Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Hakimlər

Hakimlər 15

Help us?
Click on verse(s) to share them!
1Bir müddət keçəndən sonra, buğda biçini mövsümündə Şimşon bir oğlaq götürüb arvadına baş çəkməyə getdi və dedi: «Arvadımın yanına – gərdəyə girmək istəyirəm». Lakin qadının atası Şimşonu gərdəyə girməyə qoymadı.
2Qızın atası dedi: «Elə bildim ki, sənin ondan, həqiqətən, zəhlən gedir, ona görə də arvadını sənin sağdışına ərə verdim. Bax onun kiçik bacısı var. O ondan da gözəl deyilmi? Rica edirəm, qoy onun yerinə bu sənin olsun».
3Şimşon onlara dedi: «Bu dəfə Filiştlilərə pislik etsəm, heç təqsirkar olmaram».
4Şimşon gedib üç yüz tülkü tutdu və məşəllər götürdü. Tülküləri cüt-cüt quyruq-quyruğa bağladı və quyruqların arasına bir məşəl qoydu.
5Məşəlləri yandırıb tülküləri Filiştlilərin əkinlərinə buraxdı və bununla da taxıl dərzlərinə, əkinlərə, üzümlüklərə, zeytunluqlara od vurdu.
6Filiştlilər bir-birindən soruşdular: «Görəsən bunu kim edib?» Kimsə dedi ki, bunu Timnalının kürəkəni Şimşon edib, çünki qayınatası götürüb onun arvadını sağdışına ərə verib. Filiştlilər çıxıb o qadınla atasına od vurub yandırdılar.
7Şimşon onlara dedi: «İndi ki siz belə etdiniz, mütləq sizdən qisasımı almamış əl çəkməyəcəyəm».
8Şimşon onlara amansızcasına hücum edərək çoxunun belini qırdı. Özü isə Etam qayasının oyuğuna enib orada qaldı.
9Filiştlilər çıxıb Yəhudada ordugah qurdular və Lexidə yayıldılar.
10Yəhuda adamları dedi: «Nə üçün bizə qarşı çıxmısınız?» Onlar dedilər: «Biz gəlmişik ki, Şimşonun əl-qolunu bağlayaq və bizim başımıza gətirdiyini onun başına gətirək».
11Yəhudadan üç min nəfər Etam qayasının oyuğuna enib Şimşona dedi: «Bilmirsən Filiştlilər bizim üzərimizdə hakimdir? Bu nə işdir başımıza gətirdin?» Şimşon onlara dedi: «Onların mənə elədiklərini onların başına gətirmişəm».
12Yəhudalılar ona dedi: «Biz sənin əl-qolunu bağlayıb Filiştlilərə təslim etməyə gəlmişik». Şimşon onlara dedi: «And için ki, məni öldürməyəcəksiniz».
13Yəhudalılar söz verdilər: «Yox, biz ancaq səni möhkəm bağlayıb onlara təslim edəcəyik və səni əsla öldürmərik». Sonra onu iki təzə iplə sarıdılar və qayadan çıxartdılar.
14Şimşon Lexiyə gələndə Filiştlilər onu bağıra-bağıra qarşıladılar və elə o anda Rəbbin Ruhu qüvvə ilə Şimşonun üstünə endi. Qollarına bağlanan ip alışıb-yanan kətan kimi qırılıb yerə töküldü.
15O, yerdə bir eşşəyin saf çənə sümüyünü tapdı. Əl ataraq sümüyü götürüb onunla min nəfər kişini qırdı.
16Sonra Şimşon belə dedi: «Eşşəyin çənə sümüyü ilə bir-iki qalaq yaratdım. Eşşəyin çənə sümüyü ilə min nəfəri qırıb-çatdım».
17Şimşon bu sözləri söyləyib qurtarandan sonra eşşəyin çənə sümüyünü tulladı. Ona görə də o yerə Ramat-Lexi deyilir.
18Bundan sonra Şimşon bərk susadı və Rəbbə fəryad edib dedi: «Sən quluna bu böyük qələbəni verdin, amma indi mən susuzluqdan ölüb sünnətsizlərin əlinə düşümmü?»

19Onda Rəbb Lexidə çuxur yarıb su axıtdı. Şimşon su içəndə cana gəlib ruhlandı. Buna görə bu çeşmənin adı En-Haqqore qoyuldu və bu bulaq bu günə qədər Lexidədir.
20Filiştlilərin hökmranlığı dövründə Şimşon İsraildə iyirmi il hakimlik etdi.