Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Mark - Mark 9

Mark 9:7-38

Help us?
Click on verse(s) to share them!
7Bu zaman bir bulud onların üzərinə kölgə saldı. Buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ona qulaq asın!»
8Birdən ətrafa baxanda artıq yanlarında İsadan başqa kimsəni görmədilər.
9Dağdan enərkən İsa şagirdlərinə qadağan etdi ki, Bəşər Oğlu ölülər arasından dirilənə qədər orada gördüklərini heç kimə deməsinlər.
10Onlar da bu sözü ürəklərində saxladılar, amma bir-birlərindən soruşdular ki, ölülər arasından dirilmək nə deməkdir.
11Ondan soruşdular: «Elə isə niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?»
12İsa onlara belə dedi: «Düzdür, əvvəlcə İlyas gəlib hər şeyi yoluna qoymalıdır. Bəs Bəşər Oğlu barəsində nə üçün yazılıb ki, O, çox əzab çəkib alçaldılmalıdır?
13Lakin sizə deyirəm: artıq İlyas gəldi və haqqında yazıldığı kimi, nə istədilərsə, onun başına gətirdilər».
14Onlar şagirdlərin yanına gələndə böyük bir izdihamın toplaşdığını və bir neçə ilahiyyatçının şagirdlərlə mübahisə etdiyini gördülər.
15İsanı görən kimi bütün izdihamı heyrət bürüdü və qarşısına qaçıb Onu salamladılar.
16İsa adamlardan soruşdu: «Onlarla nə barədə mübahisə edirsiniz?»
17Camaat arasından biri Ona cavab verdi: «Müəllim! Mən Sənin yanına lallıq ruhuna tutulmuş oğlumu gətirmişəm.
18Ruh onu harada tutursa, yerə çırpır, uşağın ağzı köpüklənir, dişlərini qıcıdır və qıc olur. Şagirdlərindən xahiş etdim ki, bu ruhu qovsunlar, amma bacarmadılar».
19İsa da cavabında onlara dedi: «Ey imansız nəsil! Nə vaxta qədər sizinlə qalacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Uşağı yanıma gətirin!»
20Uşağı Onun yanına gətirdilər və İsanı görən kimi ruh dərhal uşağı sarsıtdı. Uşaq yerə yıxılıb yuvarlanırdı və ağzından köpük daşırdı.
21İsa onun atasından soruşdu: «Bu uşaq nə vaxtdan belə hala düşüb?» Uşağın atası dedi: «Körpəlikdən bəri.
22Bu ruh onu həlak etmək üçün dəfələrlə oda və suya atıb. Amma bacarırsansa, bizə kömək et, bizə rəhmin gəlsin!»
23İsa ona dedi: «“Bacarırsansa” nə sözdür? İman edən üçün hər şey mümkündür!»
24Uşağın atası dərhal fəryad qopararaq dedi: «İman edirəm, kömək et ki, imansızlığım yox olsun!»
25İsa camaatın qaçıb gəldiyini görəndə natəmiz ruha qadağan edib dedi: «Ey lallıq və karlıq ruhu, Mən sənə əmr edirəm, bu uşağın içindən çıx və bir daha ora girmə!»
26Ruh çığırıb uşağı sarsıdaraq çıxdı. Uşaq ölü kimi düşdü və çoxları dedi: «O öldü!»
27Lakin İsa uşağın əlindən tutub qaldırdı və o, ayağa qalxdı.
28İsa evə girəndən sonra şagirdləri təklikdə Ondan soruşdular: «Bəs nə üçün biz o ruhu qova bilmədik?»
29İsa onlara cavab verdi: «Bu cür ruhlar yalnız dua ilə çıxa bilər».
30Onlar oranı tərk edib Qalileyadan keçirdilər. İsa istəmirdi ki, kimsə bundan xəbər tutsun.
31Çünki şagirdlərinə təlim öyrədirdi. Onlara belə deyirdi: «Bəşər Oğlu insan əllərinə təslim ediləcək və Onu öldürəcəklər. Öldürüldükdən üç gün sonra O diriləcək».
32Lakin şagirdlər bu sözü başa düşmədilər və Ondan soruşmaqdan da qorxurdular.
33Onlar Kefernahuma gəldilər. İsa evdə olanda şagirdlərdən soruşdu: «Yol boyu nə barədə mübahisə edirdiniz?»
34Heç kim dillənmədi, çünki yol boyu öz aralarında kimin ən böyük olması barədə mübahisə etmişdilər.
35İsa oturub On İki şagirdi yanına çağıraraq dedi: «Əgər bir kəs birinci olmaq istəyirsə, hamıdan axırıncı və hamının xidmətçisi olsun».
36O, balaca bir uşağı götürüb şagirdlərin arasına qoydu və sonra uşağı qucağına alıb onlara dedi:
37«Kim Mənim adımla belə uşaqlardan birini qəbul edərsə, Məni qəbul edər. Kim Məni qəbul edərsə, Məni yox, Məni Göndərəni qəbul edər».
38Yəhya Ona dedi: «Müəllim, biz Sənin adınla cinləri qovan bir nəfəri gördük, amma bizim ardımızca gəlmədiyinə görə ona mane olduq».

Read Mark 9Mark 9
Compare Mark 9:7-38Mark 9:7-38