Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Hakimlər

Hakimlər 21

Help us?
Click on verse(s) to share them!
1İsraillilər «bizdən heç kim qızını Binyaminliyə ərə verməyəcək» deyə Mispada and içmişdilər.
2Xalq Bet-Elə gedib orada axşama qədər Allahın hüzurunda oturaraq və fəryad edərək bərkdən ağladı.
3Onlar dedilər: «Ey İsrailin Allahı Rəbb, niyə İsraildə belə hadisə baş verdi? Nə üçün bu gün İsraildən bir qəbilə əskildi?»
4Ertəsi gün xalq tezdən qalxıb orada Rəbbə bir qurbangah tikərək yandırma və ünsiyyət qurbanları təqdim etdi.
5İsrail övladları dedi: «Bütün İsrail qəbilələrindən Rəbbin önündəki toplantımıza gəlməyən varmı?» Çünki Mispada olan Rəbbin önündəki toplantıya gəlməyənlər haqqında möhkəm and içmişdilər ki, onlar öldürülməlidirlər.
6İsrail övladları öz soydaşları Binyaminlilərdən ötrü kədərlənib dedilər: «Bu gün İsraildən bir qəbilə kəsildi.
7Onlardan sağ qalanlara arvad tapmaq üçün nə edək? Axı onlara qızlarımızı ərə verməmək üçün Rəbbin haqqına and içmişik».
8Sonra İsrail övladları soruşdu: «İsrail qəbilələrindən Mispaya, Rəbbin hüzuruna kim gəlməyib?» Toplantı üçün ordugaha Yaveş-Gileaddan heç kimin gəlmədiyini öyrəndilər,
9çünki xalq siyahıya alınanda orada Yaveş-Gilead əhalisindən heç kimin olmadığı məlum oldu.
10İcma oraya on iki min igid cəngavər göndərərək onlara əmr edib dedi: «Gedin, qadınlar və uşaqlar da daxil olmaqla Yaveş-Gilead əhalisinin hamısını qılıncdan keçirin.
11Edəcəyiniz iş belə olacaq: hər kişini və kişi ilə yatan qadınların hamısını tamamilə məhv edin».
12Yaveş-Gilead əhalisi arasında ərə getməmiş dörd yüz qız tapdılar və onları Kənan torpağında olan Şilodakı ordugaha gətirdilər.
13Bütün icma Rimmon qayasında olan Binyamin övladlarının yanına adam göndərib danışdı və onları barışığa çağırdı.
14O vaxt Binyaminlilər qayıtdılar və Yaveş-Gilead qadınlarından sağ qalan qadınlar onlara verildi, lakin gətirilənlər onların hamısına çatmadı.
15Xalq Binyaminlilərdən ötrü kədərləndi, çünki Rəbb İsrail qəbilələri arasında bir yarıq açmışdı.
16İcmanın ağsaqqalları dedi: «Qalanlar üçün necə arvad tapaq? Çünki Binyamindəki qadınlar həlak olmuşdu».
17Ağsaqqallar sözlərinə davam etdi: «İsraildən bir qəbilə silinməsin deyə Binyamində sağ qalan oğulların varisi olmalıdır.
18Biz qızlarımızı onlara ərə verə bilmərik, çünki İsrail övladları “Binyaminliyə qız verən lənətə gəlsin” deyə and içmişdilər».

19Onlar sonra dedilər: «Baxın Bet-Elin şimalında, Bet-Eldən Şekemə çıxan əsas yolun şərqində və Levonanın cənubunda olan Şiloda ilbəil Rəbbin bayramı olur».
20Beləliklə, Binyamin övladlarına belə əmr etdilər: «Gedib üzüm bağlarında pusquda durun,
21baxın, güdün, Şilo qızları rəqsə çıxanda cəld bağlardan çıxın, hər kəs özünə arvad etmək üçün bir Şilo qızı götürüb Binyamin torpağına qaçsın.
22Əgər onların ataları ya da qardaşları bizim yanımıza şikayətə gəlsələr, onlara belə deyərik: “Bizim xatirimizə Binyaminliləri bağışlayın, çünki əsir aldığımız qızlar hamısına çatmadı. Siz də onlara qız vermədiyinizə görə təqsirkar deyilsiniz”».
23Binyamin övladları belə də etdilər və öz saylarına görə rəqs edən qızlardan götürüb qaçdılar. Sonra öz irs olan torpaqlarına qayıtdılar və şəhərləri bərpa edib o yerlərdə yaşadılar.
24O vaxt İsrail övladları oranı tərk etdilər. Hər biri öz qəbiləsinə və öz nəslinin yanına qayıtdı, hər biri öz irs olan torpağına getdi.
25O dövrdə İsraildə padşah yox idi, hərə öz gözündə doğru görünən işi edirdi.