Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Hakimlər

Hakimlər 20

Help us?
Click on verse(s) to share them!
1Bütün İsrail övladları Dandan Beer-Şevaya qədər ərazidən və Gilead torpağından Mispaya çıxdılar. İcma bir nəfər kimi Rəbbin önündə toplandı.
2Bütün xalqın, bütün İsrail qəbilələrinin başçıları Allahın xalqının toplantısında öz yerlərini tutdular. Orada qılınc daşıyan dörd yüz min piyada var idi.
3Binyamin övladları İsrail övladlarının Mispaya çıxdıqlarını eşitdi. Orada İsrail övladları dedilər: «Danışın görək, bu pis hadisə necə baş verdi?»
4Öldürülən qadının əri olan Levili onlara cavab verdi: «Mənimlə cariyəm gecələmək üçün Binyaminin Givea şəhərinə daxil olduq.
5Givea kişiləri mənə qarşı qalxdılar və mənim gecələdiyim evi mühasirəyə aldılar, məni öldürmək istədilər və cariyəmi zorladılar. Bunun nəticəsində qadın öldü.
6Mən də cariyəmi götürüb parça-parça doğrayaraq hər hissəsini İsrailin irs torpaqlarının bütün bölgələrinə göndərdim, çünki İsraildə pozğunçuluq və alçaqlıq edilib.
7Ey İsrail övladları! Baxın hamınız burada öz fikir və məsləhətinizi verin».
8Bütün xalq bir nəfər kimi ayağa qalxıb dedi: «Bizdən heç kim çadırına getməyəcək və heç kim evinə qayıtmayacaq.
9İndi belə bir iş görməliyik: püşk atıb Giveaya hücum edəcəyik.
10Orduya azuqə gətirmək üçün İsrailin bütün qəbilələrinin hər yüz nəfərdən onunu, min nəfərindən yüzünü, on min nəfərindən minini götürəcəyik ki, Binyaminin Givea şəhərinə gedib çatanda İsraildə etdikləri alçaq işlərin hamısının əvəzini onlara edə bilsinlər».
11Bütün İsraillilər bir nəfər kimi birləşib o şəhərə qarşı toplandılar.
12İsrail qəbilələri Binyamin qəbiləsinin torpaqlarının hər tərəfinə qasidlər göndərib dedi: «Bu nə pislikdir, sizin aranızdan çıxıb?
13İndi Giveada olan o yaramaz adamları bizə verin, onları öldürək və bununla İsraildən bu pisliyi təmizləyək». Lakin Binyamin övladları soydaşları olan İsrail övladlarının sözünə qulaq asmaq istəmədilər.
14İsrail övladları ilə döyüşə çıxmaq üçün Binyamin övladları öz şəhərlərindən Giveaya toplandılar.
15Həmin gün şəhərlərdən gələn Binyamin övladları Givea əhalisindən yığılmış yeddi yüz seçmə adamdan savayı, qılınc daşıyan iyirmi altı min kişi də yığdılar.
16Bütün bu xalqın arasında solaxay olan yeddi yüz seçmə adam var idi ki, hər biri sərrast sapand atıb daşla başda olan bir tükü belə, vura bilirdi və atdıqları boşa çıxmırdı.
17Binyaminlilərdən başqa, İsraillilərdən qılınc daşıyan dörd yüz iyirmi kişini saydılar ki, bunların da hamısı döyüşçü idi.
18İsrail övladları Bet-Elə çıxdılar və Allaha müraciət edib dedilər: «Binyamin övladlarına qarşı biz tərəfdən əvvəlcə kim döyüşə çıxacaq?» Rəbb dedi: «Əvvəlcə Yəhuda qəbiləsi çıxacaq».

19İsrail övladları səhər tezdən qalxıb Giveaya qarşı ordugah qurdular.
20İsraillilər Binyaminlilərlə döyüşə çıxıb Giveada onlara qarşı düzüldülər.
21Binyamin övladları Giveadan çıxdılar və o gün İsraillilərdən iyirmi iki min kişini vurub yerə sərdilər.
22Lakin İsrail ordusu cəsarətə gəlib əvvəlki gün düzüldükləri yerdə yenə də döyüşə düzüldü.
23İsrail övladları Bet-Elə çıxıb Rəbbin önündə axşama qədər ağladılar və Rəbbə müraciət edib dedilər: «Soydaşımız olan Binyamin övladları ilə yenə döyüşə girişəkmi?» Rəbb onlara dedi: «Onların qarşısına çıxın».
24İkinci gün İsrail övladları Binyamin övladlarına yaxınlaşdılar.
25Həmin gün də Binyaminlilər onların qarşısına çıxaraq İsrail övladlarından bu dəfə on səkkiz min kişini vurub yerə sərdi. Bunların hamısı qılınc daşıyan adamlar idi.
26Bütün İsrail övladları, bütün ordu Bet-Elə çıxıb ağladı. Orada Rəbbin önündə qalıb axşama qədər oruc tutdular. Rəbbin hüzurunda yandırma və ünsiyyət qurbanları təqdim etdilər.
27İsrail övladları Rəbbə müraciət etdilər, çünki Allahın Əhd sandığı o günlər orada idi.
28Harun oğlu Eleazar oğlu Pinxas o dövrdə sandığın önündə dururdu. Onlar Rəbbə dedilər: «Soydaşlarımız olan Binyamin övladlarına qarşı bir daha döyüşə çıxaqmı, yoxsa bu işdən əl çəkək?» Rəbb dedi: «Çıxın, çünki sabah onları sizə təslim edəcəyəm».
29İsraillilər pusquda duranları Giveanın ətrafında yerləşdirdilər.
30Üçüncü gün yenə İsrail övladları Binyamin övladlarına qarşı çıxdılar və əvvəlki kimi Giveaya qarşı düzüldülər.
31Binyamin övladları da bu xalqa qarşı çıxdılar və şəhərdən kənara çəkildilər. Əvvəlki kimi onlar İsrailliləri qırmağa başladılar. Bet-Elə və Giveaya gedən əsas yollarda otuz nəfər İsrailli qırıldı.
32Binyamin övladları dedilər: «Əvvəlki kimi onlar yenə də qarşımızda məğlub olur». İsrail övladları isə dedilər: «Qaçaq, onları şəhərdən uzağa əsas yollara çıxardaq».
33Bütün İsraillilər yerlərindən qalxıb Baal-Tamarda düzüldülər. Birdən-birə Givea yaxınlığında pusquda duran İsraillilər də yerlərindən çıxdılar.
34Bütün İsraildən seçilmiş on min kişi Giveaya ön cəbhədən hücum etdi. Döyüş şiddətli idi. Amma Binyaminlilər müsibətlə qarşılaşdıqlarını bilmədilər.
35Rəbb İsrailin önündə Binyaminliləri darmadağın etdi. Həmin gün İsrail övladları Binyaminlilərdən iyirmi beş min yüz kişini həlak etdi. Bunların hamısı qılınc gəzdirən adamlar idi.
36Binyamin övladları gördülər ki, məğlub oldular. Belə oldu ki, İsraillilər Giveaya qarşı qurduqları pusquda duranlara güvəndiklərinə görə Binyaminlilərə meydan vermişdilər.

37Pusquda duran adamlar cəld tərpənib Giveaya hücum etdilər və ətrafa yayılaraq bütün şəhəri qılıncdan keçirtdilər.
38Şəhərdən qalxan böyük tüstü İsraillilərlə pusquda duranlar arasında təyin olunmuş işarə idi.
39Bu işarəyə görə döyüş meydanındakı İsraillilər dönüb Binyaminlilərin üzərinə getməli idi. Binyaminlilər İsrailliləri qırmağa başladılar və otuz nəfərə qədər adamı öldürdülər. Ona görə də belə dedilər: «Yəqin əvvəlki döyüşdə olduğu kimi önümüzdə məğlub olurlar».
40Lakin şəhərdən sütun kimi tüstü qalxmağa başlayanda Binyaminlilər arxaya baxıb bütün şəhərdən yanğının göyə yüksəldiyini gördülər.
41İsraillilər dönüb onların üstünə gələndə Binyaminliləri dəhşət bürüdü, çünki fəlakətlə qarşılaşdıqlarını gördülər.
42Onlar İsraillilərin önündən geri çəkilib çölə tərəf qaçdılar, lakin döyüş oranı da bürüdü. Onları şəhərdən çıxanlar mühasirəyə alıb qırdılar.
43Binyaminliləri mühasirəyə alıb dayanmadan təqib edərək gündoğana tərəf Giveanın qarşısında onları əzdilər.
44Binyaminlilərdən on səkkiz min nəfər yerə sərildi. Bunların hamısı igid cəngavər idi.
45Qalanları dönüb çölə tərəf, Rimmon qayasına qaçdılar. İsraillilər əsas yollar boyunca onlardan beş min kişini qırdılar. Sonra Gidoma qədər Binyaminlilərin ardınca düşüb daha iki minini qırdılar.
46Həmin gün qılınc gəzdirən iyirmi beş min Binyaminli qırıldı. Bunların hamısı igid cəngavər idi.
47Altı yüz kişi isə dönüb çölə tərəf, Rimmon qayasına qaçdı və dörd ay orada qaldı.
48İsraillilər Binyamin övladlarının torpaqlarına qayıdıb bütün şəhər sakinlərini və heyvanlarını, əllərinə nə keçdisə, hamısını qılıncdan keçirdilər. Sonra qarşılarına çıxan bütün şəhərlərə od vurdular.