şekem qülləsindəki adamlardan minə qədər kişi və qadın yanaraq öldü.
50Avimelek Tevesə getdi və oranı mühasirə edib aldı.
51Şəhərin ortasında möhkəm bir qüllə var idi. Bütün şəhər əhalisi – kişi və qadınlar qülləyə qaçaraq qapını arxalarınca bağlayıb qüllənin başına çıxdılar.
52Avimelek gəlib qülləyə hücum etdi. Oraya od vurmaq üçün qüllənin qapısına yaxınlaşdı.
53Onda bir qadın dəyirmanın üst daşını Avimelekin başına tullayaraq kəlləsini əzdi.
54Avimelek tez silah daşıyan gənc nökərini çağırıb dedi: «Çək qılıncını, məni öldür. Qoy mənim üçün deməsinlər ki, onu bir arvad öldürdü». Nökər qılıncı ilə onu vuranda Avimelek öldü.

55İsraillilər görəndə ki Avimelek ölüb, hamısı öz yerinə qayıtdı.
56Bununla da Allah Avimelekin yetmiş qardaşını öldürməklə atasına etdiyi pisliyi öz başına gətirdi.
57Allah Şekem əhalisinin də bütün pisliyini öz başlarına gətirdi. Yerub-Baalın oğlu Yotamın lənəti onların üstünə düşdü.