Text copied!
CopyCompare
Azərbaycan dilində Müqəddəs Kitab - Mark

Mark 8

Help us?
Click on verse(s) to share them!
1O günlər yenə böyük izdiham toplaşdı. Onların yeməkləri olmadığı üçün İsa şagirdləri yanına çağırıb dedi:
2«Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri yoxdur.
3Əgər onları evlərinə ac yola salsam, yolda taqətdən düşərlər. Onların bəzisi uzaqdan gəlib».
4Şagirdləri Ona cavab verdilər: «Kimsə bu çöllükdə haradan çörək tapa bilər ki, bu qədər insanı doydursun?»
5İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi».
6Onda İsa camaata əmr etdi ki, yerə otursunlar. Yeddi çörəyi götürdü və şükür edərək bölüb paylamaq üçün şagirdlərinə verdi. Şagirdlər də camaata payladı.
7Onların bir neçə kiçik balığı da var idi və İsa şükür duası edəndən sonra bunları da paylamağı əmr etdi.
8Camaat yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu.
9Orada dörd minə yaxın adam var idi. İsa onları yola saldı.
10O, şagirdləri ilə birlikdə dərhal qayığa minib Dalmanuta bölgəsinə getdi.
11Fariseylər İsanın yanına gəlib Onunla mübahisə etməyə başladılar. Onu sınamaq üçün istədilər ki, göydən gələn bir əlamət göstərsin.
12O, ürəyində dərin bir ah çəkib dedi: «Niyə bu nəsil əlamət axtarır? Sizə doğrusunu deyirəm: bu nəslə heç bir əlamət verilməyəcək».
13Sonra onları tərk edib yenə qayığa mindi və o biri sahilə tərəf üzdü.
14Şagirdləri çörək götürməyi yaddan çıxarmışdılar. Qayıqda onların yalnız bir dənə çörəyi var idi.
15İsa onlara xəbərdarlıq edərək dedi: «Ehtiyatlı olun, fariseylərin mayasından və Hirodun mayasından özünüzü gözləyin».
16Şagirdlər isə öz aralarında danışıb deyirdilər: «Bunu çörəyimiz olmadığı üçün deyir».
17İsa bunu bilərək onlara dedi: «Nə üçün çörəyinizin yoxluğundan danışırsınız? Hələ dərk etmirsinizmi, başa düşmürsünüzmü? Niyə ürəyiniz inadkardır?
18Gözləriniz ola-ola görmürsünüzmü? Qulaqlarınız ola-ola eşitmirsinizmi? Məgər yadınızdan çıxıb?

19Mən beş çörəyi beş min nəfərin arasında bölüb paylayanda yemək tikələrindən neçə zənbil doldurdunuz?» Onlar dedilər: «On iki».
20«Yeddi çörəyi dörd min nəfərin arasında bölüb paylayanda çörək tikələrindən neçə səbət doldurdunuz?» Onlar dedilər: «Yeddi».
21İsa onlara dedi: «Hələ başa düşməmisinizmi?»
22Onlar Bet-Saydaya gəldilər. Bəzi adamlar İsanın yanına bir kor adam gətirdilər və İsa bu adama toxunsun deyə Ona yalvardılar.
23İsa korun əlindən tutub kənddən kənara apardı. Sonra onun gözlərinə tüpürüb əllərini onun üzərinə qoydu və soruşdu: «Bir şey görürsənmi?»
24Kor yuxarı baxıb dedi: «Adamlar görürəm, ağaclara oxşayır, amma yeriyirlər».
25Onda İsa əllərini yenidən bu adamın gözlərinin üstünə qoydu. Kor adam gözlərini açıb baxdı. O şəfa tapdı və hər şeyi aydın görməyə başladı.
26İsa onu evinə göndərdi və dedi: «Kəndə belə, girmə».
27İsa şagirdləri ilə birgə Filip Qeysəriyyəsinin kəndlərinə tərəf yollandı. Yolda şagirdlərindən soruşdu: «Adamların dediyinə görə Mən kiməm?»
28Şagirdləri Ona belə cavab verdilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, peyğəmbərlərdən birisən».
29İsa onlardan soruşdu: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Peter Ona cavab verdi: «Sən Məsihsən».
30İsa şagirdlərinə qadağan etdi ki, Onun haqqında heç kəsə danışmasınlar.
31İsa onlara təlim öyrətməyə başladı: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd edilməli, öldürülməli və üç gündən sonra dirilməlidir».
32İsa bu sözləri aydın deyirdi. Peter isə Onu bir kənara çəkib etiraz etməyə başladı.
33Amma İsa dönüb şagirdlərinə baxdı və Peterə etiraz etdi: «Çəkil qarşımdan, Şeytan! Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən».
34İsa şagirdləri ilə birgə camaatı da yanına çağırıb belə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin.
35Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənimlə Müjdə uğrunda canını itirirsə, onu xilas edəcək.
36İnsana bütün dünyanı qazanıb canını itirməyinin nə xeyri var?

37İnsan öz canının əvəzinə nə verə bilər?
38Bu vəfasız və günahkar nəsil arasında kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Atasının izzəti içində müqəddəs mələklərlə birgə gələndə o adamdan utanacaq».