1Şənbə günü keçəndən sonra Məcdəlli Məryəm, Yaqubun anası Məryəm və Şalomit ətirlər aldılar ki, gedib İsanın cəsədinə çəksinlər.
2Həftənin ilk günü səhər tezdən, günəş doğanda onlar qəbirin yanına gəldilər.
3Onlar bir-birlərinə deyirdilər: «Görəsən qəbirin ağzındakı daşı bizim üçün kim kənara yuvarlayacaq?»
4Başlarını qaldırıb baxanda gördülər ki, daş kənara yuvarlanıb. Bu daş nəhəng idi.
5Qəbirə girib sağ tərəfdə ağ xalat geyinmiş bir gəncin oturduğunu gördülər və heyrətə gəldilər.
6Bu şəxs onlara dedi: «Siz heyrətlənməyin! Çarmıxa çəkilmiş Nazaretli İsanı axtarırsınız. O dirilmişdir! Burada yoxdur. Bax bu Onu qoyduqları yerdir.
7İndi isə gedin, Onun şagirdlərinə və Peterə belə söyləyin: “İsa Qalileyaya sizdən qabaq gedir. Sizə dediyi kimi Onu orada görəcəksiniz”».
8Qadınlar qəbirdən çıxıb qaçdılar. Onları bir lərzə bürümüşdü, mat qalmışdılar. Qorxularından heç kimə bir söz demirdilər.
9İsa həftənin birinci günü səhər tezdən, diriləndən sonra əvvəlcə yeddi cin qovduğu Məcdəlli Məryəmə göründü.
10Məryəm gedib İsanın yanında olub, indi isə yas tutaraq ağlayanlara xəbər verdi.
11Amma onlar İsanın diri olduğunu və Məryəmə göründüyünü eşidərkən inanmadılar.
12Bundan sonra İsa kənd yerinə gedən yoldan keçən onlardan ikisinə başqa surətdə göründü.
13Onlar geri qayıdıb o birilərinə xəbər verdilər, amma o biriləri də bunlara inanmadılar.
14Nəhayət, İsa süfrəyə oturan On Bir şagirdə göründü; onları imansızlıqlarına və ürəklərinin inadkar olduğuna görə məzəmmət etdi, çünki Onun diri olduğunu görənlərə inanmamışdılar.
15İsa şagirdlərinə dedi: «Dünyanın hər tərəfinə gedin, bütün yaradılışa Müjdəni vəz edin.
16İman edib vəftiz olan kəs xilas olacaq, iman etməyənsə məhkum olacaq.
17İman edənləri isə bu əlamətlər müşayiət edəcək: Mənim adımla cinləri qovacaqlar, yeni dillərdə danışacaqlar,
18ilanları əlləri ilə götürəcəklər, öldürücü zəhər içsələr belə, onlara təsir etməyəcək, əllərini xəstələrin üzərinə qoyacaq və onlar şəfa tapacaq».
19Beləcə Rəbb İsa onlarla danışandan sonra göyə qaldırıldı və Allahın sağında oturdu.
20Şagirdlərsə gedib hər yerdə Müjdəni vəz etdilər. Rəbb onlarla birgə işləyirdi, onları müşayiət edən əlamətlərlə kəlamı təsdiqləyirdi.