8O deyir: “Məgər sərkərdələrimin hamısı padşahlardan artıq deyilmi?
9Kalnonu Karkemiş kimi ələ keçirmədimmi? Xamat və Arpad şəhərlərini süqut etdirmədimmi? Samariya ilə Dəməşq bizə təslim olmadılarmı?
10Yerusəlimlə Samariyadakından daha çox oyma bütləri olan Bütpərəst ölkələri necə ələ keçirdimsə,
11Samariyaya və onun bütlərinə nə etdimsə, Yerusəlimə və onun bütlərinə də elə etmərəmmi?”»
12Xudavənd Sion dağında və Yerusəlimdə işini bitirəndən sonra belə deyəcək: «Aşşur padşahını qürurlu ürəyinə görə, Təkəbbürlü baxışlarına görə cəzalandıracağam.
13Çünki o deyir: “Bunu mən əlimin qüvvəti ilə, hikmətim və ağlımla etdim. Xalqları ayıran sərhədləri yox etdim, xəzinələrini talan etdim, Bir güclü buğa kimi padşahları taxtlarından endirdim.
14Elə bil əlimi quş yuvasına uzadıb Xalqların var-dövlətini götürdüm. Elə bil yiyəsiz yumurtaları yığıb Bütün dünyanı mən beləcə zəbt etdim. Qanad çırpan, ağzını açıb səsini çıxaran belə, olmadı”».
15Balta onu işlədənin qarşısında öyünərmi? Mişar onu qaldıranın qarşısında qürrələnərmi? Sanki dəyənək onu götürəni işlədir, Elə bil ağacdan düzəlmiş əsa canlını hərəkət etdirir.
16Buna görə Sahibimiz, Ordular Rəbbi Aşşurun güclü əsgərlərinə azar göndərəcək, Möhtəşəm orduları od tutub yanacaq.
17İsrailin Nuru od, İsrailin Müqəddəsi alov olacaq. Aşşuru tikan və qanqal kimi bir gündə yandırıb yox edəcək.
18Gözəl meşələri, məhsuldar tarlaları Tamamilə xarab olacaq, Ağır xəstəliyə tutulan insanın canı kimi Həlak olacaq.
19Meşələrində qalan ağaclarsa Bir uşağın saya biləcəyi qədər az qalacaq.
20O gün İsrailin sağ qalanları, Yaqubun nəslindən xilas olub sağ qalanlar Onları həlak edənlərə artıq bel bağlamayacaq. Lakin, həqiqətən, Rəbbə – İsrailin Müqəddəsinə arxalanacaq.
21Sağ qalanlar, Yaqub nəslindən sağ qalanlar Qüdrətli Allaha tərəf dönəcək,
22Ey İsrail, xalqın dəniz qumu qədər çox olsa belə, Onlar arasından ancaq sağ qalanlar Allaha tərəf dönəcək. Tükənməz ədalətlə dağıdılma hökmü verilib.
23Xudavənd, Ordular Rəbbi dağıdılma hökmünü Bütün dünyada yerinə yetirəcək.
24Buna görə də Xudavənd, Ordular Rəbbi belə deyir: «Ey Sionda yaşayan xalqım, Misirlilərin sənə etdiyi kimi Səni dəyənəklə vuran, Üzərinə çomaq qaldıran Aşşurlulardan qorxma.
25Çünki bu yaxında qəzəbim sönəcək, Hiddətim Aşşurluların məhvinə səbəb olacaq».
26Mən Ordular Rəbbi, Midyanlıları Orev qayasında vurduğum kimi Onları da qırmancla vuracağam, Dəyənəyimi Misirlilərə qarşı nə cür dənizin üzərinə uzatdımsa, İndi də elə edəcəyəm.
27O gün Aşşurun yükü çiyninizdən, Boyunduruğu boynunuzdan götürüləcək. Dirçəldiyinizə görə boyunduruq qırılacaq.
28Ayat şəhərini alıb Miqrondan keçdilər, Mikmasda yüklərini boşaltdılar.
29Onlar keçidi keçdi, Gevada gecələdi, Rama şəhəri lərzəyə gəldi, Şaulun şəhəri Giveada yaşayanlar qaçdı.
30Ey Qallim əhli, səsini ucalt! Ey Layşa, dinlə, Ey zavallı Anatot!
31Madmena sakinləri qaçır, Gevim sakinləri sığınacaq axtarır.
32Bu gün işğalçılar Novda qalacaq, Sion şəhərinin qurulduğu dağa – Yerusəlim təpəsinə yumruq göstərəcək.
33Budur, Sahibimiz, Ordular Rəbbi Düşməni dəhşətli gücü ilə budaqlar kimi kəsəcək. Ən hündür ağaclar qırılacaq, Qürurlular alçaldılacaq.
34Meşədəki kolluqları balta kimi Kəsib yerə sərəcək. Livan Qüdrətli Olanın önündə diz çökəcək.