1Onlar gölün o biri sahilində yerləşən Gerasalıların diyarına getdilər.
2İsa qayıqdan düşən kimi qəbir mağaralarından natəmiz ruha tutulmuş bir adam Onunla qarşılaşdı.
3O, mağaralarda yaşayırdı və heç kim onu hətta zəncirləyərək saxlaya bilmirdi.
4Neçə dəfə ona buxov, zəncir vurmuşdular, lakin o, zəncirləri qırmış, buxovları parçalamışdı. Heç kəsin onu sakit etməyə gücü çatmırdı.
5Həmişə, gecə-gündüz qəbiristanlıqda, dağlarda çığırır və özünü daşlarla yaralayırdı.
6O, İsanı uzaqdan görəndə qaçıb Ona səcdə qıldı,
7bərkdən çığıraraq dedi: «Ey İsa, Allah-Taalanın Oğlu, məndən nə istəyirsən? Səni and verirəm Allaha, mənə iztirab vermə!»
8Çünki İsa ona demişdi: «Ey natəmiz ruh, bu adamdan çıx!»
9Sonra İsa ondan soruşdu: «Sənin adın nədir?» O cavab verdi: «Mənim adım Qoşundur, çünki biz çoxuq».
10Ruhları bu diyardan qovmasın deyə o, İsaya çox yalvardı.
11Orada – dağın yamacında böyük bir donuz sürüsü otlayırdı.
12Natəmiz ruhlar İsaya yalvardılar: «Bizi donuzlara göndər ki, onların içinə girək».
13İsa onlara izin verdi. Natəmiz ruhlar adamdan çıxıb donuzların içinə girdi. İki min baş heyvandan ibarət sürü də uçurumdan aşağı, gölə atılıb orada boğuldu.
14Donuz otaranlar qaçıb bu xəbəri şəhər və kəndlərdə yaydılar. Camaat nə baş verdiyinə tamaşa etməyə gəldi.
15Onlar İsanın yanına gəldilər, əvvəlcə bir qoşun cinə tutulmuş adamın geyinmiş və ağıllanmış oturduğunu görüb qorxuya düşdülər.
16Hadisəni görənlər cinə tutulmuş adamın başına gələnlər və donuzlar haqqında camaata söylədilər.
17İsaya yalvarmağa başladılar ki, onların bölgəsindən çıxsın.
18İsa qayığa minəndə əvvəlcə cinə tutulmuş adam Ona yalvardı ki, İsanın yanında qalsın.
19İsa ona izin vermədi, amma dedi: «Evinə, qohum-əqrəbanın yanına get, Rəbbin sənə etdiyi hər şeyi və sənə necə mərhəmət göstərdiyini onlara danış».
20Bu adam da gedib İsanın ona etdiyi hər şeyi Dekapolis bölgəsində yaymağa başladı və hamı heyrətləndi.
21İsa yenə qayıqla o biri sahilə keçəndə yanına böyük bir izdiham yığıldı. O, gölün sahilində idi.
22Sinaqoq rəislərindən Yair adlı bir adam gəlib İsanı görəndə ayaqlarına düşdü.
23Ona çox yalvarıb dedi: «Qızcığazım can üstündədir. Gəl əllərini onun üstünə qoy ki, sağalıb yaşasın».
24İsa da onunla birlikdə getdi. Ardınca böyük bir izdiham gedərək hər tərəfdən Onu sıxışdırırdı.
25Orada on iki il qanaxma xəstəliyinə tutulan bir qadın var idi.
26O, neçə həkimin əlindən xeyli əzab çəkmiş, bütün varını buna sərf etsə də, vəziyyəti yaxşılaşmamış, daha da pisləşmişdi.
27Bu qadın İsa haqqında eşidib izdihamın içindən keçərək Onun arxasından gəldi və Onun paltarına toxundu.
28Çünki bu cür düşünürdü: «Heç olmasa paltarına toxunsam, sağalaram».
29Dərhal onun qanaxması kəsildi və bildi ki, bədənindəki xəstəlikdən sağaldı.
30İsa dərhal bildi ki, Ondan bir qüvvə çıxdı və izdihamın içində dönüb soruşdu: «Paltarıma toxunan kim idi?»
31Şagirdləri Ona cavab verdilər: «Görürsən ki, izdiham Səni sıxışdırır. Necə soruşa bilərsən ki, Mənə toxunan kim idi?»
32Bunu edəni görmək üçün İsa ətrafa baxdı.
33Qadınsa özünə nə olduğunu bildi. Qorxudan titrəyərək gəlib İsanın ayağına düşdü və bütün həqiqəti Ona söylədi.
34İsa da ona dedi: «Qızım, imanın səni xilas etdi. Arxayın get və xəstəliyindən sağal».
35İsa hələ danışırdı ki, sinaqoq rəisinin evindən adamlar gəlib dedi: «Qızın öldü. Daha Müəllimi niyə narahat edirsən?»
36Lakin İsa bu sözə məhəl qoymayaraq sinaqoq rəisinə dedi: «Qorxma, yalnız iman et!»
37O, Peter, Yaqub və Yaqubun qardaşı Yəhyadan başqa heç kimi ardınca gəlməyə qoymadı.
38Onlar sinaqoq rəisinin evinə gələndə İsa çox hay-küy, ağlaşıb nalə çəkənlər gördü.
39İsa içəri girəndə onlara dedi: «Niyə hay-küy salıb ağlaşırsınız? Uşaq ölməyib, sadəcə olaraq yatıb».
40Onlar İsaya güldülər. Belə olanda İsa hamını bayıra çıxarandan sonra uşağın ata-anasını, Özü ilə gələnləri götürüb uşaq olan yerə girdi.
41İsa uşağın əlindən tutub dedi: «Talita qum!» Bunun mənası belədir: «Qızcığaz, sənə deyirəm: qalx!»
42On iki yaşlı qız dərhal qalxıb gəzməyə başladı. O an oradakılar tamamilə mat qaldı.
43İsa onlara qadağan etdi ki, bunu heç kəs bilməsin və sonra dedi ki, qıza yemək versinlər.